Səudiyyənin Yəmənə hücumları nəticəsində 12 min yəmənli həyatını itirib
Bizimsesimiz.info // Üç il ərzində 12 min Yəmənli həyatını itirib, 21 mindən çox insan yaralanıb.
SalamNews “MehrNews”ə istinadən xəbər verir ki, Beynəlxaql hüquq təşkilatlarının Yəməndə apardıqları araşdırmalardan müəyyən edilib ki, Səudiyyənin Yəmənə hücumları davam edən üç il ərzində 12 min dinc əhali həyatını itirib, 21 mindən çox insan yaralanıb. Ölənlər arasında 2 768 nəfərin azyaşlı uşaq olduğu hesabatda yer alıb.
Bundan əlavə, ölkənin infrastrukturuna dəyən ziyan barədə də məlumat verilib. Belə ki, Səudiyyə hərbi hava qüvvələrinin bombardmanları nəticəsində 15 hava limanı, 14 dəniz limanı, 1941 körpü və yol, 165 elektrik stansiyası, 409 su anbarı, 372 rabitə vasitəsi, 208 tarix və memarlıq abidəsi, 1 654 dövlət idarə və obyekt, 289 min mənzil, 296 xəstəxana və tibb mərkəzi, 791 məktəb və uşaq bağçası, 114 universitet binası, 343 idman və əyləncə mərkəzi və 26 mətbuat mərkəzi dağıdılaraq məhv edilib.
Məlumata görə, hazırda müharibə şəraitinə və məktəblərin bağlı olmasına görə 4 milyondan çox yəmənli uşağı təhsil almaqdan məhrumdur. Beynəlxaq hüquq müdafiəçiləri hesabatın nəticələrindən narahatlıq ifadə edərək, Səudiyyədən Yəmənə hücumları dayandırmağı tələb ediblər.