Vətən Müharibəsindəki qələbəmizdə imzası olanlardan biri də 35 yaşlı baş gizir Mehrab Söhrab oğlu Niftəliyevdir.
Mehrab 17 il Müdafiə Nazirliyi Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.
O, xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə Azərbaycanı təmsil edərək uğurlara imza atıb, xüsusən çətin hərbi təlim sayılan “Qafqaz qartalı” və “EFES” təlimlərini keçib.
Dostu Vüqar Əmirquliyev onu çox yaxşı dost, yoldaş kimi xatırlayır: “Axşam saat 8-dən sonra işdən gələndə deyirdi birinci oturaq çay içək, söhbət edək. Deyirdik, ay Mehrab, get evə, sonra söhbət edərik. Deyirdi, yox birinci sizlə oturaq söhbət edək. Ondan sonra gedirdi evə. Çox yaxşı yoldaş idi, Allah rəhmət eləsin. Allah bütün şəhidlərə rəhmət eləsin!”
Şəhidin digər dostu Çoşqun Əliyev döyüşlərdə öndə getdiyi üçün Mehrab Niftəliyevə “Terminator” ləqəbi verildiyini deyir: “O qədər özünə arxayın vuruşurdu ki, sanki düşmən gülləsi onun üçün heç nə idi. Düzdür, sonda düşmən mərmisinin qurbanı oldu. Həmişə Mehrab kimi oğulu, igidi tanıdığımıza görə fəxr eləmişik. Mehrab həmişə bizə deyirdi ki, inşallah, Qarabağ azad olunacaq. Yəni Mehraba inanırdım”.
Aprel döyüşlərində də qəhrəmanlıqla iştirak edən Mehrab Niftəliyev Vətən Müharibəsinin ilk günlərindən cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərə qatılıb, düşmənin 100-ə yaxın hərbi qulluqçusunu şəxsən məhv edib.
Mehrabın iştirak etdiyi əməliyyatda düşmənin hərbi texnikası qənimət kimi ələ keçirilib. Döyüşlərdən birində yaralansa da, müalicəsini yarımçıq qoyaraq yenidən ön cəbhəyə yollanıb. Mehrabın ən böyük arzusu bayrağımızı Şuşaya sancmaq olub.
Həyat yoldaşı Vüsalə Niftəliyeva onun yoxluğunu kəlmələrə sığışdıra bilmir: “Amma onunla bərabər elə bir qəhrəmanının, elə bir igidin həyat yoldaşı olmaq da böyük bir fəxrdir, böyük qürurdur. Hər kəsə nəsib olmur. Xüsusi təyinatlının həyat yoldaşı, şəhid xanımı olmaq hər kəsə nəsib olmur”.
Xanımı sonuncu dəfə onunla oktyabrın 31-də danışıb: “Hər dəfəsində mənə deyirdi, Vüsalə, dik dayan, möhkəm ol, hər xəbərə hazır ol. Amma Mehrab o qədər güclü idi ki, mən inanırdım o qayıdacaq. Amma o, hər dəfəsində ümid vermirdi mənə. Sonuncu danışığımızda dedi ki, hər xəbərə hazır ol, uşaqlarımızdan muğayat ol. Şuşa Mehrabın arzusu idi. Bayraq da almışdı ki, Şuşaya aparacağam. O, arzusuna çatdı”.
Üç övlad atası olan qəhrəmanımız ən çox qızı Ləmana bağlı olub: “Həmişə bizə sürpriz edirdi. Təlimlərdən gəlirdi, soruşurduq haradasan, neynirsən. İşdəyəm deyirdi. Bir saat keçmirdi, görürdük qapını açıb girir içəri. Öz arzusu idi Şuşaya çatmaq. Bir dəfə bayraq aldı, birini böyük aldı, birini balaca. Soruşduq bu nədir, dedi, bayraqdır. Dedik, nəyə görə alırsan, evdə bayraq var. Dedi ki, bu ona aid deyil. Böyüyünü aparıb Şuşada sancacağam”.
Mehrab onlarla yaralı döyüşçü yoldaşlarını döyüş meydanından çıxarıb. O, noyabrın 8-də Şuşa uğrunda döyüşlərdə şəhid olub və Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamı ilə baş gizir Mehrab Niftəliyev “Vətən Müharibəsi Qəhrəmanı” adı və “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here