Əzizim balabanı,

                Asta çal balabanı.

                Hamının balası gəldi,

                Bəs mənim balam hanı?

        Bu qədim el bayatısında adı keçən milli musiqi alətimiz balabandır.

Hər bir xalqin dünya mədəniyyəti xəzinəsinə verdiyi özünəməxsus töhfələri vardır ki, bunlar həmin xalqin milli sərvəti sayılır. Milliliyin təsdiqi olmaqla bərabər həm də dünyəviləşən belə dəyərlərimizdən biri də qədim çalgı alətimiz balabandır. Balaban bu gün Cənübi Qafqaz və Orta Asiyanın bir çox xalqları tərəfindən istifadə olunan nəfəsli musiqi alətidir.

Balabanın tarixi çox qədimlərə dayanır. Azərbaycan ərazisində Mingəçevir qədim yaşayış məskənində tapılan, eramızdan əvvəl 1-ci əsrə aid sümükdən hazırlanmış nəfəsli musiqi aləti balabanın prototipi – lik örnəyi sayılır. Digər tədqiqatçıların araşdırmalarına görə isə balabanın 4-5 minillik yaşı var. Arxeoloqların Ucarın Bərgüşad kəndi yaxınlıgında yerləşən Qaratəpə adlanan ərazidən tapdıqları gümüş üzüyün üzərində də göy rəngli qaşla balaban ifaçısının cizgiləri həkk olunub. Bu çalğı alətinin adına qədim oguz abidəsi “Kitabi Dədə Qorqud” dastanında, klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.

XI əsrdə yaşamış Azərbaycan şairi Qətran Təbrizi divanının  bir neçə yerində bu musiqi alətinin adını çəkib. Azərbaycanın dahi musiqişünası Ədbülqadir Marağalının əsərlərində də balabanın adına rast gəlinir. Bu cür mənbələr başqa heç bir xalqda yoxdur.

O dövrün balaban ustalarının adı, təəssüf ki, dövrümüzə gəlib-çıxmayıb. XVI əsrdə yaşamış Azərbaycanlı şair, tarixçi İsgəndər Münşi öz əsərlərində Ustad Əsəd, Ustad Hüseyn və Şahməmməd Surnayi kimi zurna ifaçılarının adını qeyd edir. Zurna çalanların ilkin öyrəndiyi alət isə balaban olurmuş. Deməli, onları həm də balaban ifaçıları saymaq olar. Balabanın Azərbaycanın milli musiqi aləti olmasına dair daha bir sübut isə rusiyali rəssam Qriqoriı Qriqoryeviç Qaqarinin çəkdiyi rəsm əsəridir. Əsərdə XIX əsrin ortalarında Şamaxıda fəaliyyət göstərən Mahmud Ağanın məclisləri və balaban ustası Murad Mirzalıoğlu təsvir olunur. Çagdaş Azərbaycan zurna balaban məktəbinin yaradıcısı isə yastı balaban ustası Əli Kərimov olmuş, bu mahir zurna-balaban ifaçısı tarixdə Kalvalı Əli Dədə adı ilə iz qoymuşdur.

Musiqi tariximizdə nəfəsli alətlərdən olan zurna-balabanın xüsusi yeri var. Yüzilləri aşıb gələn bu sənət xalqın ruhunu, döyüşkənliyini, inamını çox gözəl ifadə edir. Zurna aləti, zurna çalğısı əslində milli duyğularımızın, döyüşkənliyimizin haray səviyyəsində musiqi dililə yetkin ifadəsidir. Qara zurnanın, yastı balabanın səsi, avazı gələndə ruhumuz təzələnir, bütünluklə yenidən köklənir. O ki qaldı Kalvalı Əli Dədənin bənzərsiz sehrli ifası ola. (Əli Dədənin ifasında musiqi səslənir.)

Bu səs möcüzəli, ruhani səsdir. Bu səs əski türk yurdu oğuz ellərindən ucalan ulu babalarımızın səsidir və həmişə bizimlədir. Demək, soy yaşayır, türk ulusunun zurna kimi böyük dəyəri itmir. Bu çalğıda türkün qədimliyi, mübarizə əzmi, döyüşkən ruhu duyulur, eşidilir.

  El arasında bu alətə “yastı balaban”, “balaman”, “mey” də deyilir. Balaban sözü “kiçik” mənasını verən türkcə “bala” və “səs”, “ün” mənasında işlədilən “ban” sözlərinin birləşməsindən yaranıb. Yumşaq və həzin səsə malik balabandan ansambl və orkestrdə solo aləti kimi istifadə edilir. Bəzən aşıqların ifası da balabanla  müşayət edilir.

  Balaban qədim musiqi aləti ərik, qoz, tut və ya armud ağacından hazırlanır. Uzunluğu 28-30 sm. olmaqla arxasında bir üzərində 8 dəlik açılır. Qamışdan hazırlanmış müştük taxılır və onun üzərinə keçirilmiş qısqaç vasitəsilə alətin səsi tənzimlənir. 8, 10 pərdəli növləri Azərbaycanda və Türküstanda geniş istifadə olunur. Ölçüsünə və səslənməsinə görə balabanın bəm, dəm, zil, adi, aşıq, solo, ansambl, cürə kimi növləri var.

Balabanın fərdi ifaçılıq xüsusiyyətinə diqqət yetirən məhşur bəstəkarlarımız bundan istifadə ediblər. Üzeyir Hacıbəylinin “İkinci fantaziya”, Müslüm Maqomayevin “Azərbaycan çöllərində”, Hacı Xanməmmədovun “Simfoniyetta” və bir sıra digər əsərlərdə balabanın solo ifasına geniş yer ayrılıb.

İnsanın daxili aləmini, onun həzin duyğularını – sevgisini, həsrətini, könül fəryadını balaban qədər məhrəm və mənalı ifadə edən ikinci musiqi aləti tapmaq çətindi. Onun səsindəki həzinlik, inilti insanın könül pıçıltıları, qəlb sızıltıları ilə eynidir. Qərb musiqişünasları “balaban səsi insan səsinə çox yaxın yeganə musiqi alətidir” deyiblər. Balaban insanın daxili dünyasındakı səsi, ahəng çalarlarını daha dəqiq ifadə edir, bəşər övladına həm sirdaş olur, həm də son ucu ölümlü dünyanın dərdlərini daşımaga, onları ovundurmaga təkan verir.

Qədim xalq musiqilərimizin, el havalarımızın, muğamlarımızın, o cümlədən, bəstəkar mahnılarımızın balabanda təkrarolunmaz ifaları vardır. “Sarı gəlin”, “Vağzalı”, “Mirzəyi”, “Uzundərə”, “Heyvagülü”, “Gözəlim sənsən”, “Sən gəlməz oldun” dediyimizdə balaban ifası yada düşür.

Balaban Azərbaycan musiqisində 7 əsas muğamdan biri sayılan  Segah pərdəsi üzərində quruldugu üçün onun mahir ifaçıları da, sözsüz ki, ruhları muğamla yoğrulmuş Azərbaycan türkləri sayılırlar.

Azərbaycanda bu alətin çoxsayli və mükəmməl ifaçıları olub. Bu gün Şirzad Fətəliyev, Əlixan Səmədov, Rafael Əsgərov və adlarını çəkə bilmədiyimiz bir çox peşəkar gənc balaban ifaçıları dünya səhnələrində Azərbaycan el havaları, xalq və bəstəkar mahnılarını balaban səsində ucaldır və sevdirirlər. (Əlixan Səmədovun ifasında bir musiqi parçası.)

Azərbaycan torpaqlarının bir qismini ələ keçirən ermənilər musiqimizi, mahnılarımızı, rəqslərimizi, çalğı alətlərimizi də işğal etmək  niyyətindədir. Türkün bir çox milli mədəniyyət nümunələri kimi balabanı da hədəfə alıblar.

Milli musiqi sərvətlərimiz olan çalgı alətlərimiz, qədim el havalarımız, mili elementlərini bu günə qədər qoruyub saxlayan rəqslərimiz, təkrarolunmaz xalq mahnılarımız, muğam və aşıq sənəti min illərin süzgəcindən keçərək bu günümüzə qədər gəlib-çatıb.

Böyük türk dünyasının zəngin mədəniyyətinə tarix boyu əl uzadanlar çox olub. Bu zəngin irsi nəhəng, köklü bir ağaca bənzətsək, daş atanlar yalnız onun kiçik meyvələrindən bəhrələnə biliblər. Ağac isə öz kökü üzərində əsrlər boyu durduğu kimi bu gün də durur. //  Gülparə Bayram

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here