Turan agentliyinə Sumqayıt sakinlərinin məktubu daxil olub. Onlar Bakı, Sədərək Ticarət Mərkəzi və Binəyə gedən 509 saylı avtobusla bağlı narazılıq edirlər, bunun sərnişinlərin həyatı üçün təhlükəli olduğunu bildirirlər. Nəzarət reydlərinin keçirilməsinə və qeyri-standart avtobusların xəttdən çıxarılması ilə bağlı çoxsaylı məlumatlara baxmayaraq, adamlar cərgələrin arasında qoyulmuş əldəqayırma oturacaqları olan maşınlarda getməyə məcbur olur. Zavod istehsalı olan oturacaqların əvəzinə kustar, kiçik ölçülü oturacaqlar qoyulur ki, bu da avtoşirkətlərin daha çox sərnişin daşımasına və hər reysdən daha çox gəlir götürməsinə imkan yaradır, məktub müəllifləri bildirirlər.

2017-ci ilin martında Bakı-Sumqayt yolunda Sumqayıt Universitetinin altı tələbəsinin ölümü ilə nəticələnən ağlr yol qəzasından sonra Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhlükəli reyslərin dayandırılacağını vəd etmişdi. Ancaq yenə də təhlükəli avtobuslardan kütləvi istifadə davam edir.

“Sumqayıt Nəqliyyat” MMC Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısına tabedir. Odur ki, Z.Fərəcov MMC-nin rəisi Xannı Rüstəmova göstəriş verərək bu cür avtobuslardan istifadəyə son qoya bilər. Ancaq yerli hakimiyyətin və yol polisinin qeyri-standart avtobuslarla “uğurlu mübarizə” haqda raportlarını dinləyən sumqayıtlılar hər gün yenə belə avtobuslarla gedib-gəlir.

“Bu maşınlarda hərəkət etmək çətindir, sərnişinlər salona güclə yerləşir. Qəza baş verərsə zərəçəkənin bu cür maşınlardan çıxması mümkün deyil”, – məktubda deyilir.

Yol polisi belə avtobusları xəttdən çıxarmır, halbuki, ictimai nəqliyyatla gedən sərnişinlərin təhlükəsizliyinin təminatı yol polisinin birbaşa vəzifəsidir.

Adının açıqlanmasını istəməyən avtobus sürücülərindəm biri Turan-a bildirib ki, şəhər rəhbəri Z.Fərəcov bu vəzifəyə gələrkən sərnişin daşıyıcılarından yeni avtobuslar almağı, ya da işi dayandırmağı tələb edib. Ancaq yeni xarici avtobuslar almağa imkanı olmayan şirkətlər xəttdə qalmaq üçün yollar axtarmalı olublar. Görünür, 509 saylı avtobusun aid olduğu şirkət vəziyyətdən çıxış yolu tapıb.

Sonra mənbə Turan-a bildirib ki, şirkətlərin sahibləri gəlirlərinin bir hissəsini yerli hakimiyyət aparatına verməlidir.

Həmin gəlirin yerini doldurmaq üçün biznesmenlər sürücülərdən gündəlik haqq tələb edirlər ki, bunu da sürəti artırmaqla, qeyri-standart oturacaqlar düzəltməklə, gündəlik reyslərin sayını artırmaqla əldə etmək olur. Sürücülər yorulur, bu da yollarda qəzaların baş verməsinə səbəb olur.

Sumqayıt sakinləri həmçinin şəhər avtovağzalının binasından, zamanın tələblərindən geri qalan xidmətlərindən və görünüşündən narazılıq edirlər.

Turan problemi öyrənib. Şəhərdənkənar reyslə hərəkət edən 509 saylı və digər avtobuslar vətəndaşların bildirdiyi kimi, “Sumqayıt Nəqliyyat” MMC tərəfindən idarə olunmur, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin 8-ci idarəsi tərəfindən idarə olunur. İdarə Sumqayıtda yerləşir.

Bu dövlət təşkilatının rəhbəri Ədalət Ağayev Turan-ın sualına cavabında deyib ki, onlar informasiya agentliyinin sorğusunu qəbul ediblər, vətəndaşların tələbləri ilə razıdırlar və tezliklə təhlükəli avtovuslar marşrutdan çıxarılacaq. “509-cu marşruta Koreya istehsalı olan 2-3 yeni avtobus gətirilib. Qeyri-standart oturacaqlar yoxdur. Yeni avtobusların alınması üzrə iş gedir. Salonlarda təhlükəli oturacaqların quraşdırılması sürücülərin iqtisadi maraqları ilə izah edilir”, – Ə.Ağayev vurğulayıb.

“Biz bu avtobus xəttinin sahibini çağırdıq və sərnişinlərin təhlükəsizliyinə qorxu yaradan maşınların istismara buraxılmasının yolverilməzliyi barədə söhbət etdik. Sizin zənginizdən sonra tədbir görəcəyik və nöqsanlar aradan qaldırılacaq”, – Ə.Ağayev vəd edib.

turan.az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here