Sumqayıt sakinləri artıq 2 aydan çoxdur ki, Sumqayıt Bulvarı boyu dənizdən gələn üfunət-kanalizasiya qoxusundan normal istirahət edə bilmir. Bu səbəbdən bulvarda nəinki yerli sakinlər, eləcə də şəhərimizin qonaqları xoşəgəlməz mənzərə ilə qarşılaşırlar.

Pis qoxunun səbəbi Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri tərəfindən danılsa da, dənizə bulvardakı çoxsaylı obyektlərdən, yaxınlıqda tikilən çoxsaylı göydələnlərdən axıdılan kanalizasiya-çirkab sularıdır. 20-30 il əvvəl bu ərazi abad olmasa da, çoxsaylı zavodların fəaliyyət göstərməsinə baxmayaraq, sahil çox təmiz idi, burada normal çimərliklər var idi.

Hal-hazırda pis qoxudan başqa bu ərazidəki dəniz sahilində əsl ekoloji faciə, fəlakət yaşanır.İnsanlar bura gəlir ki, təmiz hava alsın, stresdən qurtulsun, əvəzində kəskin qoxu baş çatladır. Dənizkınarı parka gələnləri dərin peşmanlıq hissi hakim olur. Əslində əvvəllər də ara-sıra sahildən pis qoxu gəlirdi, amma son zamanlar vəziyyət lap açınacaqlı duruma düşüb, kəskin qoxu davamlı xarakter alıb. Gigiyena və Epidemiologiya Mərkəzindən də Xəzərin Sumqayıt sahillərində aparılan monitorinqlər, kimyəvi və bakterioloji analizlərin nəticələrinə əsasən, Sumqayıt çimərliyində çimmək rəsmən qadağan olunub.

Bunu görmək üçün monitorinqlərə, analizlərə əslində ehtiyac da yoxdur. Hər şey göz qabağındadır. Bu səbəblərdən bulvar boyu sahildə balıq ehtiyatı da tükənib. Sahil yosun çürüntüsü, tullantılarla, çirkabla  doludur ki, bu da sakinlərdə və şəhərimizin qonaqlarında acı təəssüf hissi yaradır.

Ərazidə demək olar  heç bir təmizlik işləri aparılmır. Ara-sıra, ayda-ildə  bir dəfə formal xarakter daşıyan təmizlik aksiyaları keçirilir. 20-30 metr geri çəkilən dənizin bu hissəndə bioresurslar məhv olub. Yaxşı olardı ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən mövcud acınacaqlı vəziyyətlə bağlı  ciddi tədbirlər görsün. Sumqayıt sahili boyu ekoloji vəziyyət artıq çoxdan SOS  siqnalı verir.

Əgər bu pis qoxu elə yerli məmurlara məxsus olan bulvardakı obyektlərdən, şəhərdən axıdılan çirkab sularından əmələ gəlmirsə, onda niyə bəs yaxınlıqdakı Novxanı ərazisində, qonşu sahil ərazilərdə, hətta Hacı Zeynalabdin qəsəbəsində bu cür vəziyyət hökm sürmür?

Səbəbsiz heç nə olmur.

Görünən odur ki, icra hakimiyyəti kanalizasiya sistemini, təmizləyici qurğularını düzgün qurmayıb. Laqeydlik dənizkənarı parkı məhvə aparır.

Məsələ ilə bağlı keçən ay yerli kanallardan birinin ərazidən hazırladığı reportajı da təqdim edirik:

KONKRET.az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here