“Sənin kimi namuslu hərəkatçılar dərman almağa pulu olmadığına görə dünyasını dəyişib”

Qurban bəylə xatirələrimiz çoxdur, ama kişilik məktəbinin, dostluğa sədaqətin əsl nümunəsini, gözünü də qırpmadan millət,vətən,dövlət uğrunda ölümə gedən Qurban bəylə bir xatirəmizi dostlarla bölüşmək istədim.

1993-cü il avqust ayının 18-i anamın xəstəliyi ilə əlaqədar Qubadlıdan Bakıya gəlmişdim. AZtv,axşam saat 10-00 xəbərlər buraxılışında xəbər verdi ki, Fizuli rayonunun Horadiz qəsəbəsi istiqamətində rus-erməni hərbi biləşmələri Qubalıya gedən yegənə yolu bağlayıb, nəticədə,Cəbrayıl, Zəngilan, Qubadlı rayonları mühasirə vəziyyətindədir. Xəbər məni təlaşa saldı və hansı yolla olursa-olsun özümü Qubadlıya çatdırmaq üçün yollar aramağa başladım. Qardaşım rəhmətlik Murad,Cəbrayıl rayonunda döyüşdə olduğundan, ondan sonra ağlıma ilk gələn Qurban bəy oldu. Bir başa yollandım onların evinə.Nəsimi bazarının yaxınlığında,20 kvadrat metrlik mənzildə 3 uşağı ilə yaşayan Azərbaycan Respublikası Neft Şirkətinin Mühafizə İdarəsinin rəisi Qurban bəyin evinə gəldim.Qapını döydüm,qapını üzümə özü açdı. AZtv-dən verilən xəbər barədə danışmaq istədim, xəbərdar olduğunu dedi. Ona öz vəziyyətimi, maşınsız silahsız olduğumu və rayonda olub bitəcəkləri izah edərək dedim ki, əgər mən sabah rayonda olmaramsa, hakimiyyəti qəsb etmiş qiyamçıların rayondakı əlaltıları haqqımda yaydıqları şaiəyələri bir az da genişləndirib camaata “Gördünüz rayonu qoyub qaçıb” deyəcəklər, camaatımız arasında çaşqınlığı artıracaqlar, bu da rayonunun erməniyə təhvil verilmə təhlükəsini artıra bilər. Bunun üçün də nəyin bahasına olursa-olsun mən rayona getməliyəm. Qurban bəydən xahiş etdim ki, xidməti “Niva” maşınını bir də, “TT” markalı xidməti tapançasını da mənə versin ki, mən yola düşüm.Xidməti tabel silahını başqasına vermək, məsuliyyət tələb etdiyi kimi, həm də cinayət əməlidir. Nə etmək olardı, başqa yolumuz yoxudu. Dedim ki, qardaş əgər sağ qalaramsa, sənin əmanətlərini qaytaracam. Yox əgər başıma bir iş gəlsə, məsuliyyətdən müəyyən mənada yaxa qurtarmaq üçün deyərsən ki, Aydın mənim etibarından sui-istifadə edib, maşınımı da, silahımı da götürüb qaçıb. Qurban bəy məni, mühasirə vəziyyətinə düşmüş Qubadlıya tək buraxmayacağını, özünün də mənimlə gedəcəyini dedi və mən nə qədər razılaşmasam da, o ” Mənim kişiliyim yol verməz ki, dostumu öz əlimlə ölümə yola salım. Heç üz vurma öləcəyiksə də, sağ qalacayıqsa da bir yerdə olmağımız doğru olar. Sənin başına bir iş gəlsə, mən bunun vicdan əzabını çəkə bilmərəm, onda gərək özüm öz başıma bir güllə vuram”. Çox mübahisə etməyimizə baxmayaraq Qurban bəy razılaşmadı və mənimlə danışa-danışa yır-yığışını da edirdi. Nəhayət, Qurban bəyin xidməti maşını ilə üzü Qubadlıya yola çıxdıq. Gecədən xeyli keçmiş, Daşburunla Horadizin arasında olan və mənim əvvəldən bildiyim hərbi yoxlama-buraxılış postuna çatdıq, postda heç kim yox idi.Bu bizi bir az da diqqətlə yolumuza davam etmək üçün xəbərdarlıq,şübhələrimizin artmasına səbəb idi. Horadiz ərazisinə girəndə, müəyyən məsafəni qət edənə qədər maşının faralarını söndürüb yolu müşayiət edə-edə irəlilədik.Gecənin vaxtsız saatları idi yolda heç bir hərəkətə rast gəlmirdik.Birdən uzaqdan bir maşın gəldiyini gördük. Maşınımızı yoldan kənara çıxardaraq gizlədib yolun kənarında görünməz yerdə mövqe tutduq ki, gələn maşını müşahidə edə bilək. İkimizin bir ədəd TT markalı tapançası, bir daraq da patronu var idi. Qurban bəy maşını idarə etdiyinə görə, hələ Bakıda silahı da mən götürmüşdüm.Uzaqdan gələn”UAZ” markalı maşın və içərisində də hərbiçilər gəlib keçdi, ama dövlət nömrə nişanı olmadığına, havanın qaranlıq olduğuna görə, maşının kimə məxsus olduğu, hərbiçilərinsə, bizim və ya düşmən tərəf olduğunu müəyyən etmək çətin oldu. Qərarlaşdıq ki,hava işıqlanana qədər ermənilər tərəfindən bağlanmış ərazini-mühasirəni ancaq piyada olaraq geçək.Horadiz ərazisini, yəni ermənilərin bağladığı məsafəni nə yolla olursa-olsun keçib Qubadlıya getməliydik.Hər halda dövlət televiziyasının verdiyi xəbərə görə biz belə düşünməliydik və ehtiyatımızı əldən verməli deyildik.Maşının yerini daha da etibarlı göz görməz yerə dəyişib gizlətdik və asvaltla yolumuzu davam etdik. Havanın işıqlanmağına az qalırdı deyə, məsafəni qaranlıqkən keçə bilmək üçün qaçaraq getməyə qərarlaşdıq. Hardasa 4-5 km kimi getmişdik ki,uzaqdan Horadizin yolayrıcına çatmamış, yolda bir qaraltının olduğunu hiss etdik.Bir az da yolun alt hissəsi ilə ehtiyatla qaraltıya yaxınlaşdıq. Hava azacıq işıqlanmağa başladığına görə bunun yük maşını olduğunu asanlıqla görə bilirdik.Bir az da yaxınlaşanda maşının Azərbaycan Milli Ordusuna məxsus “ZİL-131” markalı maşın olduğunu aşkar etdik. Maşının arxa tərəfindən kimlərinsə danışdığını duyurduq. Qurban bəyə dedim ki, sən dur, mən orda kimin olduğunu öyrənim, əgər bizimkilərdisə heç, ermənilər olsa baxaq neyləyə bilərik. Burda da Qurban bəy, dost sədaqətini nümayiş etdirib “Aydın icazə ver yoxlamaya mən gedim. Başına bir iş gələr, şərəfsizlər deyər ki, elə rayonu qoyub qaçırmış yolda güllələyiblər”.Məndə razılaşmaq istəmirdim ki, yox mən daha təcrübəliyəm ikimizə də bir tapançamız var, həm də maşın qalıb arxada əgər bir şey olsa yalın əllə ortaya çıxıb heç nə edə bilmərsən, başımıza da gələnlərdən heç kimin xəbəri olmaz, səssizcə qayıt maşını götür qayıt Bakıya.” ZİL-131″ lə ara məsafəmiz 35-40 metr olardı,birdən bir nəfərin bizim dilimizdə kimisə hündürdən söyərək “ə sənin su gətirməyin nə uzun çəkdi”dediyini eşitdik. Yenə də ehtiyatla lap yaxına gəldik və gördük ki, 3 nəfərdilər. Sonra məlum oldu ki, bunlar 702 saylı briqadanın hərbiçiləridi,maşınlarının radiatoru deşilibmiş suyu saxlamırmış.Neçə gündür yuxusuz yorğun olduqlarına görə maşında yatıbmışlar və maşına su töküb Beyləqana getmək istəyirlər. Ötən axşam AZtvdən rayonların mühasirəyə düşməyilə bağlı verilən xəbərə münasibətdə isə, ” Xəbərimiz oldu o,xəbəri hansı namussuzlar verdirir bilmirik. Ama camaatı möhkəm təşvişə salıblar.O Bakıda oturan şərəfsizlər camaatı qorxuya salıb çıxartmaq fikrindədirlər” Nəyisə, vəziyyəti bunlardan öyrəndik, Qubadlıya kimi yolun açıq olduğuna, hələ heç bir ciddi təhlükənin olmadığını, ama bütün sərhəd boyu döyüşlər getdiyini öyrəndik.Onlarla geri dönüb öz “Niva” mızı minib üzü Qubadlıya yolumuza davam etdik. Qubadlı ərazisində, Xocahan kəndindəki hərbi komendaturanın postundan keçəndə, əsgərlərlə adətim üzrə hal-əhval tutdum.Mənim Bakıdan gəldiyimi eşidəndə hamısı bir-birinin üzünə baxdı və “Necə ola bilər, bəs axşam televiziyada məlumat veriblər ki, Horadizdən yolu ermənilər kəsib. Camaat təşviş içindədir.” dedilər.Bizdə, “gördüyünüz kimi yalan məlumatdır” dedik və üzü rayona yola düşmək istəyərkən, postdakı əsgərlər məyus halda mənə vərdişləri üzrə, “Cənab komendant, rayonda sizin haqqınızda əclaflar xoşagəlməz şayələr yayırlar. (Yeri gəlmişkən Hərbi qornizonu mən yaratmışdım və ilk komendant da özüm olmuşdum. Məni iyulun 16-da komendantlıqdan azad edib rayonu tərk etməyimi xahiş etmişdilər, bu haqda başqa vaxt ) Sərhədlərdə döyüşlər gedir vəziyyət günü gündən ağırlaşır. Camaatı qorxuya salırlar.Mən də onlara,”Siz belə şeylərə fikir verməyin, xidmətinizi ləyaqətlə aparın,ayıq-sayıq olun ki, rayonun təhlükəsizliyini saxlaya bilək” dedim və rayon mərkəzinə yola düşdük. Bir başa cəbhənin qərargahına gəldik. Qurban bəy vəziyyətin gərginliyini və mürəkkəbliyini görüb,mənə “Qardaş mən rayonda vəziyyət düzələnə qədər səninlə qalacağam, səni bu odun alovun içində qoyub gedə bilmərəm”deyib təkid etsə də mən razılaşmadım. Onunla vidalaşırdıq kimi bir-birimizə sarıldıq.Ona, anamı tək qoyma,ona tez-tez baş çək dedim.Bir də dedim ki,Muraddan da xəbər yoxdur., ama anama de ki, Aydın da Murad da yaxşıdır. Onu Bakıya yola salıb Qərargaha qalxdım….

Həyatını riskə atıb mənimlə ölümə yollanan belə bir vətən fədaisi olan Kişi haqqında nanəciblər, “Aydın bir ağ “Niva” ilə təxribat aparırdı deyə şayə yayıb camaatı çaşdırırdılar…Hansı ki, əvvəllər Qubadlının çətin vaxtlarında dəfələrlə köməyə gəlmiş Qurban bəy, həmən vaxt rayon ərazisində üst-üstə bir saat da olmayıb, bir qurtum su da içmədən geriyə, Bakıya qayıtmışdı… Allah sənə rəhmət eləsin qardaş !

Qurban bəy, həm səni, həm də Azərbaycan Milli Azadlıq hərəkatının sənin kimi namuslu insanlarını, nə vətən övladları, nə canından çox sevdiyimiz xalqımız,nə də tarix unutmayacaq.

Qurban bəy, sənin Azərbaycan Neft Şirkətinin indiki həmkarının kim olduğunu, adını n nə olduğunu bilmirəm, ama yəqin bilirəm ki, o kimdisə,sənin kimi 5 baş ailəsi ilə 20 kvadratmetrlik xosma gecəqondu mənzildə yarı ac, yarı tox vəziyyətdə yaşamır.

Qurban bəy, onu bilirəm ki, sənin o həmkarının vətən,millət,dövlət qarşısında heç bir xidməti yoxdur.

Qurban bəy, bilirəm ki, sən xəstəlikdən əziyyət çəkəndə, müstəqil olması üçün uğrunda can qoyduğun dövlətimiz sənə yardım etmədi.

Qurban bəy, onu bilirəm ki, onlarla sənin kimi namuslu hərəkatçılar dərman almağa pulu olmadığına görə dünyasını dəyişib.

Qurban bəy, bilirəm ki, uğrunda canını fəda elədiyin torpağı da dəfn olunmağın üçün sənə pulla satdılar.

Allah sənin yerini behişt, məkanını cənnət eləsin qardaş ! Allah sənə rəhmət eləsin sədaqətli dost !

Aydın Şükür.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.