Toy-yas və qəbiristanlıq israfçılığı: kompleksdən niyə qurtula bilmirik?

Kreditə qoyulan bahalı baş daşları, dünyanın ən varlı ölkəsində belə rast gəlinməyən dəbdəbəli xeyir və şər məclisləri; ekspertlər əsas səbəbləri və çıxış yolunu göstərdilər

Nə qədər yazılsa da, deyilsə də, Azərbaycan cəmiyyəti israfçı toy və yas mərasimlərindən, dəbdəbəli baş  daşlarından imtina etməməkdə israrlı davranır. Əhalinin əksər hissəsinin maddi gəlir səviyyəsi aşağı olduğundan,  nəinki toy eləmək iqtidarındadır, ay ərzində 2-3 toya və ya yasa getmək belə onların vəziyyətinin ağırlaşmasına səbəb olur.

Bəzən heç bir imkanı olmayan ailə borc-xərc edib ölüsünün yas məclisində ehsan verir, kredit götürüb 5-6 min manatlıq başdaşı düzəltdirir. Toyun və toy öncəsi mərasimlərin xərcləri isə şad gününə hazırlaşanları da yasa batırır. İlk baxışdan bunlar nə qədər anormal görünsə də, günümüzün reallığıdır və heç kim ondan imtina etmək istəmir. Qonşudan geri qalmamaq prinsipi ilə insanları yoxsullaşdıran, bir qrup iş adamının dəyirmanına su tökən bu proses illərdir hər cür tənqid və təzyiqlərə rəğmən davam edir. Bir çox rayonlarda inzibati müdaxilələrdən sonra yas mərasimlərində yemək verilməsi dayandırıldı və əhali artıq daha sadə ehsan süfrəsi təşkil edir. Lakin ümumi götürdükdə əksəriyyət bundan imtina etməyib. Azərbaycanda olan bu ənənələr inkişaf etmiş, varlı ölkələrin belə, heç birində yoxdur. Lakin milli mental xüsusiyyətlərimizdən doğan bu ənənələrə son qoyulması zamanın tələbi olaraq qalır.

Image result for Sosioloq Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu da “Yeni Müsavat”a açıqlamasında bunun çox ağrılı bir mövzu olduğunu dedi: “Toy və yas mərasimlərinin son dərəcə dəbdəbəli və israfçı formada keçirilməsi Azərbaycanda bir sosial bəladır. İsrafçılıq İslami dəyərlər baxımdan da düzgün hesab olunmur. Ziyalılar da hər zaman bunu tənqid edirlər. Ancaq  bunun qarşısını almaq mümkün olmur.  Əsas səbəblərdən biri də odur ki, ölkədə elmin və təhsilin təsiri azalıb. Bu da cəhalətin artmasına səbəb olur. Cəhalət artarsa, həmin kütləni müəyyən qüvvələr arzu etdikləri kimi yönləndirə bilirlər. Bu toy və yas mərasimlərini diqqətlə araşdıranda məlum olur ki, arxasında ciddi bir maddi marağı olan şəbəkələr var. Bunlar günü – gündən çoxalan şadlıq evləri, toyxanalar,  mərasim evləri şəbəkələridir. Bu şəbəkələrin sahibləri maraqlıdırlar ki, ölkədə bu cür toy mərasimləri daha da çoxalsın. Onlar da öz işlərini görürlər, televiziya proqramlarından, reklamlardan istifadə edirlər. Ona görə də belə bir ağlasığmaz mənzərə yaranıb ki, maddi imkanı olmayan insanlar belə dəbdəbəli tor və yas mərasimlərinə can atırlar. Əhalinin əksər hissəsinin  heç o toylara getmək imkanı yoxdur. İnsanlar nəinki kredit alırlar, hətta kriminal yollara da əl atırlar. Əhalinin orta aylıq əmək haqqı 300 manat səviyyəsinədir və bu da onun gündəlik və kommunal xərclərini ancaq  görə bilər. Əgər həmin insanı bir ayda 3-4 toya çağırıblarsa, məcburdur ki, kriminal, arzuolunmayan  işlərlə məşğul olsun. Ya rüşvət alsın, ya kimisə aldatsın. Həmin şəxs cəmiyyət üçün gərginlik yaradan işlərlə məşğul olur ki, həmin pulu toplasın. Deməli, toyların və yasın bu səviyyədə olması birbaşa ölkədə kriminal vəziyyətin artmasına təsir edir”.

Sosioloqun sözlərinə görə, burada restoran və mərasim evləri şəbəkələrinin də rolu az deyil, onların təbliğatı, reklamı ziyalıların sözlərindən daha çox təsir göstərir: “Biz uzun illərdir bu halların qarşısını almağa çalışırıq, təbliğat aparırıq. Ancaq toyxana şəbəkələri ciddi müqavimət göstərirlər. Burada iki yol qalır. Birincisi, inzibati yoldur. Bu yol tez effekt verir, ancaq təəssüf ki, hələ bundan istifadə olunmur. Məsələn, Naxçıvanda bu inzibati üsuldan istifadə olundu və nəticə də verdi. Bu o deməkdir ki, Azərbaycan mühitində inzibati yol ciddi nəticələr əldə etməyə imkan verir. İkinci yol maarifləndirmə yoludur. Bu yolla da getmək olar,  ancaq  biz bundan istifadə etmirik. Halbuki televiziyalar daha çox şadlıq evlərini, xınayaxdı mərasimlərini təbliğ etmək əvəzinə, bu sahədə daha  maarifləndirici iş apara bilərlər. Bu maarifləndirici iş nədən ibarət ola bilər? Bizim əhali cəhalət faktorunun təsiri hesabına yamsılamağı daha çox xoşlayır. Qohum qohumdan, qonşu qonşudan nümunə götürür, heç kim geridə qalmaq istəmir. Kimsə  məhdud səviyyədə toy etmək istəyəndə, ictimai qınaqla üzləşir. Ona görə də televiziyalarda inkişaf etmiş ölkələrin təcrübəsini göstərməliyik. Avropada, qardaş Türkiyədə və digər ölkələrdə toyların necə mütəvazi formada keçirilməsi ilə bağlı sujetlər yayımlansa, əhali  qabaqcıl  ölkələrdə bu cür toy mərasimlərinin müsbət qarşılanmadığını görsələr, bu onların düşüncəsinə təsir göstərə bilər”.

Image result for Psixoloq Azad İsazadə

Psixoloq Azad İsazadə isə  bildirdi ki, bu insanların şüuraltındakı yaxşı yaşamaq və özünü bu cür nümayiş etdirmək istəklərindən doğan bir məsələdir: “Biz hamımız yaxşı yaşamaq istəyirik. Məsələnin kökündə şüuraltımızda olan bu amil dayanır. Yaxşı yaşamağın da görüntülü rəmzləri var. Biz tam yaxşı yaşaya bilmədiyimiz üçün, çalışırıq ki, onun rəmzlərini nümayiş etdirək. Bizdə diskotekalar, gecə klubları da var. Ancaq əhalinin əsas hissəsi ora getmir, gücü toya və yasa çatır. İnsanların, qonşu-qohumun yanında göstərmək istəyirlər ki, mən də hamı kimi yaxşı yaşaya bilirəm. Bu  bir qədər anormal haldır, anormal deyilsə də, normadan kənardır. Ancaq ikisinin də bünövrəsində yemək var. Bizim üçün istirahət yemək hesab  olunur. Dağlara, təbiət qoynuna gediriksə, mütləq kabab yeməliyik, heç mənzərəyə baxmırıq. Bu xüsusiyyət şərq xalqlarına daha çox xasdır. Yeməklə bağlı nə varsa, çalışırıq maksimum edək. Yəni mən doymuşam, gözüm doyub. Bunlar hamısı şüuraltı komplekslərdir. Hərəsinin haradasa təsiri var, nəticədə belə bir vəziyyət yaranır.

Ondan başqa, biznesmenlər də bu məsələdə öz maraqlarını güdürlər, şadlıq evlərinin, mərasim zallarının sayı çoxalır. Bir tərəfdən də insanların işini rahatlaşdırır. Əvvəllər yas mərasimi evlərdə və ya həyətdə çadır qurularaq verilirdi. İnsanlar gəlib başsağlığı verib gedirdilər. İndi hamı eyni vaxtda çağırılır, yemək stoluna oturulur və yemək yeyir. İnsanlar istəsə də, istəməsə də məcbur olur ki, bu təzə dəbə uyğunlaşsın. Əsas məqsəd isə  ətrafdakılara göstərməkdir ki, mən heç kimdən əskik deyiləm”.

Psixoloq onu da bildirdi ki, bu məsələnin həllində inzibati üsullar rol oynaya bilər, ancaq bunun üçün maarifləndirməyə də ehtiyac var: “Qadağalara başlasaq, biz ilk növbədə mərasim zallarını qadağan etməliyik ki, insanlar yası evdə versinlər. İnsanlar hər zaman qadağalardan çıxış yolu tapırlar. İnzibati müdaxilə də lazımdır. Ancaq təkcə onunla məsələ həll olunmur. Yaxşı olar ki, ziyalılar, məmurlar, incəsənət xadimləri kimi tanınmışlar şəxsi nümunə göstərsinlər. Özlərinin toy və yas mərasimlərinin yığcam və sadə şəkildə keçirməklə, belə bir dəb yarada bilərlər. Tanınmış insanlar 50-80 nəfərlik toy eləsə, bu, dəb ola bilər. Hamı da çalışacaq ki, onlara oxşasın”.

Nərgiz LİFTİYEVA

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.