Bizimsesimiz.info // 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək orada böyük soyqırım törətdilər. Biz bu hadisənin və digər məsələlərin fonunda tarixi düşmənimiz Rusiya haqqında yaddaşlarımızdan silinməyə çalışılan tarixi faktları yenidən gündəmə gətiririk.

1985-ci ildə Şəmkirdəki 366-cı motoatıcı alay Dağlıq Qarabağa dislokasiya edilir. 1991-ci ildən etibarən alayda xidmət edən hərbçilərin böyük bir qisminə erməni hərbi birləşmələrinin tərəfində muzdlu olaraq döyüşmək təklif edilir. Alayın zabit və hərbçilərinin böyük bir qismi buna razılıq verir. Əməliyyata o zamanlar 366-cı motoatıcı alayın 2-ci motoatıcı batalyonunun komandiri mayor Seyran Ohanyan (Ermənistanın indiki müdafiə naziri) rəhbərlik edir.

Məhz Xocalı hadisəsindən sonra Rusiya 366-cı alayın Xankəndindən çıxarılması qərarını verir. Alay komandiri polkovnik Yuri Zarviqorova ordunu şimal istiqamətində geri çəkmək haqqında əmr gəlir. Bu, Rusiya qoşunlarının Gürcüstana köçürülməsi anlamını verirdi. Lakin Zaqafqaziya Hərbi Dairəsinin bu əmrinə 2-ci motoatıcı batalyonun komandiri olan mayor Seyran Ohanyan tabe olmur. Alaydakı erməni hərbçilər Ohanyanı müdafiə edirlər. Tezliklə, ermənilər 1 tank, 2 artilleriya silahı və 20 PDM ələ keçirirlər. Bunun ardınca alay mühasirəyə alınır. Bunu görən Zaqafqaziya Hərbi Dairəsi həyəcan siqnalı ilə 328-ci və 345-ci desant alaylarını ayağa qaldırır. Onlar 366-cı alaya yardıma göndərilir. Tərəflər arasında qısa sürən atışma olur və alay Qarabağdan çıxarılır. Bundan sonra 366-cı alay Gürcüstanın Vaziani şəhərinə yerləşdirilir. 1992-ci il martın 10-da alay tam olaraq Vazianidə ləğv edilir.

Rusiya tərəfi bu cinayəti öz boynundan atmaq üçün iddia edir ki, guya bu alayda nizam-intizam nəzarətdən çıxmışdı. Məhz bu səbəbdən 103 nəfər erməni üzvü əmrə itaət etməyərək bu qırğında iştirak etmişlər. Və yenə guya alayı döyüş bölgəsindən sərbəst şəkildə çıxarmaq istəyərkən əhalinin müqaviməti ilə rastlaşmışdı. Birincisi, alay bundan daha əvvəl də Xocalı, Şuşa və digər yerlərin atəşə tutulmasında yaxından iştirak etmişdi. Həmçinin, Xocalı faciəsindən bir neçə gün əvvəl 117 insanın qətli, onlarla insanın girov götürülməsi ilə nəticələnən Qaradağlı soyqırımını məhz bu alay törətmişdir.Sual olunur. Niyə bu alayın daha əvvəl etdiklərinə göz yumulmuşdu? İkincisi, niyə bu cinayəti törədən hərbçilər hələ indiyəcən də cəzalandırılmayıblar? Üçüncüsü, azərbaycanlılara qarşı əməliyyatlarda DQMV-də yerləşən ruslara məxsus digər batalyonlar da yaxından iştirak etmişdilər. Onlar belə əməliyyatlarda Rusiya hökumətinin tapşırığı ilə yanaşı, həm də ermənilərlə də sövdələşərək pul qazanırdılar. Məsələn, Xankəndi şəhərindəki 463-cü Əlahiddə Kimyəvi-mühafizə batalyonu və 909-cu Əlahiddə Kəşfiyyat batalyonunun döyüş planları ilə bağlı, ermənilər tərəfindən vuruşması barədəki əmrin qiyməti 18 min dollar idi.

Rusiyanın bu qırğında, bütövlükdə isə Qarabağ savaşında tərəf kimi çıxış etməsinə dair daha da çox fakt gətirmək olar. Ancaq təəssüflər olsun ki, Azərbaycan telekanallarında son bir neçə ilə qədər Xocalı faciəsi ilə birlikdə “Rusiya” adı hallansa da, indi başda Aztv olmaqla kanallarımız Rusiya adını çəkməyə cürət etmirlər. Hətta bəzi telekanallar və siyasi şərhçilər bunun günahını o dövrdə mövcud olmayan SSRİ-də görürlər. Halbuki biz bilirik ki, 1992-ci ildə SSRİ adlı bir dövlət yox idi. Onun yerində isə varisi Rusiya var idi. Bu da onu göstərir ki, Rusiya bizi son bir neçə ildə daha da sıxışdırıbdır.

(ardı var)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here