Ev Ədəbiyyat Şerlok Holms kimdir – Doyl, yoxsa Bell? – ARAŞDIRMA

Şerlok Holms kimdir – Doyl, yoxsa Bell? – ARAŞDIRMA

362

Artur Konan Doyl əfsanəsi bu günə qədər də bitmir. Onun əsərlərinin ildən-ildən dərci, çəkilən kinofilmlər göstərir ki, Doyl oxucuların qəlbində həmişə gəncdir. Ancaq indiyə qədər bir sual hələ də çoxlarını düşündürür: “Şerlok Holms yazıçının özüdürmü?” Bu barədə aparılan çoxsaylı müzakirələr bitib-tükənmirdi. Lakin son illərin tədqiqatları detektiv Şerlok Holmsun prototipini ortaya çıxardı.
Şerlok Holmsun prototipinin doğuluşu 181 il əvvələ gedib çıxır. 1837-ci ilin dekabrın 2-də şotland həkimi Bellin ailəsində oğlan doğuldu, uşağı Cozef adlandırdılar. O, uşaqlıq illərindən dərrakəsi və humanitar elmlərə marağı ilə nəzəri cəlb edib. Ancaq sonradan uşağın marağı şaxələnib. Fizika və kimyaya marağının artması isə istər məktəb rəhbərliyinin, istərsə də valideynlərin gözündən yayınmayıb. Hətta Cozef məktəbdə pedaqoqlarla diskussiya da apararmış. Bütün bu xüsusiyyələri ilə Cozef Bell gənclik illərində erudisiyalı gənc kimi diqqətdə qalırdı. Hamı onun həkim olacağını bilirdi. Gənc oğlan deyirdi ki, həkimin peşəkarlığı üçün fizika və kimya çox vacibdir. Evində quraşdırdığı laboratoriyada müxtəlif təcrübələr həyata keçirər, saatlarla oradan çıxmazmış. Bununla bərabər Cozef ədəbiyyatla da məşğul olarmış. Həmyerlisi Robert Berns onun ilk şeirlərini oxuyar və həvəsləndirərmiş. Bir müddət keçdi, Cozef Bell məşhur terapevtə çevrildi. Həm çox işləyir, həm də heç bir pasiyentə etiraz etməzmiş. Hətta uzaq bölgələrə də faytonla gedərək şəfasını əsirgəməzmiş. Bəzi kəndlilərin pulsuzluğuna baxmayaraq, həkimlik peşəsini vicdanla yerinə yetirərmiş. Edinburq və ətraf bölgələrdə onun məşhurluğu və xeyirxahlığı o qədər yayılıb ki, bundan Çarlz Doyl ailəsi də xəbər tutub. Çarlz Doyl tanınmış rəssamın oğlu idi. Onun ailəsində 7 övlad böyüyürdü. Ən böyüyü Artur Doyl idi. Uşaqlıq illərində Arturun ağlına da gəlməzdi ki, tale onu 1877-ci ildə həkim Cozef Bell ilə qarşılaşdıracaq. Edinburq Universitetində təhsil alan Artur ilk dəfə Cozef Bellin mühazirələrindən birinə qulaq asmaqla professorun sehrinə düşüb. Terapevt və sonralar professor dərəcəsinə qədər yüksələn Cozef Bell tələbələrin kumirinə dönmüşdü. Artur Konan Doylun tələbə yoldaşları – gələcəkdə məşhur “Piter Pen” əsərinin müəllifi olacaq Ceyms Berri və tanınmış Robert Lyuis Stivenson da Bellin mühazirələrində oturub dinləməkdən ötəri bir ay əvvəldən qeydiyyatdan keçərdilər. Professorun mühazirələri o qədər maraqlı keçərmiş ki, hətta auditoriyadakı sıxlıq bəzən universitet rəhbərliyinin kiçik narazılığı ilə qarşılanarmış. Cozef Bellin mühazirələri sırf təcrübə əsasında təşkil edilərmiş. Məsələn, pasiyentlərdən birini auditoriyaya çağırıb sual verərmiş ki, “bu adamın xarakteri necədir, haradan gəlib və hansı xəstəlikdən əziyyət çəkir?”. Müxtəlif ehtimallar irəli sürülərdi. Cozef isə hamıya qulaq asar, sonda öz ehtimalını söyləyərdi. Həqiqətən də məhz onun dediyi doğru çıxardı. Günlərin birində isitməyə tutulmuş bir şlyapalı kişi auditoriyaya daxil olub. Ancaq şlyapasını çıxarmağı unudub, eyni zamanda kəsərli səsi və möhkəm addımları ilə nəzəri cəlb edib. İsitmə xəstəliyini isə əsasən Hindistana aid etmək olardı. Çünki həmin illərdə Böyük Britaniyanın müstəmləkəsi olan Hindistanda ingilis əsgərləri isitməyə tutulmuşdular. Tələbələr yenə də ehtimallar irəli sürdülər. Bu dəfə də Cozef Bell hamını üstələdi. Əvvəlcə onun belə istedadına şübhə yaranmışdı. Mühazirə iştirakçılarına elə gəlirdi ki, Bell pasiyentləri əvvəldən sorğu-suala çəkir və sonradan ehtimalında qalib olaraq lovğalanır. Lakin pasiyentlərin ardınca qaçan bəzi tələbələr öyrənərdilər ki, onlar professoru ilk dəfə məhz auditoriyada görüblər. Yaxud bir dəfə otağa girən şəxsin dənizçi olduğunu, harada doğulduğunu deməklə, hamının heyrətinə səbəb olan professor Cozef Bellin şöhrəti ölkə hüdudlarından kənara da çıxırdı. Az keçməmiş Bell ölkədə başqa sahə üzrə tanındı. Onu deduktiv metodun banisi hesab etdilər. Bununla da Şerlok Holms obrazı yarandı. Heç kim bilməzdi ki, tələbələrin arasındakı bir oğlan -Artur Konan Doyl müəllimin bütün danışıq tərzinə və hərəkətlərinə, insanı tanımaq üçün yararlandığı unikal metoduna fikir verir və onu gələcək detektiv əsərlərinin qəhrəmanı tipində görür. Gözləri dəfələrlə böyüyən tələbələrinə isə filmdəki kimi “sadəcə” (elementar) deyərək daha da təəccübləndirərdi. Götürək elə auditoriyaya daxil olan dənizçini. Fikirlərini belə əsaslandırıb: “Qarşında adamın haradan gəlməsini, hansı peşə ilə məşğul olmasını bilmək üçün bircə ipucu lazım gəlir. Necə oldu ki, həmin şəxsin dənizçi olduğunu bildim? Onun biləyindəki döymə məhz dənizçilərə məxsusdur. Fikir versəniz, görərsiniz ki, son vaxtlar məhz həmin döymə dənizçilər arasında dəbə düşüb. Döymə birinci faktordur. İkinci faktor yerişlə bağlıdır. Dənizçilər gəmidə olduqlarından yerişləri tələsikdir. Sanki addımlarında qaçaraqlıq var. Bu iki faktor dənizçi olmasını məndə tam yəqinləşdirdi”. Mühazirələrini artırdıqca Bell yeni tapşırıqlar verər, yeni təcrübələr keçərdi. Təcrübədən biri də ləhcə ilə bağlı idi. Təklif edirdi ki, ingilis danışıq kitabçasından müxtəlif bölgələrin ləhcələrini öyrənsinlər. Bu təcrübənin Artur Konan Doyla gələcək detektiv əsərlərinin yazılmasında böyük köməyi oldu.
Günlərin birini isə Doyl heç vaxt unutmadı. Professor Bell ona assistenti olmağı təklif etdi. Tələbələri arasından məhz onun seçilməsi Artur üçün böyük sürpriz sayıldı. Gələcəyin yazıçısı assistent olandan sonra beynində Şerlok Holms obrazını yaratdı. Prototip isə professor Cozef Bell idi. Doyl həm tibbi, həm də ədəbi təcrübəsini zənginləşdirdi. Şerlok Holmsun xarici görünüşü bütünlüklə Cozef Bellə uyğun gəlir. Holmsun hündürlüyü 1.80 santimetrdir. İncə qartal burun, kəskin baxışlar, arıq, qismən xırıltılı səs. O, professor Bell barədə bunları yazmışdı: “Cozef Bell əntiqə şəxs idi. Həm xarici, həm də daxili gözəlliyi ilə. Hündür, qarasaçlı, incə qartal burunlu, xırıltılı səsli professor”. Digər məqamlarda isə professor Bell ilə Şerlok Holmsun adətləri üst-üstə düşür: “Şerlok Holms gec yatmağı xoşlayardı. Bəzən bir gün həyat eşqli, bəzən isə danışmaz, laboratoriyasında təcrübələr aparardı. Holms kefinə uyğun xələtlər geyinərdi. Boz xələti ilə laboratoriyaya girər, albalı rəngli xələtini geyinəndə isə məlum olardı ki, mənzilə qonaq gələcək”. Holmsla Cozef Belli birləşdirən əsas cəhətlər hər ikisinin tənbəkidən istifadə etməsidir. Onların hər ikisi mübahisələri sevər, qida barədə az düşünərdilər.
Artur Konan Doyl Şerlok Holmsla bağlı ilk hekayəsini 1887-ci ilin dekabrında yazdı. Ədəbi tənqidçilər bunu Cozef Bellin 50 illik yubileyinə töhfə saydılar: “Yaxşılığı unutmayan tələbəsindən müəlliminə sürpriz”. Müəllimi isə tələbəsinin yaradıcılığı ilə həmişə maraqlanarmış. Bəzən Artura elə gələrmiş ki, müəllimi onun əsərlərinə nəzər salmır. Ancaq Bell onunla fəxr edərmiş. Hətta bir dəfə Cozef Belldən soruşublar: “Siz doğrudan Şerlok Holmsun prototipisiz?”. O, deyib: “Siz nə danışırsız, heç mən Holms zirvəsinə çata da bilmərəm. Holms elə Arturun özüdür”. Bir məsələ də maraq doğurur ki, Artur Konan Doyl Şerlok Holms silsiləsinə başlayanda hələ kriminalistikaya dair dərsliklər yox idi.
Beləliklə, Cozef Bell yeni detektiv ədəbiyyatın prototipinə çevrildi. O, 74 yaşına 2 ay qalmış gözlərini əbədi yumdu. Ölməzdən əvvəl bunu söylədi: “Siz hər şeyi görürsünüz, ancaq bir az əmək sərf edib təhlil etmirsiz ki, nə görürsüz”. Artur Konan Doyl onun bu sözünü qəhrəmanı Şerlok Holmsun leksikonuna salmışdı.
Azər Qismət
Ədəbiyyat qəzeti

NO COMMENTS

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here