Rusiya qadağan etdi, bəs Azərbaycan?

Bizimsesimiz.info // Rusiyanın Ali Məhkəməsi “Yehova şahidləri” adlı təriqətçi (sektant) xristian  təşkilatının appelyasiya şikayətini təmin etməyərək aprel ayında çıxardığı qərarı qüvvədə saxlayıb.

Belə ki, “Yehova şahidləri” ekstremist qurum hesab edilib və onun Rusiya Federasiyası ərazisində fəaliyyəti tamamilə qadağan olunub. Rusiya ərazisində sektaya aid 900-a yaxın mərkəzin əmlakı isə dövlətin xeyrinə müsadirə edilib.

Xatırladaq ki, sözügedən təşkilat Azərbaycanda rəsmi qeydiyyata malikdir. Amma hər zaman belə olmayıb. Uzun müddət Azərbaycan bu təşkilatı qeydə almaqdan imtina edirdi. Lakin ABŞ Senatının  və senatorlarının, bir çox Qərb təşkilatlarının davamlı təzyiqləri nəticəsində bu qadağa aradan qaldırılıb və 2001-ci ildə “Yehova şahidləri” rəsmi qeydiyyata alınıb, bu günə qədər də qeydiyatdadır. O zamandan bu təşkilatla dövlət qurumları və DQİDK arasında bir çox məsələlər üzrə gərginlik və fikir ayrılığı yaranıb, iş hətta məhkəmələrə qədər gedib çıxıb.

Məsələ burasındadır ki, təşkilatın üzvləri fəal missioner fəaliyyəti həyata keçirir, daim sıralarına digər dinləri təmsil edənləri qatmağa can atır, xüsusən uşaq və yeniyetmələri hədəfə alır və bu zaman ölkə qanunlarına riayət etmək də istəmirlər. Bundan əlavə, “Yehova şahidləri” dünyada mövcud olan bütün digər inancların və dinlərin İblisdən qaynaqlandığını və təşkilata üzv olmayanların Allahın düşməni olduğunu təlqin edir, dövlət atributlarına hər hansı bir hörmət əlamətinin təzahürünü, seçkilərdə iştirakı, vətənə silahlı təcavüz zamanı onun müdafiəsinə qalxmağı, dövlət bayramlarını və insanın fərdi həyatında digər əlamətdar günlərin qeyd olunmasını, qan köçürülməsini, həmçinin normal insanların qəbul etdiyi bir sıra digər davranışları qadağan edir və bu barədə istər ədəbiyyatlarında, istərsə də moizələrində açıq çağırışlar da edirlər.

Göründüyü kimi, təkfirçilik, dözümsüzlük və ayrıseçkilik bu təşkilatın təməl prinsiplərindəndir. Bu isə Azərbaycan Respublikasının qanunlarının bir neçə maddəsinin pozulması deməkdir. Odur ki, istər-istəməz meydana belə bir sual çıxır: əgər xristian Rusiyada “Yehova şahidləri”nin fəaliyyəti qadağan edilirsə, əcəba müsəlman Azərbaycanda da oxşar addımın atılmasının zamanı çatmayıbmı? // islam.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir