Şəhriyar Məmmədyarov sponsorsuzluqdan şikayətləndi
Ötən gecə ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinquefield Cup” turnirinin VII turunda Norveçli Maqnus Karlsenlə qarşılan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov görüş barədə təəssüratlarını “Facebook” hesabı vasitəsilə paylaşıb.
Qaynarinfo xəbər verir ki, Məmmədyarov görüşün çətin keçdiyini, 5 saatdan çox davam etdiyini dilə gətirib və çox yorulduğunu qeyd edib. Qrossmeyster həmçinin maddi səbəblərə görə həddindən çox oyun keçirmək məcburiyyətində qalmağından, sponsorsuzluqdan şikayət edib və yarışlara öz hesabına qatıldığını vurğulayıb:
“Karlsenlə 5 saatdan çox oyun oynadım və açığı çətin mübarizə oldu. Debütdən üstünlüyüm var idi, sonra bir az pis vəziyyət aldım və rəqim 5 saat udmağa çalışdı. 1 səbəbə görə… Bir daha 40-45 günlük turnirlərə son qoyacam, gərək az oynayıb özümdə güc saxlayım. Bu, əlbəttə ki, biabırçılıqdı bu qədər arxa-arxaya oynamaq…Bu gun jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım deyim ki, pul! Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsuru yoxdur və hətta bütün yarışlara öz hesabıma qatılıram. Burdakı insanların hamısının sponsoru var. Çox heyf, amma şahmat belə məni bezdirir! Yorulmuşam! Sabah yenə oynamaq lazımdıl! Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdu, amma heyf ki, gücüm sonsuz deyil. Bir gün mən, o Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər sadəcə mənasız qalacaq. Təşəkkürlər diqqətə görə”.
Qeyd edək ki, Məmmədyarov-Karlsen görüşü heç-heçə ilə yekunlaşıb.
