Bu gün su filtrlərinin satışı ilə məşğul olan şirkətlərin sayı kifayət qədər çoxdur. Şirkətlər arasında rəqabət isə insanları çaş-baş salıb. Əməkdaşlar məhsullarını elə reklam edir, vətəndaş bilmir ki, evində bir stəkan su içsin, yoxsa içməsin? Doğurdanmı içdiyimiz su bizi ölümə, sağalmaz xəstəliklərə bir addım da yaxınlaşdırır?

Paytaxtda, eləcə də digər bölgələrdə sakinlər deyir ki, gecə-gündüz filtr satanların əlindən boğaza yığılmışıq. Filtr satmaq üçün əllərindən gələni edirlər. Ev sahibləri deyir ki, şirkətdən gələn işçilər gətirdikləri xüsusi qurğu vasitəsilə suyun tərkibini yoxlayırlar. Yoxlama zamanı isə suyun üzünə qalxan çirkli maddələr və bulanıq qat bizi məyus edir. Bu da içdiyimiz suyun yararsız olduğunun sübutudur. Amma bu onların reklam etdikləri filtrlərin problemi aradan qaldıracağına da dəlalət etmir. Filtrin keyfiyyətli olub-olmadığını bilmirik, həm pulumuz gedir, həm rahatlığımız.

Günün birinci yarısı əksər insanların işdə olduqlarını düşündükləri üçün, bu cür reklam xarakterli “ziyarətlər” günün ikinci yarısına, bəzən də kifayət qədər gec saatlara təsadüf edir. Bu isə əlbəttə ki, insanların istirahətini pozur və vətəndaşı narahat edir…

Suyun tərkibində xlor, dəmir, mis, sink, arsen, benzol, fenol, civə, dizentiriya yaradan bakteriyalar, mikroblar və viruslar mövcud ola bilər. Keyfiyyətsiz, tərkibində ziyanlı komponentlər olan su insan sağlamlığı üçün təhlükəlidir. Son dövrlər istehlak bazarında su filtlərinin müxtəlif çeşidləri təklif edilir: kuzə-filtrlər, krana taxma filtrlər, stasionar filtrlər, sənaye təmizləyici qurğuları və s. Bəzən satılan filtrlər keyfiyyət tələblərinə cavab vermir və alınan qurğu suyu kifayət qədər yaxşı təmizləmir.

Bəs filtrlərin keyfiyyət dərəcəsi dövlət proqramları əsasında yoxlanılırmı?..

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ölkəmizdə su filtrlərinin satışı ilə məşğul olan 20-yə yaxın şirkət fəaliyyət göstərir:

“Bu cür qurumların sayı artmaqdadır. Keyfiyyət, kəmiyyət fərqi isə dəyişməz olaraq qalır. Artıq onlayn satış üsulu ilə də filtr almaq mümkündür. Bu məsələdə isə əsas problemlərdən biri alınan məhsulun keyfiyyətsiz çıxdığı təqdirdə geri qaytarıla bilməməsidir. Digər satış müəssisələrində də vəziyyət demək olar ki, eynidir. Əksər hallarda alıcılara kassa çeki verilmir. Düşünürəm ki, bütün sahələrdə müəyyən zamanlarda monitorninqlər aparılmalıdır. Eləcə də su filtri bazarında. Keyfiyyətsizliyin aşkarlanması üçün dünya ölkələrində – ABŞ, Rusiya, Yunanıstanda tətbiq edilən vasitələr bizim ölkəmizdə də tətbiq edilir. Azərbaycanda bu yolla suyun tərkibi yoxlanıldı və iddia edildiyi kimi problemlər aşkarlanmadı. Burdan bu qənaətə gəlmək olur ki, su filtrlərinin satılması üçün yaranan kommersiya marağı insanların aldadılmasına zəmin yaradır.

Onlar sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasından istifadə edirlər və keyfiyyətsiz malları əhaliyə təklif edirlər. Təbii ki, su filtrlərinin içərisində keyfiyyətli, həqiqətən də yararlı məhsullar ola bilir. Lakin təəssüf ki, istehlakçıların qorunma siyasəti zəifdir. Bu da əhalinin aldadılmasına gətirib çıxarır”.

E.Hüseynov şirkət əməkdaşlarının insanları gecə saatlarında narahat etməsinin qəbuledilməz olduğunu da diqqətə çatdırıb:

“Hər bir işin müəyyən görülmə çərçivəsi var. İnsanlar şikayət edirlər ki, hətta gecə saat 1-2 radələrində qapıları döyürlər. Sual oluna bilər ki, insanlar bu saatda niyə qapı açırlar? Məsələ burdadır ki, qapını döyən şirkət əməkdaşları “dövlət proqramı əsasında yoxlamalar keçiririk” deyərək, ev sahiblərini qapını açmağa vadar edirlər.

Əfsuslar olsun ki, bu faktdır, vətəndaşı belə aldadırlar. Əslində bu məsələ ilə bağlı “Azərsu” zəruri tədbirlər görməlidir. Lakin nədənsə onlar bu cür faktlara kənardan izləyici kimi baxmağa üstünlük verirlər. Halbuki qurum məsələ ilə bağlı birmənalı mövqeyini ortaya qoymalıdır. Ya suyun təmiz olduğun sübut etməli, ya da su filtrçilərinə haqq qazandırmalıdır. Biz özümüz də daxil olan şikayətlər əsasında dəfələrlə “Azərsu”ya müraciətlər etmişik. Lakin heç bir nəticə olmayıb”.

Qurtum-qurtum ölüm?

Suyun tərkibinin Səhiyyə Nazirliyinin müvafiq standartları əsasında müəyyən edilib-edilmədiyinə isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı aydınlıq gətirdi. O dedi ki, bu cür şirkətlər məhsul satmaq xatirinə vətəndaşları xüsusi üsullarla aldadırlar:

“Su filtrləri satan şirkətlərin suyun tərkibini müəyyən edəcək nəzəri biliklərə sahib olmadıqları aşikardır. Bu mövzuda fikir söyləmək üçün ən azı bu sahə üzrə (tibb, kimya və biologiya) biliklərə sahib olmaq lazımdır. Heç bir təhsili olmayan gənc əməkdaşlarının axşamlar qapı-qapı gəzərək şəbəkədən verilən suyun keyfiyyətsiz olduğunu iddia etməsi və vətəndaşları buna inandırması isə bilavasitə əsassızdır. Biz hər zaman vətəndaşlara izah edirik ki, bu kimi vəziyyətlərdə istifadə edilən suyun elektroliz cihaz və TDS aparatı ilə yoxlanması sadəcə oyundur. Birmənalı şəkildə insanları aldatmağa yönəldilib.

Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd-yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə, onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və reduksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli, bu, filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış “ölü” sudur.

Ümumiyyətlə, gündəlik istifadə etdiyimiz və içdiyimiz su o vaxt yararlı hesab edilir ki, TDS aparatı ilə yoxlama zamanı suyun göstəricisi 1000 ppm-ə qədər olsun. Şəbəkə sularında isə bu göstərici 300-600 ppm arasında dəyişir. Təbii ki, vətəndaşların bu sahədə biliklərinin az olmasından yararlanan filtr satan şirkətlər yalan məlumatlarla məhsula qarşı maraq yaradaraq satış həyata keçirməyə çalışırlar”.

İstər Abşeron yarımadasında, istərsə də regionlarda əhaliyə verilən suyun bütün standartlara tam uyğun olduğunu deyən Anar Cəbrayıllı buna birbaşa Səhiyyə Nazirliyinin mütəxəssilərinin nəzarət etdiyini də əlavə edib:

“Bu gün respublika ərazisində içməli suyun keyfiyyətinə dövlət nəzarətini birbaşa Səhiyyə Nazirliyi həyata keçirir. Onların mütəxəssisləri tərəfindən aparılan monitorinqlərin cavabları isə hər şeyin qaydasında olduğunu göstərir. Bu dəfələrlə bəyan edilib ki, vətəndaşlar rahat olsunlar, verilən suyun tərkibində standartlardan kənarlaşmalar müşahidə olunmur”.

20-yə yaxın şikayət…

Su filtrləri ilə bağlı vətəndaşların İqtisadiyyat Nazirliyinə şikayətlərinin sayı da az deyil. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, ötən il Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məsələ ilə bağlı 20-yə yaxın şikayət daxil olub:

“İstehlakçıların irəli sürdüyü tələblər haqlıdırsa, mütləq şəkildə yerinə yetrilir. Bununla bağlı istehlakçılara izahat verilib”.

Abbas Əliyev qeyd edib ki, bu sahədə fəaliyyət göstərən çoxlu şirkətlər, mağazalar var. Lakin keyfiyyətli mal əldə etmək istəyən vətəndaşların su filtrləri alarkən ixtisaslaşmış firma mağazalara müraciət etmələri tövsiyə edilir:

“Satışa çıxarılan malların keyfiyyət göstəricilərinin qeyd edildiyi sertifikat olur. Alıcı bunu mütləq şəkildə təqdim etməlidir. Əgər filtrlərin uyğunluq sertifikatı varsa, deməli, onların keyfiyyəti araşdırılıb, standartlara uyğun olduğu üçün də sertifikat verilib. Sertifikat yoxdursa, demək o malın keyfiyyətinə kimsə zəmanət verə bilməz. Kustar üsulla hazırlanıbsa, belə qurğuya heç kəs zəmanət vermir. Su filtrləri alan şəxs onların komplektliyinə də diqqət etməlidir. Hər bir istehlakçı bilməlidir ki, satış üçün təqdim olunan analoji mal nümunələri ticarət zalında yerləşdirilibsə, onların üzərində malın adı, markası, modeli, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa annotasiyası olmalıdır. Alıcı malı alarkən istehsalçı tərəfindən hazırlanmış texniki pasport və ya onu əvəz edən sənədi, satış yeri və tarix göstərilməklə, istismar üzrə təlimat və sair sənədləri də almağı unutmamalıdır . Satıcı isə istehlakçının malın keyfiyyətinə dair bütün tələblərinə cavab verməyə borcludur”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here