Təsəvvüf Ədəbiyyatında Eşq

Təsəvvüf ideoloqları eşqi iki yerə ayırırlar: 1.Məcazi eşq; 2.Həqiqi və ya ilahi eşq. Bəzi şərhlərdə platonik (əflatuni) və ruhani eşqdən də söhbət gedir.

İrfani düşüncədə məcazi eşq dedikdə, maddi dünyaya, onun cism və varlıqlarına olan eşq nəzərdə tutulur ki, buna dünyəvi eşq də deyirlər. Həqiqi eşq anlayışı isə Allaha, vücudiküllə olan sevgini özündə ehtiva edir ki, bunu ilahi eşq də adlandırırlar. Quran ayələrinə isnad edən təsəvvüf təfsirçilərinə görə, Allah-taala «özünü aşkara çıxarmaq və tanıtmaq üçün» xəlq etdiyi insanı və insana xatir yaratdığı maddi varlığı sevərək və sevgi üçün xəlq etmişdir. Deməli, sevgi və eşq xilqətin mahiyyət və fitrətindədir. Hürufiliyin banisi F.Nəiminin bu inancı eynilə sufizmdə də vardır:

Eşq ki işində möhkəm oldu,

Eşqə qovuşan da adəm oldu.

Torpaq ilə su qarışdı möhkəm

Karxana bir az da möhkəm oldu

Təsəvvüfdə eşqməstlik bir-birindən ayrılmaz və biri digərini tamamlayan anlayışlardır. Belə ki, eşq insana Allahla bə- şər övladı arasındakı ilk əhd-peyman günü, yəni «ruzi- ələst»də, ilkin məclisdə («bəzmi-əzəl»də) təlqin edilmiş, eşq yükü bəndənin üzərinə qoyulmuş və insan bu eşqin sevinc və feyzindən məst olmuşdur. Elə buna görə də insan ilkin yaradılış günündən eşq zövqünün məstidir. Bəzmi-əzəldə içmişəm vəhdət meyinin cürəsin,

Şöl cürədən kim ta əbəd sərməsti-məxmur olmuşam. –

dedikdə Nəsimi bunu nəzərdə tuturdu. M.Əvhədi isə həmin qayəni belə ifadə edirdi:

Eşqin camından oldu o bağü bahar məst,

Dövranü dəhrü aşiqü eşqü nigar məst.

Nahid məst oldu, qəmər də onun kimi,

Gün məst çıxdı, oldu fələkdə nə var məst.

Qəzəldə bütövlükdə bütün xilqətin, kainat «çəmənindəki» hər kəsin və hər şeyin ilahi eşqin badəsi ilə məst və xumar olmasından söhbət gedir. Nəsiminin «Məst» rədifli qəsidəsi də eyni ideyanın bədii və obrazlı ifadəsinə yönəlib. Füzulinin «Leyli və Məcnun» poemasının qəhrəmanı Məcnun həqiqi eşqin təsiri ilə elə sərməst olur ki, dünyanın nə olduğunu idrak etmir: «Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir». Təsəvvüfdə eşqin yönü məcazdan həqiqətə, hissi aləmdən ilahi varlığa doğru yönəlir. Mərifət əhli məcazi eşqi də qəbul edir. Onlara görə kəsrət aləminin, aləmi-cuzvün bütün zərrələrində, o cümlədən hər bir insanda ilahi varlığın vəchindən bir təcəlli nuru vardır. İnsan başqa varlıqlarda, xüsusilə də öz həmcinslərində həmin nuru görüb ona meyl edir, onu sevir. Bu maddi dünya sevgisi, hissi aləmdəki zərrələrə mehr, başqa sözlə, məcazi eşq olsa da, məqbuldur. Çünki, əvvələn, bütün məxluqat Tanrı tərəfindən və onun zatından yaradılıb. İkincisi isə, məcazi eşq özü həqiqi eşq üçün başlanğıc, məhəbbət yolunun ibtidasıdır. İnsanı küfrdən imana, naqislikdən kamilliyə, cəhldən arifliyə aparan yeganə və həqiqi yol da budur. Çünki Xuda eşqi həqiqət əhli, aşiqlər üçün əvəzsiz həqiqət yolu kimi müəyyənləşdirib. Həqiqi saliklər ancaq bu yola baş əyərlər:

Qəd ənarəl eşqü, lil üşşaqü münhacəl-hüda,

Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

…Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir

Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.