Sumqayıt şəhər stadionu sökülür – FOTOLAR
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun söküntüsünə başlanılıb.
1966-cı ildə istifadəyə verilən, 53 ildə bir çox beynəlxalq oyuna şahidlik edən stadion tamamilə sökülərək yerində yeni və müasir tələblərə cavab verən üstüörtülü arena inşa olunacaq.
Yenidənqurma işlərindən sonra arenanın azarkeş tutumu 16 min nəfər olacaq. Köhnə stadionda meydanın kənarında olan qaçış zolağı ləğv olunacaq və genişlənmiş ərazidə üstü örtülü iki ehtiyat meydança da tikiləcək.
Stadionun ərazisində otel də inşa olunacaq.
Mehdi Hüseynzadə adına stadionun 2020-ci ilin noyabrında qapılarını idmansevərlərin üzünə açacağı gözlənilir.
Xatırladaq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.