Yaradılmış nemətlər içində suyun müstəsna əhəmiyyəti danılmazdır. Bu yazıda sudan istifadə zamanı istehlakçıların nə qədər arxayın ola bilib-bilməyəcəyinə diqqət yönəltməyə çalışmışıq. Bu sual haradan doğdu? Sumqayıt və ətraf yaşayış məntəqələrində 100-dən artıq azyaşlı uşağın zəhərlənməsi gündəmə bomba kimi düşdü. Bu kimi hallarda dəfələrlə olduğu kimi yenə də əlaqədar qurumlar böhran idarəetməsində səhvlərə yol verdilər. Tələm-tələsik bəyanatlar verməklə məsələni bir az da dolaşdırdılar. Bundan istifadə edib sadə camaat (?) arasından mövzuyla bağlı ağlına gələni danışıb səs yazısı şəklində mobil sosial şəbəkələrdə yayanlar tapıldı. Sumqayıt şəhərinin səhiyyə rəsmisi N.B. maraqlı müsahibə ilə yadda qaldı. Sitat: “Havaların isti olması ilə əlaqədar olaraq bir çox infeksiyalar aktivləşir. Bəzi meyvələrin, tut və gilasın daha çox yeyilməsi, xüsusilə yuyulmadan yeyilməsi, soyuq sudan istifadə edilməsi bu infeksiyaların aktivləşməsinə səbəb olur. Əksər uşaqlar tut, gilas yeyib, üstündən soyuq su içdiklərini deyir” Eyni zamanda “Azərsu” ASC də öz rəsmi saytında sudan zəhərlənmə olmadığını yazmışdı. Sitat: “Azərsu” ASC bir daha bəyan edir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınmış hadisə içməli su ilə əlaqəli deyil və vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur.” Bu zəhərlənmə hadisəsini rəsmi şəxsin dilindən tut və gilasın üzərinə yıxan qurum (Səhiyyə Nazirliyi) sonrakı açıqlamalarda səbəbin su olduğunu bildirdi. 
Bu tələm-tələsik və ziddiyyətli bəyanatlar fonunda insan düşünməyə vadar olur. Görəsən doğrudanmı bizim istehlak etdiyimiz məhsullar, bu halda su, etibarlı əllərdən keçib gəlir? Doğrudanmı verdiyi suyun keyfiyyətinə cavabdeh olan “Azərsu” ASC və suyun təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyi öz məsuliyyətlərini lazımınca dərk edir? Əgər bu belədirsə heç bir şey dəqiqləşməmiş tələm-tələsik və özünü təmizə çıxarmağa (və ya kimlərinsə kürsüsünü qorumağa) hesablanmış bəyanatlar nəyə lazım idi? Bu sualları əlaqədar qurumlara ünvanlamaq hər bir vətəndaşın hüququdur. Bu qurumların düzgün işləməsinə biz hamılıqla nəzarət etməliyik.
100-dən artıq uşağın zəhərlənməsinə əgər deyildiyi kimi rotavirus səbəb olubsa, dünyada bu virusdan ölənlərin olduğu da göz önünə gətirilməlidir. Kamera qarşısına çıxıb səhvini və ya real vəziyyəti izah etməkdənsə, müxtəlif bəyanatların arxasında gizlənənlər xalqın önündə məsuliyyət daşıdıqlarının fərqinə varmalıdırlar. Cəzan varsa çəkməlisən, səhvin varsa etiraf edib düzəltməlisən. Sən xalqa xidmət etmək üçün o kürsüdə oturmusan, hörmətli səlahiyyət sahibi!

Müəllif: Dərin

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here