Şimali Koreyanı raket buraxmağa ABŞ təhrik edib – Rusiya
Bizimsesimiz.info // “Şimali Koreyanın Yapon dənizinə hərbi manevrlər çərçivəsində raket buraxmasına bəraət qazandırmaq olmaz. Ancaq ABŞ, Yaponiya və Cənubi Koreyanın hərbi təlimləri KXDR-i bu addımı atmağa təhrik edib.”
SalamNews-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Duması Müdafiə komitəsinin sədr müavini Yuriy Şvıtkin bildirib.
“Bütün tərəflər danışıqlar masasına otursaydılar və deeskalasiya yolu ilə, təlim keçirməmək yolu ilə bölgədə təhlükəsizliyi təmin etsəydilər, daha sakit bir mühit əldə edilə bilərdi.”, – deyə o bildirib.
Şvıtkinin sözlərinə əsasən, Rusiya təlim keçirilməsi və raket buraxılmasının dayandırılmasının, diplomatik səviyyədə danışıqlar aparılmasının tərəfdarıdır.
Bu gün Şimali Koreya Kanvondo əyalətindən Yapon dənizinə üç yaxınmənzilli raket buraxıb.