Ruhanidən təklif – İran və Azərbaycan arasında milli valyuta istifadə olunmalıdır
Bizimsesimiz.info // Tehrana ayaq basan Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.
Həsən Ruhani bu görüşdə İran-Azərbaycan münasibətlərinə işarə edərək, “Hazırda iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələr ən yaxşı səviyyədədir. Hər iki tərəfin ehtiyaclarını ödəmək məqsədilə iki ölkədəki potensial bacarıqları yaxşı şəkildə istifadə etməliyik”, -deyə bildirib.
Həsən Ruhani iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün bank sektorundakı problemlərin həll edilərək, gömrük sahəsində yeni güzəştlərin edilməsinin lazım olduğuna diqqəti çəkib.
İran və Azərbaycan arasında qarşılıqlı ticarətdə milli pul vahidindən istifadənin həyata keçirilməsinin lazım olduğunu qeyd edən Ruhani, energetika, dəmiryol nəqliyyatı, əkinçilik, sənaye, neft və qaz məsələsində ikitərəfli əməkdaşlığın təkan qazanmasının vacib olduğunu söyləyib.
Azərbaycan prezidenti İlham Əliyev də bu görüşdə iki ölkə arasındakı mövcud münasibətlərin yaxşı şəkildə davam etdiyindən dolayı duyduğu məmnuniyyəti dilə gətirib.
İlham Əliyev də İranı Üçlü Sədrlər Sammitinə ev sahibliyi etdiyinə görə təqdir edərək, “İran, Rusiya və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi bu ölkələrin nəqliyyat sahəsi ilə şimal-cənub dəhlizi məsələsində sahib olduqları əməkdaşlığın daha da genişlənməsinə yol açacaq”, -deyə söyləyib. //eastnews.org