Serebrennikov Rusiyanın “yeni Soljenitsın”ına çevrilə bilər
Qərb mətbuatı Putini mədəniyyət üzərinə total şəkildə hücum etməkdə ittiham edir
Xəbər verdiyimiz kimi, rusiyalı rejisor Kirill Serebrennikov büdcə vəsaitlərinin mənimsənilməsi və qeyri-qanuni istifadə olunması ittihamı ilə həbs edilib.
Məsələyə intriqa qatan xüsus rejissorun Putin rejiminə müxalif mövqedə durması və Krımın işğalını tanımamasıdır.
Serebrennikovun həbsi Qərb mətbuatında da geniş şəkildə işıqlandırılır.
“Rusiyada 2018-ci ildə keçriləcək prezident seçkiləri yaxınlaşdıqca hakimiyyət incəsənət dairələri üzərində nəzarəti gücləndirir”.
Bu cümlə Fransanın “Le Figaro” qəzetinin yazarı Pyer Avrilin məqaləsində yer alıb. Müəllif rejissor Kirill Serebrennikovun həbsini I Aleksandr dövründə Puşkinin təqib edilməsi, Boris Pasternakın Stalin, Xruşşov və Brejnev zamanında senzuraya məruz qalması ilə müqayisə edir.
Hətta Moskvadan 7 min km aralıda prezident Vladimir Putin məsələ ilə bağlı kəskin reaksiya göstərmli olub. “Hüquq-mühafizə orqanlarının Serebrennikova yalnız bir sualı var – büdcə vəsaitlərini hara xərcləyib. İndi neyləyək, mədəniyyət sahəsində işləyir deyə onu mütləq azad etməliyik?”- Putin BRİKS ölkələrinin Syamendəki sammitində bildirib.
Məqalədə Kann, Avinyon və Berlin festivallarlnda mükafat qazanmış rejissorun həbsini bütün Avropada hiddət doğurduğu qeyd olunub.
“Ona heç kimin toxunmayacağını düşünənlər çox idi. Çox deyil, elə bu ilin yaz ayında bütün Moskva onu “Gelikon-opera”da Aleksandr Qriboyedovun “Ağıldan bəla” pyesini səhnələşdirdiyi üçün ayaqda alqışladı. Bu tamaşanın sponsoru isə Rusiyanın ən varlı oliqarxlarından sayılan Vladimir Potanin idi.
İki həftə sonra isə “Böyük teatr”da, digər milyarder Roman Abramoviç onun rusiyalı mühacir baletmeysteri Rudolf Nuriyevə həsr olunan tamaşasını alqışlayırdı”, – məqalədə qeyd olunur.
Roman Abramoviç
Müəllif tarixi cəhətdən rejissorun başına gələnləri Puşkin və Pasternakla müqayisə edib. “Rejissorlar içində sonuncu həbs olunan 1939-cu ildə Vsevolod Meyerxold olub”, – yazıçı Boris Akunin Pyer Avrilə bildirib.
.
“Bu əsl nasist Almaniyasındakı vəziyyəti xatırladır. Əvvəlcə müxalifətçiləri məhv etdilər və mətbuatı susdurdular. Daha sonra Frits Lanq və Stefan Sveyq kimi mədəniyyət xadimlərinə girişdilər”, – aktyor və rejissor Andrey Smirnov qeyd edib.
Məqalədə ittihamın zəif dəlillərə əsaslandığı göstərilib. Təhqiqat komitəsi öz ittihamını qüvvətləndirməkdən ötrü Serebrennikovun quruluşu üçün dövlətin pul ayırdığı “Yay gecəsindəki yuxu” tamaşasını hazırlamadığını iddia edib.
Pyer Avril hazırkı dövrdə Rusiyada kino və teatr üzərində dövlət nəzarətinin mədəniyyət naziri, olduqca mühafizəkar insan sayılan Vladimir Medinski tərəfindən qamçı və kökə siyasəti yolu ilə həyata keçirdiyini vurğulayır.
Vladimir Medinski
Məqalədə Kremlin özünə yaxın rejissorlara səxavətlə milyonlarla pul ayırdığı qeyd olunur.
“Təkcə 2010-cu ildən bu yana hakimiyyətə yaxın Nikita Mixalkovun rəhbərlik etdiyi fond rejissorlara 3 milyard rubl, yəni 43 milyon dollar pul ayırıb”, – yazıda vurğulanır.
Müəllif bu səbəbdən bəzi rejissorların öz əqidələrinin əleyhinə olaraq hakimiyyətin bir sıra layihələrinə və siyasətinə dəstək verdiyini qeyd edib.
Yazıda Serəbrennikovun Rusiyanın Krımı işğalını dəstəkləyən 400 incəsənət xadiminin içində olmadığı bildirilir:
“Krım məsələsində incəsənət ustaları olduqca aşağılayıcı seçim qarşısında qoyuldu. Onlar ya bu sənədə imza atmalı, ya da Mədəniyyət Nazirliyinin dəstəyindən məhrum olmalı idilər.
400 nəfərin içində rejissor Aleksey Uçitel də var. O, “Matilda” filminə görə, mühafizəkar qüvvələr tərəfindən ciddi tənqidə məruz qalıb. (Film Rusiyanın sonuncu çarı II Nikolayın bir balerina ilə qeyri-qanuni məhəbbəti haqqındadır-red.) Maraqldır ki, Matilda filminə qarşı kampaniya aparanların başında işğal olunan Krımdan Dövlət Dumasına deputat seçilən, yarımadanın keçmiş prokuroru Nataliya Poklonskaya var”.
Müəllif bunu siyasi mövqeyindən asılı olmayaraq hər kəs üzərində total nəzarət həyata keçirmək niyyəti lə bağlayır.
“Bu gün heç kim nə dindən, nə siyasətdən, nə də seksuallıqdan danışa bilmir. Hamı ehtiyatlı olmağa məcbur qalıb”,- prodüser Pavel Kapleviç məqalə müəllifinə bildirib.
Musavat.com