Rus-erməni ordusu niyə yarandı? – YENİ TƏHLÜKƏ

Rusiya bütün beynəlxalq normaları çeynəyir və ayaqlar altına atır. Ermənistanla birləşmiş qruplaşmanın yaradılması Rusiyanın Cənubi Qafqazdakı siyasi ambisiyalarının göstəricisidir.

Bizimsesimiz.info enter.news- a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Ermənistanla Rusiya arasında birləşmiş qoşunların yaradılmasının Qarabağ münaqişəsinə birbaşa təsir edən amil olduğunu deyib:

“Açıq desək: bu, birbaşa Azərbaycan və Gürcüstanın əleyhinə çevrilmiş bir təhdiddir. Bu təhdid oyuncaq Ermənistandan istifadə etməklə, bölgədə süni gərginlik ocağı yaratmaq məqsədi daşıyır. Rusiya Müdafiə nazirinin müavini Nikolay Pankov və digər çıxış edənlərin timsalında bunu açıq-aydın müşahidə edirik. Deyə bilərik ki, Rusiya quldurluq siyasəti yeridir. Bu siyasətlə Ermənistanı da əlində alətə çevirib. Bu addım digər suveren dövlətlərin hüququnu tapdalamaq, yeri gəldikdə onların torpaqlarını işğal etmək və sözün əsl mənasında, neoimperialist siyasət yürütməkdir”.

Politoloq bildirib ki, bu qruplaşma tək Azərbaycan üçün deyil, bütün bölgə dövlətləri üçün də böyük təhlükədir:

“Bütün bölgə dövlətləri bu məsələni beynəlxalq təşkilatların gündəminə daşımalı, müzakirəyə çıxarmalı və Rusiyanın hərəkətlərinə qiymət verilməsini tələb etməlidirlər. Rusiyanın bu müqaviləni imzalaması ciddi hüquqi, siyasi, mənəvi əsasları olmadığından, region dövlətləri birləşməli və birgə addım atmalıdırlar”.

Qeyd edək ki, Rusiya Duması Ermənistanla Rusiya arasında birləşmiş qoşunların yaradılması haqqında müqaviləni ratifikasiya edib. Müqaviləyə əsasən, Rusiya və Ermənistan Birləşmiş Qruplaşması sülh zamanı Ermənistan Baş Qərargahına, müharibə zamanı isə Rusiyanın Cənub Hərbi Dairəsinə tabe olacaq.

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir