Sabir Rüstəmxanlı: “Bəlkə elə buna görə də türklərin üç qitədəki hakimiyyəti 600 ildən artıq çəkib”Bu gün yaşadığımız dünyanın qlobollaşması ilə bağlı səslənən bütün çağırışlara rəğmən, əksər dövlətlərin öz milli dil və mədəniyyətlərini nəinki israrla qoruyub saxladığı, hətta bu dil və mədəniyyətin digər dövlətlərdə də yayılmasına ciddi səy göstərdiyi müşahidə olunur. Maraqlıdır, bəs türk dilinə beynəlxalq aləmdə maraq oyatmaq üçün hansı addımlar atılmalıdır? Niyə uzun əsrlər boyu imperiyalar quran, onlarla dövləti bu imperiyalar ətrafında birləşdirən türklərin dilinə müasir dünya lazımınca maraq göstərmir?

Moderator.az-a açıqlama verən xalq şairi Sabir Rüstəmxanlı türklərin digər xalqlardan fərqli olaraq, öz dil və mədəniyyətlərini tarixin heç bir dönəmində kimsəyə zorla qəbul etdirmədiyini vurğuladı:

“Zornan, inzibati yolla dili sevdirmək, dilə qarşı sevgi yaratmaq mümkün deyil. Bir dilin yayılmasının, beynəlxalq dilə çevrilməsinin  müxtəlif səbəbləri olur. Bu, ilk növbədə siyasi təsirlə bağlıdır. Məsələn, ingilislər bir sıra ölkələri işğal edib onları öz müstəmləçələrinə çevirdikdən sonra zorla ingilis dilini təbliğ etməyə başlayıblar və ingilis dili orada müəyyən zamandan sonra ya əsas, ya da ikinci dilə çevrilib. Hindistan bir neçə yüz il türk-monqolların əllərində olub. Lakin türklər öz tarixi ənənələrinə uyğun olaraq nə dinlərini, nə də dillərini zorla yerli xalqlara qəbul etdirməyib. Onları vadar etməyiblər ki, zorla bunları öyrənsinlər. Hakimiyyət türklərin əlində olub, digər məsələlərə o qədər də ciddi fikir verməyiblər. Ruslar, ingilislər isə işğal etdikləri torpaqlarda öz dillərini, mədəniyyətlərini qəbul etdirməyə çalışıblar. Bunun nəticəsidir ki, Hindistan türk dilini öyrənmədi, amma ingilis dilini öyrəndi. Avstraliyanı ələ keçirən ingilislər oradakı aborogenləri adalara qovdular. Qitəyə ingilislər hakim oldu. Bu gün də orada ingilis dili hakimdir. Fransızlar, ispanlar da getdikləri ölkələrdə öz dillərini öyrədirdilər. Türklər isə belə etməyiblər. Bəlkə elə buna görə də türklərin üç qitədəki hakimiyyəti 600 ildən artıq çəkib. Digərlərinin isə siyasi hakimiyyətləri qısa çəksə də, dil hakimiyyətləri bu gün də davam edir.

Türk dilinin təbliğinin ən mühüm yollarından biri dünyanın müxtəlif ölkələrində məktəblərin açılmasıdır. Bundan başqa, türk dünyasına siyasi, iqtisadi marağın artmasına nail olmaq lazımdır. Mədəni əlaqələr də güclənməlidir. Bu əlaqələr gücləndikcə, türk dilinə, bu dilin ləhcələrinə də maraq artacaq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here