Bizimsesimiz.info // 1953-cü il martın ilk günlərində Stalinin xəstəliyi xəbəri ildırım sürətilə bütün planetə yayıldı. Moskva radiosu müntəzəm olaraq tanınmış həkimlərin imzası ilə tibb bülletenləri elan edirdi. Bu vaxt mən Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində aspirant idim. Universitet və fakültənin yerləşdiyi bina Kremllə üz-üzə, qabaq-qaba­ğa idi. Martın 5-də günortadan sonra Stalinin ölümü xəbəri elan edildi. 4 mindən artıq tələbə və aspirantın yaşadığı Yauza çayının kənarında Stromınka kuçəsində yerləşən qədim dördmərtəbəli əsgər kazarmasında sakitlik, matəm ab-havası hökm sürürdü. Qeyd edim ki, bu yataqxanada 100 nəfərə yaxın azərbaycanlı tələbə və aspirant, həmçinin 4-5 nəfər doktorant həmyerlimiz də yaşayırdı. Sovet tələbələri ilə yataqxanadakı xa­rici tələbələrin hadisəyə münasibəti əlbəttə ki, eyni səviyyədə deyildi. Onların özlərinin də Stalinləri var idi.

Martın 7-də səhər aspirant, filosof həmyerlilərimiz Məmməd Qəniyev və Eldar Mikayılovla (rəhmətə gedib) universitetə yol­landıq. Yolüstü qızıl meydana dəydik, orda qızğın iş gedirdi. Sözləşdik ki, İttifaqlar Evinin qabağında görüşək. Saat birdə elə Moskva mehmanxanasının qabağına çatmışdıq ki, gördük əsgərlər hər tərəfdən gəliş-gedişi kəsməyə başlayırlar. Cəld hərəkət edib özümuzü İttifaqlar evinin arxa  qapısının qabağına yetirdik. Qısa müddətdə yox böyük bir izdiham küçə boyu yığış­mağa başladı. Azı 4 saat ayaq üstə durduq. Tabutu gətirdilər. Bütün Moskva bu binaya axışırdı. Əvvəlcə rəsmi adamları, dip­lomatik nümayəndələri, generalları içəri buraxdılar, rəiyyətlə içəri buraxılan ilk dəstədə biz də vardıq. Pilləkənlərdən tutmuş ta çıxış qapılarına qədər hər iki tərəfdən bir neçə sıra zabit cərgəsi durmuşdu. Tabut 5-6 sıra ilə keçən camaatdan 4-5 metr aralı idi. Biz keçəndə fəxri qaravulda Malenkov, Beriya, Xruşşov, Molotov, Bulqanin və başqaları durmuşdular. Tabutun qarşısına çatanda adamların bir qismi dizi üstə yerə çöküb hönkurtü ilə ağlaya-ağlaya surünürdülər. Zabitlər onları qolların­dan qaldırıb zor ilə aparırdılar. Adamlara elə gəlirdi ki, həyat qurtarır, günəş sönür. Axşam və səhəri Moskvanın mərkəzi və onun geniş əhatəsində hərəkət etmək mümkün deyildi. Həyat dayanmışdı. Biz yalnız ikinci gün axşam yataqxanaya qayıda bildik. Sonralar məlum oldu ki, İttifaqlar Evinə düşmək, rəh­bərlə vidalaşmaq istəyənlərdən 100-dən çox adam sıxılıb və ayaqlar altında qalıb məhv olmuşdu. Bu fanatizm və şəxsiyyətə pərəstişin son könüllü qurbanları idi.

Tarix bir hökmü İlahidir – demişlər. Onu yalnız ehtiyat və el­mi əsaslarla arayıb-araşdırmaq, müəmmalı həqiqət və hadisələri bu yolla gün işığına çıxaıtmaq olar. Tarixdən öyrənmək, ibrət dərsi götürmək olar. Amma tarixi imtahana çəkmək, ondan ri­yakar siyasi məqsədlər üçün istifadə etmək, hətta tarix üzərində mühakimə qurmaq yolverilməzdir.

XX əsr bəşəri kəşfləri, elmi-texniki na­iliyyətləri, əsrarəngiz möcüzələri, ümumbəşəri dəhşətli faciələri, fenomen şəxsiyyətləri ilə tarixə qovuşdu. Onun müəy­yən hissəsi bizim nəslin tarixidir, gözümüzün önündə cərəyan edən hadisələrdir, keçən ömrümüzdür. Yaxşı da olsa, pis də ol­sa belədir. Stalin fenomeni tariximizin bir hissəsidir. 40 il bun­dan əvvəl, 1953-cü il martın 9-da Stalinin dəfn mərasimi ilə əla­qədar dərc olunmuş nekroloqlardan birində deyilirdi: “Fantas­tik adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fağır bir pinəçi ailəsində doğulmuş oğlan Kremldə dünyanın ən böyük imperatorluğunun böyük diktatoru olaraq öldü”.

İ.V.Stalini şəxsən tanıyan, onun köməy ilə ölümün pəncə­sindən xilas olmuş M. Ə. Rəsulzadə bu münasibətlə yazmışdı: “Dövrümüzün tarixinin bu ən böyük müstəbidi haqqında cür­bəcür hökmlər verəcək, onun allahlaşdıranlar şəxsiyyətini müxtə­lif mövqelərdən təhlil edəcəklər. 30 ilə yaxın bir müddətdə Sovet imperatorluğundakı 200 milyon insanın müqəddəratına hökm edən, yer kürəsinin üçdə birini nəzarət altına almış, bütün dinləri inkar edən, kommunist dininin bir peyğəmbəri sayılan, totalitarlar totalitarı bir rejimin ən böyük nümayəndəsi Stalini, onun necə bir demaqoq, bir diplomat, bir marşal, bir generalissimus, fironlara, neronlara, çingizlərə rəhmət oxutduran bir tiran, bu qızıl çar olduğunu azad millətlər cəmiyyətində bilməyən yox­dur”.

“Aydınlıq” qəzeti 5 mart 1993-cü il  // enter.nevs

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here