Teatrlarımızın “sezon finalı”

2018-ci ilin isti yay günlərini yaşayırıq. Yayın gəlişi tətilin və istirahətin müjdəçisidir. Bu mövsümdə bütün yaradıcı müəssisələr kimi, teatrlarımız da tətilə çıxırlar, son tamaşalarını nümayiş etdirməklə mövsümü bağlı elan edirlər. Yeni mövsümdə daha enerjili və ruh yüksəkliyi ilə çalışmaq üçün yaradıcı insanlara bu istirahət önəmli və vacibdir. Biz də iyunun sonlarına yaxın paytaxt teatrlarımıza müraciət etdik. Onlardan mövsüm sonuna necə hazırlaşdıqlarını və hansı tamaşa ilə pərdələrini bağlayacaqlarını xəbər aldıq. Aydın oldu ki, bir çox teatrlarımız mövsümü yeni tamaşalarla bağlayacaqlar.
Ənənəsinə sadiq qalan ana teatr
Akademik Milli Dram Teatrı cari mövsümə iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekun vuracaq. Teatrın mətbuat katibi Cavid Zeynallı “Kaspi” qəzetinə bildirib ki, milli teatr ənənəvi olaraq yeni mövsümün açılışını və bağlanışını “Qarabağnamə” tamaşası ilə edir: “Bu tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə bağlıdır. Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Səhnə əsərində rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əli Nurzadə, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Elşən Cəbrayılov, Anar Heybətov, Rövşən Kərimduxt, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov və Rada Nəsibova ifa edəcək. Qeyd etmək istərdim ki, cari mövsüm bizim teatr üçün əlamətdar hadisələrlə yadda qaldı. Mövsüm ərzində kollektiv xaricdə və bölgələrdə qastrol səfərlərində olub, bir neçə tamaşanın premyerası keçirilib, eyni zamanda Azərbaycan teatrının inkişafında müstəsna xidmətləri olan korifey sənətkarlarımızın yubileyləri Mədəniyyət Nazirliyinin dəstəyi ilə təntənəli şəkildə qeyd edilib. Son olaraq bildirim ki, tamaşaçılarımız iyul ayının 14-dək də bir-birindən maraqlı tamaşalar izləyə biləcəklər”.
O olmasın…
Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü yekunlaşmaq üzrədir. Qurumun mətbuat katibi Fəridə Aslanova bildirib ki, mövsümün başa çatması ilə əlaqədar iyulun 3-də saat 12:00-da Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq: “Artıq bir neçə ildir ki, kollektivdə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşların mövsümün sonunda mükafatlandırılması ənənəyə çevrilib. Tədbirdə “Ən yaxşı kişi roluna görə”, “Ən yaxşı qadın roluna görə”, “Mövsümün ən yaxşı rejissor işinə görə”, “Mövsümün sevilən aktrisası”, “Mövsümün sevilən aktyoru”, “Mövsümün məhsuldar aktyoru”, “Bərpa tamaşasında uğurlu roluna görə”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün ən yaxşı uşaq roluna görə”, “Teatrın dostu”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün sevilən tamaşası” nominasiyaları üzrə qaliblər bəlli olacaq. Qaliblərə xüsusi hədiyyələr və pul mükafatları veriləcək. Mərasimdə həmçinin mövsümün seçilən aktyorlarına Azərbaycan Respublikasının xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına “Billur alma” mükafatı da təqdim ediləcək”.
Mövsümün son səhnə əsəri isə 15 iyul tarixində dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. 
“Öldürsənə məni, Caniko”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümünü də uğurla başa vurdu. Teatrın mətbuat xidmətindən Lalə Azəri deyir ki, bu mövsüm ərzində kollektiv bir sıra yeni layihələri ilə tamaşaçıların qarşısına çıxıb: “Ölkə başçısının sərəncamı ilə teatrımızın aktyorları fəxri adlara layiq görüldülər. Məlumdur ki, artıq bir neçə ildir ki, ADGTT mövsümün son tamaşalarını bölgələrdə təqdim edirdi. Bu il isə teatrın kollektivi mövsümə elə öz doğma binalarında nümayiş olunacaq tamaşalarla yekun vuracaq. Belə ki, teatrda mövsümün son premyerası, Ə.Nesinin əsəri əsasında hazırlanmış “Öldürsənə məni, Caniko” adlı tamaşa iyulun 8-nə təsadüf edir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Ümumilikdə isə teatr özünün 90-cı mövsümünə iyul ayının 15-də yekun vurur. Həmin gün günorta sat 14-də balaca tamaşaçılar üçün “Çippolino”, saat 19-da isə Ə.B.Haqverdiyevin eyniadlı pyesi əsasında hazırlanmış “Pəri cadu” tamaşası təqdim ediləcək. Eyni zamanda qeyd edim ki, bu mövsüm teatrımız bir çox beynəlxalq festivallarda iştirak edib”.
“Biz artıq mövsümü bağlamışıq”
Akademik Opera və Balet Teatrında iyunun 24-də 109-cu mövsümün son tamaşası – dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri sayılan “Don Kixot” baleti artıq nümayiş olunub.
Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirəzyeva deyib ki, səhnədə son tamaşanı nümayiş etdirsələr də, hələ teatrda iş prosesi davam edir: “Teatrın yaradıcı heyəti iyulun 19 da yay istirahətinə yollanacaq. Sentyabrın 1-dən 110-cu mövsümə başlayacağıq. Ənənəyə uyğun olaraq, yeni mövsümdə kollektiv Üzeyir Hacıbəyli adına musiqi festivalı çərçivəsində səhnəyə çıxacaq. Bu möhtəşəm musiqi tədbir çərçivəsində ilk çıxışımız 18-19 sentyabr tarixlərinə təsadüf edəcək”. Əlibaba, qırx quldur və uşaqlar
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova teatr mövsümünü iyulun 15-də bağlayacaqlarını bildirib: “Mövsümü “Min bir gecə nağılları” əsasında hazırlanan “Əlibaba və qırx quldur” adlı yeni tamaşa ilə bağlayacağıq. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Səhnə əsərinin musiqisi Fikrət Əmirovun “Min bir gecə” baletindən bəhrələnərək hazırlanıb. Tamaşada teatrımızın aktyorları Rəhim Rəhimov, Cavid Telman, Cəmilə Allahverdiyeva, Samirə Nəcəfli və b. iştirak edirlər. Həmin gün teatrın rəhbərliyi tərəfindən teatrın mövsümünə hesabat xarakterli çıxışı nəzərdə tutulub. Belə ki, mövsüm sonundakı görüşümüzdə Kukla teatrının əməkdaşları mükafatlandırılacaq. İlin ən yaxşı aktyoru, aktrisası, rejissoru, texniki işçisi fəxri fərmanla təltif olunacaq. Bu, simvolik xarakter daşıyır. Həmin gün bizimlə əməkdaşlıq edəni teatrımızın uğurlarını mediada geniş işıqlandıran həmkarlarımızın da mükafatlandırılmasını nəzərdə tutmuşuq”. Yuğdan yeni “Təklif”
Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri Elçin Cəfərovun məlumatına görə, mövsümü iyul ayının 15-da A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif” tamaşası ilə yekunlaşdıracaq. Günay Səttarovanın quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, əməkdar artist musiqi tərtibatçısı Vüqar Camalzadə, rejissor assistenti Sabir Məmmədovdur. Tamaşada teatrın aktyorları Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edirlər. Mövsümün son görüşündə həmçinin il ərzində teatrın yaradıcılıq həyatında fəal iştirak edən əməkdaşların mükafatlandırılması da nəzərdə tutulub. Çexovun “İt gəzdirən xanım”ı
Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev deyib ki, bu mövsüm teatr üçün məhsuldar keçib. İyulun 15-də mövsümü A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanmış tamaşa ilə bağlayacağıq. Nümayiş olunacaq səhnə əsəri Leyla Atayevanın quruluşunda hazırlanıb. Rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Tamaşada rolları rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.Davam edir 37… 
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov deyib ki, mövsümü iyulun 15-ində Nizami Muradoğlunun “Zülmətdə nur” əsərinin tamaşası ilə bağlayacaqlar. F.Məhərrəmovun quruluş verdiyi bu əsər 37-ci il repressiyalarında imperiyanın hədəfinə tuş gəlmiş mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin, o cümlədən dövrün tanınmış aydınları Əhməd Cavadın, Mikayıl Müşfiqin həyatına işıq salır. NKVD zindanlarında əzab verilən ziyalılarımızın mənəvi-psixoloji sarsıntılarını Əməkdar artistlər Rauf Ağakişiyev, İlahə Səfərova, Cəlal Məmmədov İzaməddin Bağırov, aktyorlar Oqtay Mehdiyev, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, İlahə Səfərova və başqaları ustalıqla çatdıra bilirlər. Tamaşa Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilib. Bakı Uşaq Teatrında “Əyriqulaq”
Bakı Uşaq Teatrı mövsümü iyulun 12-də “Əyriqulaq” tamaşasının premyerası ilə bağlayacaq. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru isə İlhamə Əhmədovadır. Səhnə əsərinin musiqi tərtibatı Mahir İbrahimliyə, rəqslərin quruluşu Könül Şahbazovaya məxsusdur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir