Rusiyanın yaxın gələcəyi necə görsənir

Bizimsesimiz.info // Müsəlmanların Arakanda kütləvi şəkildə öldürülməsi və köçə tabe tutulması Rusiya müsəlmanlarını qəzəbləndirdi. Onlar Qroznı meydanında və Moskvada Birma səfirliyi önündə aksiyalar keçirərək, Rusiyanın buna mane olmasını tələb etdilər. Rusiya hakimiyyətinin bu aksiyalara münasibəti olduqca əhəmiyyətlidir.

Rusiyada hazırda mövcud olan siyasi ideologiyalara nəzər saldıqda, bunların şahidi oluruq:

Rusiyanın əsas ənənəvi ideologiyası imperializmdir. Hazırki hakimiyyət əsasən bu xətti götürübdür. İkinci ideologiya liberalizm, yəni qərb dəyərləridir. Liberalizm Rusiya cəmiyyətinin bütün sferalarında sürətlə yayıldığı üçün, imperializmin dayaqlarını əksər hallarda sarsıdıbdır. Başqa şəkildə desək, imperializm liberalizmin mütəmadi hücumları nəticəsində çox-çox zəifləmişdir.

Kommunizm Rusiyada mövcud olsa da, Sovet dövründəki qüdrəti qalmayıbdır. Bunun da səbəbi, yenə, Qərbin libaralist və demokratik dəyərlərinin Rusiyada möhkəmlənməsindən irəli gəlir. Kommunizm ideologiyası hazırki hakimiyyət tərəfindən çox gözəl dərk edilir ki, bu ideologiyanın XXI əsrdə heç bir perspektivi yoxdur.

Rusiyada günü-gündən güclənməkdə olan ideoloji cərəyan isə əlbəttə ki, İslamdır. Arakan ilə bağlı son hadisələr göstərdi ki, İslamın perspektivi Rusiyada yaxın gələcəkdə daha da artacaqdır. Yüz minlərlə insanın Qroznıda mitinq keçirməsi və bu mitinqin Çeçenistan rəhbərliyi tərəfindən təşkil edilməsi Rusiya üçün fövqalədədir deyə bilərəm. Bu mitinqi yalnız liberal müxalifətin Moskvada keçirtdiyi son izdihamlı mitinqlə müqayisə etmək olar. Diqqətdən qaçmayan məqamlardan biri də liberalların mitinqinin polis tərəfindən dağıdılması, Qroznı mitinqinin isə maneəsiz baş tutmasıdır. Mitinqdə Rusiyanın rəsmi mövqeyinin nə olduğu hələ tam məlum olmadığı halda, mitinq iştirakçıları Myanmanın bayrağını da yandırdılar. Üstəlik, Putinə bəyanat da ünvanladılar. Deyə bilərsiniz ki, bu mitinq ki Çeçenistan paytaxtında baş tutubdur. Ölkə iqtidarı o respublika əhalisinin müsəlmanlar olduğunu nəzərə aldığı üçün reaksiya bildirmir. İş orasındadır ki, müsəlmanlar oxşar aksiyanı Moskvada Myanma səfirliyinin qarşısında da keçirtdilər. İş o yerə çatıb ki, Çeçenistan prezidenti Ramzan Kadırov Rusiya hakimiyyətinin rəsmi mövqeyinin bu məsələdə onun şəxsi qənaətini dəyişməyəcəyini açıq şəkildə dilə gətirdi. (Açığı, mən R. Kadırovun Moskva ilə razılaşmadan bu qədər cəsarətli addımlar atmasına inanmıram.)

Mitinqləri xəbər mövzusu edən Rusiya telekanalları nəinki, islam və müsəlmanlar əleyhinə bir söz dedilər. Əksinə, bu mitinqlər sayəsində Arakan kimi bir faciədən xəbəri tutduqlarını da qeyd etdilər.

Bu yaxınlarda Rusiya İslam Əməkdaşlıq Təşkilatına üzv olmağa hazırlaşır. Deməli, Rusiyada baş verən son prosseslər heç də təsadüfi deyildir. Rusiya çox gözəl başa düşür ki, təşkilata üzv olduqdan sonra müsəlman ölkələri Rusiyanın İslam ölkələrinə münasibətinə və bu cür faciələrə hansı reaksiyanı göstərəcəyinə diqqət edəcəklər. Və Rusiya əsla çətinliklə qəbul edildiyi qurumdan tezliklə qovulmağını heç vaxt arzu etməz. Deməli, Rusiyanın fərqli siyasət seçəcəyini proqnozlaşdırmaq mümkündür.

Vladimir Putin başa düşür ki, liberalizm ilə mübarizədə uduzacaqsa, Rusiya Avropa İttifaqına üzv ediləcəkdir. Bu da Rusiyanın sonu olacaqdır. Bu Putinin zamanında baş verməsə də, nə vaxtsa mütləq baş verəcəkdir. Çünki, libaralizm, yəni Qərb dəyərləri bütün dünyanı olduğu kimi, Rusiyanı da öz ağuşuna alıbdır. Nemtsovlar, Navalnılar gec-tez hakimiyyətə gələcəklər. Ən əsası, liberalistlərin imperialistlərlə müqayisədə yetərincə, sosial bazası var.

Belə olduğu təqdirdə, hakimiyyətin İslamçılara Moskvanın ortasında mitinq keçirməyə icazə verməsi başa düşüləndir. Və islamçılarla ortaq düşmənləri liberalistlərə və onların hamiləri olan Qərb dövlətlərinə qarşı birgə çıxışı indidən görsənir. Yaxın gələcəkdə, Rusiyanın daxili və xarici siyasətində dəyişiliklərin ola bilməsi ehtimalını gözlənilən hesab etmək olar. Ələlxüsus, Rusiyanın İslam Əməkdaşlıq Təşkilatına üzv olması bu prossesi daha da sürətləndirəcəkdir.

Taleh Hüseynli

2 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir