Rusiya da uşaq pulu qaydalarını dəyişdi, bəs Azərbaycan?

Natiq Cəfərli: “Azərbaycanda demoqrafik vəziyyət yaxşı olsa da, sosial vəziyyət pisdir”

Rusiyada uşaq pulu verilməsinin qaydaları dəyişib. Rusiya prezidenti Vladimir Putin demoqrafik siyasətlə bağlı yeni qaydaları təsdiq edib. Vladimir Putinin göstərişi ilə 2018-ci il yanvarın 1-dən hər yeni doğulan körpə bir il yarım müddətində aylıq müavinət alacaq. Orta hesabla bu, 10,5 min rubl təşkil edir. Prezident əlavə edib ki, 3 il ərzində bu rəqəm 114,5 milyard rubl vəsait aparacaq.

Qeyd edək ki, Rusiya yeni doğulan uşaqlara, hətta ikinci doğulan uşaqlara da əlavə 250 min rubla yaxın vəsait xərcləyirdi. Ancaq bu vəsait birbaşa pul şəklində yox, həmin ailənin sosial vəziyyətinin yaxşılaşdırılmasına və uşağın təhsil xərclərinə yönləndirilirdi. İndi aylıq müavinətin də tətbiq edilməsi yeni doğulan körpə valideynlərinə maddi baxımdan rahatlıq gətirəcək.

Azərbaycanda isə yeni doğulan körpələrə yalnız doğulanda bircə dəfə birdəfəlik 99 manat müavinət verilir. Əksər dövlətlərdə uşaqlara hansısa formada mavinət ayrılır. Azərbaycanda isə hansısa səbəbdən buna ehtiyac görülmür.

Məsələn, qonşu Türkiyədə yeni doğulan uşağa görə 300 TRY (141,57 AZN), ikinci uşağa 400 TRY (188,76 AZN), üçüncü və sonrakılara 600 TRY (283,14) birdəfəlik yardım edilir. Qız uşaqlarına 18 yaşına qədər 55 lirə, oğlanlara 50 lirə verilir.

Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. Keçmiş sovet respublikası olan Latviyada hər doğulan uşağa görə isə ailəyə 560 avro müavinət verilir. Avstriyada ailələrdə uşaqların sayı artdıqca dövlət də öz köməyini artırır. Burada ilk doğulan körpənin 10 yaşına çatana qədər ailəsi 130 avro, 19 yaşına qədər 153 avro alır. Dünyaya gələn ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda müavinət 27 yaşa qədər ödənir. Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.

ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər. Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır. İsveç hökuməti isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub. Finlandiyada hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir. Hindistan kimi əhalisi çox olan dövlətdə uşaq doğumunu stimullaşdırmaq aktual olmasa da hökumət azuqə çatışmazlığını nəzərə alıb hamilələr və südəmər körpələri olan qadınlara aylıq 99 dollar müavinət ayırmaq, eyni zamanda 14 yaşa qədər uşaqları büdcə hesabına isti yeməklə təmin etmək barədə qərar verib.

Azərbaycanda da aylıq uşaq pulunu bərpa etmək və yeni doğulanlara birdəfəlik ödənişin məbləğini artırmaq mümkündürmü?

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, aztəminatlı ailələrə belə bir yardımın olması çox yaxşı olardı: “Rusiyada doğuş azalıb, hətta ölüm doğuşu üstələyib. Bütün beynəlxalq hesabatlarda da qeyd olunur ki, bu cür davam etsə, 2050-ci ilə qədər Rusiya əhalisinin indiki 145 milyonda 100 milyona qədər azalması ehtimalı da var. Bunu nəzərə alan Rusiya hökuməti təşviq proqramları həyata keçirib. Yeni doğulan uşaqlara, hətta ikinci doğulan uşaqlara da əlavə 250 min rubla yaxın pul verir. Bu vəsait birbaşa pul şəklində yox, həmin ailənin sosial vəziyyətinin yaxşılaşdırılmasına, yəni ipoteka kreditlərinin ödənilməsinə və uşağın təhsilinə yönləndirilir. İndi yeni qaydaya görə də doğulan hər bir uşağa ayrıca müavinət də veriləcək. Bu, ailələrə böyük dəstək verir. Digər qonşu ölkələrə nisbətən Azərbaycanda demoqrafik vəziyyət çox yaxşı olsa da, sosial vəziyyət pisdir. Sosial vəziyyəti ağır olan ailələrə belə bir yardımın olması təbii ki, çox böyük bir dəstək olardı. Çünki uşaqların, əsasən də körpə uşaqların aylıq xərcləri kifayət qədər yüksəkdir. Bir çox hesablamalar onu göstərir ki, hətta uşağa yaşlı insandan çox xərc tələb olunur. Çünki onun saxlanma şəraiti, xüsusilə yeməkləri, tibbi xərcləri ilə bağlı bir çox xərclərin olması ailələrə çox böyük maddi yük olur. Buna görə də düşünürəm ki, Azərbaycanda da müəyyən təbəqəli insanlara, o cümlədən aztəminatlı, yoxsulluq həddində yaşayan insanlara belə bir yardımın olması təbii ki, çox yaxşı olardı”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir