Bizimsesimiz.info // SSRİ ilə yaxınlaşan türk hökumətləri hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırıldı

2015-ci ildə Su-24 təyyarəsinin vurulmasından sonra Türkiyə və Rusiya arasında yaranan siyasi böhranın ən ciddi gündəm mövzusu olan məsələlərdən biri də türk pomidoruna qoyulan sanksiyadır.
Avropa.info xəbər verir ki, Rusiya üzrə mütəxəssis, vəkil Yusuf Taş Türkiyə-Rusiya münasibətləri və pomidor sanksiyasının ləğv edilib-edilməməsi haqda danışıb. Taşa görə rus pomidoru türk pomidoru ilə rəqabət edəcək hala gələməyənədək sanksiyalar ləğv edilməyəcək.
Türkiyə ilə Rusiya arasında iqtisadi münasibətlərinin tarixi barədə nə deyə bilərsiniz?
Münasibətlər tarixinə dair məlumatları bu formada sıralaya bilərəm. Qurtuluş savaşında göndərilən hərbi təchizatlar, SSRİ-dən gələn maşın və texnika dəstəyi ilə qurulan ilk ştamp fabrikləri, Moskvada Qorki parkı nümunə götürülərək 1934-cü ildə İzmirdə açılan “Beynəlmiləl İzmir 9 sentyabr attraksionu”, 1959-cu ildə sovet krediti ilə Çayırova şüşə fabrikinin fundamentinin qoyulması. SSRİ 25 mart 1967-ci ildə imzalanan İqtisadi-Texniki Əməkdaşlıq müqaviləsi ilə Türkiyəyə 200 milyon dollar məbləğində kredit verdi.

Bu kreditlə İskəndərun Dəmir Polad Müəssisəsi, Seydişehir Alüminium Fabriki, Aliağa Neftayırma Zavodu, Bandırma Turşu Sulfat Fabriki, Artvin Panel fabriki kimi ağır sənaye müəssisələri inşa edildi. 24 dekabr 1972-də İskəndərun Dəmir Polad Fabrikinin böyüdülməsi, 5 iyun 1979-da Orxaneli Termal Stansiyasının qurulmasına dair kredit müqavilələri bağlandı. Bu müqavilələr sadəcə maliyyə ilə məhdudlaşmadı. SSRİ-dən texnologiya da idxal edildi.
Ancaq qeyd etmək lazımdır ki, SSRİ ilə yaxınlaşmağa çalışan hər bir Türkiyə hökuməti hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılıb. Rəhmətlik Adnan Menderes 1960-cı il hərbi çevrilişi olmasaydı, iqtisadi sərmayələrin gətirilməsi üçün SSRİ-yə danışıqlar aparmağa gedəcəkdi. SSRİ-dən sərmayə alan Süleyman Dəmirəl hərbi çevrilişə məruz qalmışdır. SSRİ ilə yaxınlaşma hərbi çevriliş üçün tək amil deyildir. Amma vacib amillərdən biridir.
SSRİ-nin sonuna yaxın da türk biznesmenləri Moskvada ticarət sərgilərində iştirak etməyə davam etdilər. 1984-cü ildə prezident Turgut Özal SSRİ-dən təbii qaz almağa qərar verdi. Bu qərardan sonra 1984-cü ildə imzalanan İqtisadi, Ticarət, Elmi və Texniki Əməkdaşlıq Proqramının ardınca imzalanan “Təbii Qaz Satın Alınması müqaviləsi” hər iki ölkənin iqtisadi münasibətlərinin strateji təməllərinin yüksəldilməsi ilə nəticələndi. Bu ilk təbii qaz müqaviləsi ilə SSRİ 1987-ci ildə başlayaraq 25 il ərzində Türkiyə Respublikası ildə 8 milyard kubmetr qaz nəqlini qarantiya altına aldı. Türk tərəfi qazın əvəzini mal və xidmət ixracatı il ödəməyi qəbul etdi.
Özal dövründə bağlanan müqavilələr 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Rusiya dövləti ilə davam etdi. İrili-xırdalı bir çox türk biznesmen Rusiyaya getdi. Eyni zamanda kapitalizmlə yeni tanış olan ruslar Türkiyəyə gələrək çamadan ticarətinə başladılar. 1996-2005 illər arasında ilk ölkə arasında 41 milyard dollarlıq çamadan ticarəti aparılıb. Türklər isə Rusiya bazarında önəmli mövqeyə sahib oldular. Meyvə-tərəvəz ixracatı baxımından türk istehsalçılar üçün Rusiya vacib bazara çevrildi.

İqtisadi rifahı artan ruslar istirahət üçün Türkiyəni tərcih etməyə başladılar. Ruslar beş milyon nəfərlə ən çox turist göndərən ölkə oldu.
Digər tərəfdən iqtisadiyyatı böyüyən və ehtiyacları mütəmadi şəkildə artan Türkiyə enerji ehtiyatlarının böyük hissəsini Rusiyadan almağa başladı. 1994-cü ildə baş nazir Məsud Yılmaz tərəfindən imzalanan “Mavi Axın” müqaviləsi ilə yeni bir dövr başladı. Bu günə gəldikdə isə “Türk Axını” boru xətti və Akkuyu AES-nin inşa edilməsi ilə Türkiyə-Rusiya iqtisadi münasibətləri vacib nöqtəyə gəldi.
Ancaq bunu bildirmək istəyirəm ki, iki dövlət tərəfindən 100 milyard dollarlıq ticarət dövriyyəsi hədəf seçilsə də, Rusiya-Gürcüstan müharibəsinin baş verdiyi 2008-ci ildə əldə edilən 38 milyard dollarlıq hədəfə çatmaq mümkün olmayıb.

Yəni qısa desək, SSRİ dövründə başlayan iqtisadi münasibətlər problemlərə baxmayaraq davam edir.
– Rus təyyarəsinin vurulması ilə başlayan böhrandan sonra Moskvanın daxil etdiyi sanksiyalar məsələsində gəldiyimiz nöqtə nədir?
Məlumunuzdur ki, təyyarə böhranında Rusiya çox sərt şəkildə davrandı. Türk biznesmenlərinin və fəhlələrinin Rusiyada işləməsi də çətinləşdi. Kənd təsərrüfatı məhsullarına qadağa qoyuldu. Qarşılıqlı vizaların götürülməsi müqaviləsi təxirə salındı. Bu gün gəldiyimiz nöqtədə münasibətlər çox yaxşı görünsə də, həqiqətdə sanksiyaların götürüldüyünü demək həqiqətə uyğun deyil. Rusiya bu böhrandan əhalinin diqqətini iqtisadi böhrandan uzaqlaşdırmaq, eyni zamanda öz istehsalçısını gücləndirmək üçün çox ağıllı şəkildə istifadə etdi. Başqa çarələri olmadığından, yəni rus inşaata şirkətləri işlərini düzgün görə bilmədiyi üçün bu sahədəki sanksiyaları yumşaltmaq məcburiyyətində qaldılar. Amma kənd təsərrüfatı məhsullarına qoyulan sanksiyalar məsələsində isə öz istehsalı lazımi səviyyəyə gəlincəyə qədər bu sanksiyaları davam etdirir. Arada bir Türkiyənin könülünü almaq üçün bir-iki məhsulda sanksiyaları götürür.

Türkiyə-Rusiya münasibətlərində simvola çevrilmiş iki məhsuldan danışa bilərik. Limon və pomidor. Rusiyada limon istehsal edilmədiyi üçün sanksiya qoya bilmədilər. Pomidor isə ən çox istehlak edilən tərəvəzlərin başında gəlir. Bu sahədə istixana təsərrüfatlarına böyük sərmayələr qoydular. Rusiya Kənd təsərrüfatı naziri istixana təsərrüfatına ən çox sərmayə qoyan şəxslərdən biri kimi tanınır. Şəxsən Putin sərmayə qoyan biznes adamlarının zərərə uğramaması üçün sanksiyaların davam etməsinin vacibliyini qeyd etmişdi. Meyvə-tərəvəz məsələsində Rusiya qüvvətləndikcə sanksiyalar azaldılacaq.

-Türkiyə ilə Rusiya arasında olan ticarət dövriyyəsi ilə bağlı nələr deyə bilərisniz? Rusiyadan nə idxal edirik, Rusiyaya nə ixrac edirik?
Rusiya ilə olduqca yüksək həcmdə və geniş çərçivədə iqtisadi münasibətlərimiz var. Ticarət dövriyyəmizin ən vacib hissəsini energetika təşkil edir. Təbii qaz və neft üçün bir ildə Rusiyaya 16 milyard dollara yaxın pul ödəyirik. Ticarət dövriyyəmizin ən çox olduğu 2008-ci ili qiymətləndirsək ixracatımızı 6.483004.000 dollar, idxalatımız 31.364.477.000 dollar olub. Ümumi dövriyyəmiz 37.847.481.000 dollar olub. 2016-cı ildə isə ticarət dövriyyəmiz 23.990.413.000 dollar oldu.
Təəssüf ki, energetika üzündən balans ciddi formada əleyhimizədir. Təbii, bir tərəfdən Rusiyada iş görən türklər, Türkiyədə sərmayə qoyan rus şirkətləri və milyonlarla rus turist də var. Aldığımız və satdığımıza gələrsək ən çox təbii qaz və neft alırıq. Bunun xaricində yenə qiymətli metallar alırıq. Bunlarla birlikdə ciddi miqdarda buğda və qarğıdalı yağı da satın alırıq. Rusiyaya avtomobil hissələri, meyvə-tərəvəz və trikotaj məhsulları satırıq.

– Bayramdan əvvəl Rusiyanın verdiyi bəyanata görə, payız-qış mövsümündə Türkiyədən pomidor alına bilər. Pomidor məsələsi hal-hazırda hansı vəziyyətdədir və böhran davam edəcəyi təqdirdə bunun daxili bazara təsiri necə olar?
Pomidor Türkiyə-Rusiya iqtisadi münasibətləri çərçivəsində rəqəm olaraq çox böyük yer tutmasa da, simvolik olaraq çox vacib əhəmiyyət təşkil edən məsələdir. Rus xalqı üçün pomidor türk xalqı üçün olduğundan daha vacibdir. Rusiyada tomat soku çox populyardır. Konservisinin bağlanmadığı ev yoxdur. Ancaq iqlim şərtləri Rusiya əhalisinin hamısına çatacaq qədər pomidor istehsal etməyə uyğun deyildir. Bunun üçün çox geniş əhatəli və böyük istixanaların olması lazımdır. Bu da böyük sərmayə deməkdir. Bir neçə il əvvəl keyfiyyətli və ucuz türk pomidoru üzündən istixanalara qoyulan kapital gəlirli deyildi.
Ancaq Rusiyaya tətbiq olunan sanksiyalardan sonra “təyyarə böhranı” baş verincə, Rusiya bu böhranı kapital qoyuluşu və kənd təsərrüfatını inkişaf etdirmək üçün Türkiyəyə sanksiyalar qoymağa başladı. Bu müddətdə istixanalara da böyük sərmayələr qoyulmağa başlanıldı. Pomidor sanksiyası davam edərsə bu sərmayələr özünü təsdiqləyəcək. Çünki qışda pomidorun qiyməti 250 rubla (8,50 manat) qədər qalxır. Bu üzdən pomidor embarqosunun bir müddət davam edəcəyini görürəm. Bir də böyük kapitalı qoyuluşu edənlərin varlı biznesmenlərlə yanaşı bürokratların, yəni sanksiayaların davamına qərar verənlərin olduğunu bilmək lazımdır. Məsələn, Rusiya Kənd təsərrüfatı nazirinin istixanalara çox böyük kapital qoyduğunu nəzərə alsaq, sanksiyaların və vaxtaşırı ortaya çıxan böhranın səbəbi daha yaxşı anlaşılar. İndi Rusiyanın qoyduğu kapital yavaş-yavaş qazanca çevrilir. Dolyası ilə pomidor sanksiyaları bir müddət sonra yumşala bilər. Ancaq bunu unutmamaq lazımdır ki, Rusiya rəsmiləri sanksiyaların götürülməsi ilə bağlı bəyanatlarını təəssüf ki, əsasən Türkiyənin qəzəbini soyutmaq üçün verirlər. Qəti şəkildə özlərini təminat altına almadan, yəni rus pomidoru türk pomidoru ilə rəqabət edə biləcək hala gəlmədən sanksiyaları götürməyəcəklər.
Verilən bəyanatda payız-qış deyilməsi bu mənaya gəlir. Yəni bizim istehsalımız çatmaz, problem olarsa, pomidor ala bilərik. Rus bazarı baxımından bu cür böhranlar çox böyük təsirə malik deyil. Rus xalqı üsyan qaldırmağı hələ öyrənməyib. Türkiyənin daxili bazarının da çox təsirə məruz qalacağını düşünmürəm. Türk istehsalçıları yeni bazarlar tapacaqlar.
5.Rusiyanın Türkiyədəki böyük kapitalından və həyata keçirildiyi təqdirdə əldə olunacaq nailiyyətlərdən danışa bilərsənizmi? Akkuyu AES-i və “Türk Axını” layihələri ilə bağlı nələr deyə bilərsiniz?
Rusların Türkiyədə yanacaq, avtomobil, metallurgiya, bank, internet və rabitə sahələrində kapitalları var. “Lukoyl” 600-dən çox yanacaqdoldurma məntəqəsi ilə maye yanacaq bazarının 7%-nə nəzarət edir. Rusiyanın “Sberbank”ı “Denizbank”ı satın aldı. “Yandex” axtarış saytı Türkiyəyə sərmayə qoydu. “Alfa Telekom” illər əvvəl “Turkcell”in 13,2%-ni satın almışdı, qeyri-müəyyənlik hələ də həll olunmayıb.
Bunun xaricində Rusiya ilə “Türk axını” boru xətti və Akkuyu AES-i müqaviləsi imzalandı. Akkuyu 20 milyard dollarlıq bir kapital qoyuluşudur.

“Türk Axını” müqaviləsində iki boru xətti var. Birincisi Türkiyənin ehtiyacı olan təbii qazı təmin edəcək xətdir. Digəri də Avropaya qaz nəql edəcək xətt. Türkiyənin ehtiyacını ödəyəcək ilk xətt ilə Rusiya həm Ukraynadan yan keçəcək, həm də birbaşa və uzunmüddətli olmaqla Türkiyəyə daha çox qaz satacaq. Təbii qaz müqavilələri uzun illəri əhatə etdiyi üçün ən az 10 il Türkiyənin daha ucuz qaz axtarışlarına çıxmasının qarşısını alacaq.

Təbii Türkiyə baxımından da bu vəziyyətin bəzi üstünlükləri var. Qaz kəmərinin Ukraynadan yan keçməsi qaz təhlükəsizliyi baxımından Türkiyənin tərcih etdiyi bir haldır, ancaq digər tərəfdən də Rusiyanın təbii qazdan silah kimi necə istifadə etdiyini illər əvvəl Ukrayna ilə baş verən qaz böhranında gördük. Beləliklə, sabah Türkiyə ilə baş verə biləcək hər hansı bir problemdə boru xətti hər zaman üstüörtülü təhdid vasitəsi ola bilər. Türkiyə Avropaya qaz nəql edəcək ikinci boru xəttini əhəmiyyətini başa düşür. Bu xətt inşa edilər və Türkiyənin istədiyi şərtlər formalaşarsa, Türkiyə həm pul qazanacaq, həm də diplomatik güc əldə edəcək.
Akkuyu AES-nə gəlincə Türkiyə baxımından texnologiyanın verilməsi çox vacibdir. Çünki Türkiyə davamlı olaraq inkişaf edən və enerji ehtiyacı artan ölkədir. Bu üzdən artan enerji ehtiyacının ödənilməsini təminat altına alması lazımdır. Nüvə enerjisi vacib mənbədir. Bu səbəbdən Rusiya ilə bu müqavilə imzalandı. Rusiya baxımından isə bu müqavilə satınalma təminatı olan və olduqca yüksək qiymətə – 49 il satılacaq elektrik deməkdir. Bu iki müqavilənin Rusiya üçün nə qədər vacib olduğunu təyyarə böhranı müddətində heç bir halda ləğvinin və ya təxirə salınmasının gündəmə gəlməməsindən başa düşə bilərik.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here