Tağıyevin qızının məzarı necə tapıldı? – Fotolar

I Yazı

İstanbula gəldiyim gündən etibarən Azərbaycan mühacirət irsi ilə bağlı tədqiqatlarımın bir hissəsini məzarlıqlar təşkil edir. Azərbaycan mühacirləri, əsasən, İstanbul və Ankarada fəaliyyət göstərdikləri üçün onların son mənzili də bu şəhərlər olub. Amma təəssüf ki, bəzi mühacirlərin məzarları ailələri və həmyerliləri tərəfindən ziyarət edilsə də, kimsəsiz, yaddan çıxan, unudulan məzarlar daha çoxdur. Bu məzarlar isə aradan ötən illər ərzində baxımsız hala düşüb, ciddi bərpaya ehtiyac yaranıb.

Ötən il Miryaqub Mirmehdiyevin dağılmış başdaşını torpağın altından çıxararkən bu barədə yazı yazmış, video da çəkərək bu halın ən qısa zamanda aradan qaldırılmasının vacibliyini söyləmişdim. Sevindirici hal oldu ki, Azərbaycanda yaşayan bir xeyriyyəçi, dostlarımızın vasitəsilə səsimizə səs verdi və həmin məzar bərpa olundu. Azərbaycan Cümhuriyyətini Avropada tanıtmağa gedən bir insanın məzarı bu şəkildə olmamalıydı…

Amma təkcə bununla da iş bitmirdi. İstanbuldakı Feriköy İslam Məzarlığında təmirə ehtiyacı olan çoxlu məzar vardı. Biz onlar barədə də davamlı şəkildə sosial şəbəkədə, mətbuatda yazdıq, gəncləri ziyarətə apardıq, televiziyada çəkilişə nail olduq.

Çox sevindik ki, səsimizi eşitdirə bildik və bununla bağlı bizə nəinki ciddi dəstək verildi, bu iş kompleks şəkildə öz həllini tapdı.

***

Bu ayın əvvəlində Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyevin dəvəti ilə jurnalist həmkarımız Vüsalə Abbasova ilə birlikdə konsulluğa çağırıldıq. Məsim bəy İstanbulda Azərbaycanla bağlı məsələlərə hər zaman diqqət göstərdiyini, mədəni tədbirlərin keçirilməsi, önəmli günlərimizin xatırlanması, parkların açılması, universitetlərlə əlaqələrin möhkəmləndirilməsi ilə bağlı davamlı şəkildə gördükləri projelərdən bəhs etdi, eyni zamanda bizlərdən də təklif gəldiyi halda dəyərləndirə biləcəyini dedi.

Məsim bəy həmçinin Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamına uyğun olaraq, konsulluğun mühüm layihələr həyata keçirəcəyini və görülən tədbirlər planı içərisində mühacirlərə aid məzarların da bərpasının olduğunu söylədi.

Cənab baş konsulumuzun söylədikləri bizi hədsiz şəkildə sevindirdi, bu işlərin həyata keçirilməsində birgə fəaliyyətimizin daha effektli olacağına qərar verdik.

Beləliklə, bir ildir arzusunda olduğum layihə Məsim Hacıyevin şəxsi təşəbbüsü ilə həyata keçmiş oldu.

Məsim bəy İstanbul Məzarlıqlar Dairə başqanlığı ilə görüşərək layihə haqqında onlara məlumat verdi, bununla da fəaliyyətə başlamış olduq. Ötən şənbə isə konsulluğun əməkdaşları və məzarlıq müdirliyinin əməkdaşları ilə birgə Feriköy məzarlığına yollandıq.

Feriköy İslam Məzarlığında mənə məlum olan aşağıdakı şəxslərin məzarları var idi:

Əhməd bəy Ağaoğlu və ailəsi – Əhməd bəy Ağaoğlu – Azərbaycanlı fikir adamı, beynəlxalq konfransda iştirak edən ilk azərbaycanlı, ermənilərə və ruslara qarşı yaradılan “Difai” təşkilatının lideri, Nuru paşanın müşaviri, Azərbaycan Cümhuriyyəti parlamentinin deputatı, Türkiyədə millət vəkili, Anadolu agentliyinin qurucularından. Qızı Sürəyya Ağaoğlu – Türkiyənin ilk qadın vəkili. Qızı Tezer Ağaoğlu Taşkıran – Türkiyədə millət vəkili, lisey müdiri, məntiqlə bağlı kitabların müəllifi. Oğlu Səməd Ağaoğlu – Menderes hökuməti dönəmində nazir, ədəbiyyatşünas, yazıçı.

Məhəmmədsadıq Axundzadə Aran – Azərbaycan Cümhuriyyəti parlamentinin deputatı

Xəlil bəy Xasməhəmmədov – Azərbaycan Cümhuriyyəti Ədliyyə, yollar, daxili işlər naziri

Xosrovpaşa Sultanzadə – Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru

Nağı bəy Şeyxzamanlı – Azərbaycan Cümhuriyyətinin Əksinqilabla mübarizə təşkilatının sədri

Şəfi bəy Rüstəmbəyli – Azərbaycan Cümhuriyyəti parlamentinin deputatı

Miryaqub Mirmehdiyev – Azərbaycan Cümhuriyyətinin Parisə göndərdiyi nümayəndə heyətinin üzvü

Hüseynqulu xan Xoyski və ailəsi (xanımı Şirinbəyim xanım, qızı Valiyyə Kazımbəyli) – Fətəli xan Xoyskinin qardaşı, general

Əbdüləli bəy Əmircan və ailəsi – Azərbaycan Cümhuriyyətinin maliyyə naziri

Qulamrza Şərifzadə – Azərbaycanlı mühəndis, aktyor Abbas Mirzə Şərifzadənin qardaşı.

Biz hər ehtimala qarşı burada başqa hansı məzarların ola biləcəyi ilə bağlı əziz dostumuz, mühacirətşünas alim Ömər Özcan bəyə müraciət etdik. Onun bizə təqdim etdiyi siyahıda bir neçə başqa ad da vardı. Onlar içində bir ad bizi daha çox həyəcanlandırdı: Hacı Zeynalabdin Tağıyevin qızı Leyla Əsədullahın məzarı.

***

Baş konsulluğun və məzarlıq müdirliyinin əməkdaşları ilə birgə Feriköy İslam Məzarlığını gəzərək təmirə ehtiyacı olan məzarların siyahısını tutduq. Əməkdaşlar qeydiyyat götürdülər, qısa müddət ərzində öz müdirliklərinə, dolayısı ilə konsulluğa məlumat verəcəklərini dedilər. Onlara Ömər bəyin bizə göndərdiyi siyahını da təqdim etdik və bu məzarların da tapılmasını xahiş etdik. Mərkəzdən göndərilən xəritə əsasında axtardığımız məzarları tapa bildik.

Beləliklə, Məsim bəyin şəxsi təşəbbüsü artıq ilk mühüm nəticəni ortaya qoymuşdu. Biz var-dövlətini Bakı üçün, dönəmin ziyalıları, tələbələri üçün xərcləyən xeyriyyəçi Hacı Zeynəlabdin Tağıyevin qızının unudulmuş məzarını tapmışdıq.

Köhnə qəbir daşının üzərindəki bu yazı güclə oxunurdu: “Hacı Zeynəlabdin Tağının qızı Leyla Əsədullah. Bakı 17 yanvar 1896, İstanbul 23 fevral 1948”.

Leyla xanımın həyat yoldaşı Əli Əsədullah 1920-ci illərdə ailəsini götürərək əvvəlcə İrana, oradan isə Türkiyəyə mühacirət edib. Əli, Nadir, Gülnar adlı övladları olub. Zeynal adlı övladları İstanbulda doğulub. Daha sonra ailə Parisə köçüb. Övladlardan Gülnar Parisdə Sorbonn Universitetini bitirdikdən sonra Leyla xanım ilə İstanbula köçüb. Leyla xanım da 1948-də İstanbulda vəfat edib.

Digər bizim üçün yeni olan məzarlar ədəbiyyatşünas alim Səlim Rəfiq Rəfioğluna və ailəsinə aid idi. Səlim Rəfiq haqqında Ömər Özcan bəy tədqiqat əsəri yazıb, onunla bağlı zəngin bilgilər verib. Özcanın yazdığına görə, Səlim Rəfiq Rəfioğlunun babası Hacı Məmmədhüseyn Əlirza oğlu Rəfiyev (1846-1920) Gəncədə, eləcə də qonşu ölkələrdə adlı-sanlı tacir kimi tanınıb, sayılıb seçilən ziyalılardan olub, ədəbiyyata maraq götərib, Nizaminin məzarını bərpa etdirib, Gəncədə ilk fotoatelyenin, yeni tipli məktəbin açılmasında, həmin təhsil ocağına müəllimlərin cəlb olunmasında fəallıq göstərib. Rəfiyev həmçinin ermənilərin törətdiyi qətliamlara qarşı yaradılan “Difai”nin Gəncə təşkilatının üzvlərindən olub.

Səlim Rəfioğlunun dayısı Azərbaycan Cümhuriyyəti parlamentinin üzvü Abuzər bəy Əliəsgər bəy oğlu Rzayev (1876-1920) olub.

Səlim Rəfioğlunun atası Məşədi Əli Hacı Məmmədhüseyn oğlu Rəfiyev (1880, Gəncə – 1948, İstanbul) Türkiyəyə mühacirət edib, 1922-ci ildə İstanbulda qurulan Müsavat Partiyası Xarici Ölkələr Bürosunun üzvü olub. Səlim bəy isə 1905-ci ildə doğulub, ilk və orta təhsilini Gəncədə alıb, 1927-ci ildə Gəncə Pedaqoji Texnikumunu bitirib, sonralar gizlicə İrana, oradan Türkiyəyə gedib, 1930-cu ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinə daxil olub, 1931-ci ildə Türkiyə vətəndaşlığına qəbul edilib..

Səlim Rəfiqin Türkiyə mətbuatında və Azərbaycan mühacirlərinin çap etdiyi jurnallarda mühüm yazıları, eləcə də, Türkiyədə üç kitabı çap olunub.

Yeri gəlmişkən, Feriköy məzarlığında Səlim Rəfiqin atası Əli Rəfioğlunun da məzarını tapdıq. Əli Rəfioğlu Xoyski ailəsinin məzarlarının yaxınlığında dəfn edilib. Səlim Rəfiqin məzarının arxasında isə ailə üzvlərinin məzarı yerləşir.

Feriköy məzarlığında tapdığımız digər iki məzar isə Həsən Fəttah Başoğuz və Baba Behbuda aid idi. Bu barədə ikinci yazımızda.


Müəllif: Dilqəm Əhməd

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.