Bizimsesimiz.info // Türkiyənin tanınmış rəssam və pedaqoqlarından olan Sənəm Dəmirxanın APA-ya müsahibəsi

– Reyner Maria Rilke deyir ki, yazmadan yaşaya biləcəyinə inanırsansa, yazma. Siz tablolarınızı çəkmədən yaşaya biləcəyinizə inanmadığınız üçün çəkirsiniz?

– Eynilə o cürdür. Məncə də özünü yaradıcılığa həsr etmiş insanın yazmadan, tablo çəkmədən, musiqi bəstələmədən yaşaması mümkün deyil. Yəni sənətlə hər gün iç-içə olmaq, onunla nəfəs almaq lazımdır.

– Ümumi vəziyyət  ayrı, siz özünüz tablo çəkməsəniz, yaşaya biləcəyinizə inanırsınızmı?

– Mümkün deyil. Çörək yemək, su içmək kimi mənim üçün də rəsm çəkmək vazkeçilməzdir. Onlar necə ehtiyacdırsa, rəsm çəkmək də mənim üçün o cür ehtiyacdır.

– Acanda  yemək yeyilir, susayanda su içilir. Rəsm çəkərkən içinizi titrədən hisslər nələrdir?

– Söhbət yaradıcılığın mayasından gedirsə, mənim üçün hər şeydən əvvəl rəng gəlir, sonra forma, ondan sonra isə rəsmin bir yerə toplanması. Rəng hər şeyin başındadır – təbiətdə gördüyüm bir rəng məni içinə alırsa, onu əsərlərimdə əks etdirirəm. Mənə təsir edən rəngi əsərimdə yaradıcı şəkildə əks etdirə bilirəmsə, o rəng mütləq mənim kətanımdan insanlara da təsir göstərir.

– Sizin də yaxından tanıdığınız türk rəsm sənətinin böyük ustası Ergin İnan deyirdi ki, bir tablo barədə “necə əsərdir?” – sualı verilməz. Önəmli olan əsərin tamaşaçıya təsir edib-etməməsidir. Daha çox rəngdən təsirləndiyinizi dediniz. Bəs söz necə, məsələn, şeir, ondan təsirlənmirsinizmi?

– Şeirdən çox mən memarlıqdan təsirlənirəm. Qədim yazılardakı hərflər mənə çox təsir göstərir. Mesopotamiya mövzusundakı sərgimdə memarlıq əsərlərindən yox, Şumer yazılarından istifadə edərək silsilə əsərlər yaratmışdım. Şeirdən təsirlənmirəm, yazı və memarlıq mənə çox təsir edir.

– Memarlıq deyəndə qədim arxitekturanı nəzərdə tutursunuz, yoxsa…

– Yox, müasir memarlıq. Yazılarda isə strukturdan çox təsirlənirəm.

– Bəs, müasir memarlıq deyəndə nəyi nəzərdə tutursunuz?

– Məsələn, Nyu-Yorka gedəndə oranın arxitekturasından çox təsirlənirəm. Böyük binaların konstruksiyaları, yaratdıqları siluetlər, əks-sədalar mənə çox təsir edir. Mən tablolarımı kvadratlara ayırıb, Nyu-Yorkdakı binalara baxanda rəsmlərimlə ahəngdar olduğunu görürəm. Körpülərin arxitekturası da mənə çox təsir edir. Memarlığa və yazıya əsaslanaraq çəkdiyim silsilə tablolarım var.

– Məşhur fransız antropoloq Claude Levi-Strauss “Hüzünlü tropiklər” kitabında yazır ki, Nyu-Yorkda “Wall street”i  görəndən sonra özünü Florensiyada hiss edib. Siz də eyni şeyi hiss edirsinizmi?

– Mən onlara bina kimi yox, sənət əsərləri kimi baxıram. Əsərlərimin ölçüləri böyükdür, son əsərimin ölçüsü 2X8 metrdir. Nyu-Yorkdakı binalara baxanda  sanki onları öz kətanlarımın üstündə görürəm. Əsərlərimi kəsirəm, parçaları bir-biriylə birləşdirirəm, sanki oradakı binalar da konstruksiya etibarı ilə rəsm əsəri kimi bir-birlərinin içinə keçir.

– Türk rəsm sənətinin bugünkü mənzərəsini izləyəndə nə görürsünüz?

– İnsanın öz sənət səyahəti içində fərqli yollara burulma ehtimalı həmişə var. Retrospektiv sərgilərə baxanda da yaradıcılığı boyunca fərqli istiqamətlərə getmiş ustaların olduğunu görürük. Ancaq mənim heç xoş qarsalamadığım şey budur: insanlar fasiləsiz şəkildə tablolar üzərində çalışırlar, bunu müsbət qiymətləndirmək lazımdır. Bir də görürsünüz ki, siyasət dəyişdi və sənətkarlar ona görə hərəkət edirlər. Siyasətlərin dəyişməsi sizin rəsm çəkmə tərzini dəyişdirməməlidir. Bu, mənə çox süni və saxta gəlir.

– Bunu sənətkarın özünə xəyanəti kimi qiymətləndirirsiniz?

– Eynilə o cür. Mənə görə, saxtakarlıqdır. Özünün istədiyi kimi yox, ogünkü siyasətə uyğun şəkil çəkməsi sənətkarın saxtakarlığıdır.

– Türkiyədə deyirlər ki, sənətkarın əsəri o, dünyadan gedəndən sonra qiymətə minir. Bu barədə sizin fikriniz necədir?

– Mən bu cür baxıram: sənətkarın əsərinin ölümündən əvvəl maddi dəyəri olmayıbsa, ölümündən sonra da yoxdur. İnsanların birdən-birə məşhur olub, birdən-birə yox olmasının sənətlə heç bir əlaqəsi yoxdur. Heç bir sənət təhsili olmayan insanın dost-tanış qalereyaçı sayəsində 5-10 tablo sataraq, bir anda məşhur olması normal hal deyil. Türkiyədəki sənət mühitini mən çox normal görmürəm.

– Yəni, qalereyalar istədikləri kimi manipulyasiya edir…

– “Tamamilə o cürdür” – demək istəmirəm. Xaricdə qalereyalar rəssamları yaxından təqib edirlər. Orada illərini öz emalatxanalarında keçirən, fasiləsiz şəkildə əsərlər yaradan insanlara qalereyalar uzun müşahidələrdən sonra qapılarını açırlar. Türkiyədə bu hal yoxdur. Mediada adamlarınız varsa, sizi sənətkar kimi təqdim edə bilərlər, ancaq həqiqət bu deyil.

– İvan Tretyakov qalereya açandan sonra rəssamlarla məktublaşır, onlarla fikir mübadiləsi aparırdı. Türkiyədə sizin tanıdığınız elə bir qalareyaçı varmı?

– Universiteti bitirəndən sonra açdığım sərgiyə bir qalereyaçı gəldi. Tablolarıma baxıb dedi ki, bunlar yorğan kimidir, kiçiltsən, səninlə əməkdaşlıq etməyi çox istəyərəm. Belə bir qalereyaçı sənətkarı necə yönləndirə bilər? Tablonun ölçüsünə, mövzusuna və formasına mən qərar verirəm. Qalereyaçılar mənasız şəkildə sənətkarları yönləndirməyə  çalışırlar. Ona görə mən də özəl qalereyalarla işləməyə həvəs göstərmirəm. Yönləndirilmək yox, müstəqil olmaq istəyirəm.

– Yaratdığınız hər şeyin ancaq və ancaq sizin tərəfinizdən görüldüyünə, yaratdıqlarınızı özünüzün kəşf etdiyinizə əminsinizmi?

– Əminəm, çünki sənətkar ən böyük müşahidəçidir. Yaxşı müşahidə qabiliyyətiniz varsa, təbiətdəki bütün fərqlilikləri hamıdan əvvəl görürsünüz. Başqalarının görmədiyini görə bilən insanlar sənətkar ola bilirlər.

– Türk rəsm sənətində özünüzü hansı ənənənin içində görürsünüz və ya ənənədən tamamilə kənardasınızmı?

– Türk rəsm sənətinə baxanda mən özümün ənənəçi xarakterim olmadığını görürəm, ona görə özümü hansısa ənənəyə aid edə bilmirəm. Hər hansı məktəbin də içində deyiləm.

– Bəs dünya sənətinə baxanda…

– Renessans dövrü sənətkarlarının hamısına heyranam. O böyük mirasdan kənara çıxanda isə Henri Matisə vurğunluğum var. Nitsada onun evini muzeyə çeviriblər, oraya gedəndə sənətkarın böyüklüyünü içəridəki havadan hiss edirsiniz, o havayla yaşayırsınız. Hər dəfə görəndə çox təsirlənirəm. Ən çox sevdiyimi sənətkar Matisdir, ancaq onun kimi və ya başqa bir sənətkar kimi şəkil çəkə bilmək üçün narahat deyiləm.

– Ölümündən sonra muzeyi sənət məbədinə çevrilən Türk rəssamları varmı və ya olacaqmı?

– Deyəsən, Osman Həmdinin evini o cür yapmışdılar. Bədri Rəhmi Eyyuboğlunun kreslosunu, fırçalarını Türkiyənin hər yerində  şagirdlərə, tələbələrə, sənəti sevənlərə göstərirlər.

– Türkiyədə rəğbət göstərdiyiniz sənətkarların adlarını çəkmək istəmirsinizmi?

– Bu suala cavab verməyim.

– İllərdən bəri aktiv pedaqoji fəaliyyətiniz də var. Müəllimlik sizin yaradıcılığınıza hansı mənada təsir göstərir? Şagirdlərinizlə keçirdiyiniz vaxt sizi daha yaxşı şeylər yaratmağa həvəsləndirirmi?

– Özümün şəkil çəkməyimdən əlavə, başqalarına da bu sənəti öyrətmək mənə yaxşı təsir göstərir. Vaxtımı alır, ikisinin eyni məcrada irəliləməsi çox çətindir. 3 ildir ki, pedaqoji həyatıma nöqtə qoyub ancaq əsərlərimin üzərində çalışıram. Emalatxanama xaricdə sənət təhsili almaq istəyən gənclər gəlir, mən onları xaricdəki mühüm sənət təhsili qurumlarının imtahanlarına  hazırlayıram. Türkiyədəki imtahan sistemi çox yanlış olduğundan Türkiyə  universitetlərinin incəsənət fakültələrinə abituriyent hazırlamıram. Abituriyent 3 saatda müəyyən qəliblər çərçivəsində nələrisə çəkə bilirsə, onu tələbəliyə qəbul edirlər. Elə isə gələcəyin sənətkarını işin əvvəlindən qəlibə salmaq, onu istedadını o qəlib çərçivəsində  müəyyənləşdirmək – böyük səhvdir. Yaradıcı ruhu olan bir gənc imtahanda  tələb edilən səviyyədə bir şey çəkə bilmirsə, onun istedadı elə oradaca sönüb gedir. Bu, qətiyyən düzgün bir sistem deyil. Rəsmxət imtahanıyla universitetin incəsənət fakültəsinə tələbə qəbul etməyin əleyhinəyəm.

– Gündə neçə saat işləyə bilirsiniz?

– Həyatım burada keçir, xüsusilə, sərgiyə hazırlaşdığım vaxtlarda gecə-gündüz çalışdığımı deyə bilərəm.

– Türkiyədə sənət aləmində sizi razı salmayan başqa nələr var?

– Muzeylərin kifayət etməməsi, onlara diqqət yetirilməməsi, xüsusilə, uşaqların muzey mədəniyyətiylə yetişdirilməməsi məni çox narahat edir.

– İstanbuldakı Arxeologiya muzeyi zənginlik baxımından bəlkə dünyada ilk sıralardadır. Oradakı əsərlərin ictimaiyyətə tanıdılmadığından şikayətçisinizmi?

– Ankaradakı Anadolu mədəniyyətləri muzeyi xəzinədir, Zeugma muzeyi həmçinin. Bunlar kimi o qədər muzey var ki…

Uşaqların muzeylərə öyrəşdirilməsi lazımdır. Xaricdə müəllimlər bağça yaşından başlayaraq, uşaqları sanki muzeylərin içində böyüdürlər. Bizdə isə muzeyə yanaşma tərzləri uşaqlara heç nə vermir. Şagirdləri muzeyə aparmaq – planda olan işi yerinə yetirməkdən başqa bir şey deyil. Avropada bütün gənclər muzeylərdədir, çünki muzeylərdə qədər fərqli mahiyyətdə  tədbirlər keçirirlər ki, gənclər oraya can atırlar. Metropolitan muzeyində bilet 20 dollardırsa, sənə deyirlər ki, nə qədər verə bilirsən, ver. 1 dollar verib muzeyə girirsiniz. Eyni  biletlə 2 gün gəzə bilirsiniz. Bizdə muzeylərin açılıb-bağlanma saatları insanların oralara işdən sonra gedə bilməyinin qeyri-mümkün edir. Avropada gecə saat 12-də muzeylərdə proqramlar olur. Türkiyədə muzeylər bank kimi saat 5-də bağlanır, mən oraya necə gedim?..

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here