Eyyub Hüseynov: “Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, mağazada ilk olaraq səni siqaret piştaxtası qarşılayır”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə Azərbaycan hökuməti arasında 2020-2021-ci illər üçün əməkdaşlıq müqaviləsi imzalanacaq. Bu barədə məlumatı ÜST-in Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. Onun sözlərinə görə, yeni müqavilədə üç istiqamət əsas götürüləcək: “Bunlar ilkin səhiyyə xidmətləri, qeyri-yoluxucu xəstəliklərə nəzarət, ana və uşaq sağlamlığının qorunmasıdır”.

H.Harmancı qeyd edib ki, Azərbaycanda tütünçəkmə ilə mübarizədə bir çox işlər görülüb, amma ölkədə siqaretin qiyməti hələ də çox ucuzdur, buna görə də hazırda bu istiqamətdə işlər aparılır: “Azərbaycanda tütünlə mübarizə üzrə çox yaxşı qanun qəbul edilib. Amma qanunun qəbulu əsas olsa da, onun icra mexanizminin tətbiqi daha vacibdir. Hazırda bununla bağlı sıxıntılar var”.

Bundan başqa, 2020-ci ildən Azərbaycanda aksiz dərəcələrinin artımı gözlənilir. Bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bildirilir.

Dəyişikliklərə görə, ölkədə içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata qaldırılır. Siqarilla (nazik siqarlar) üçün aksizlər – 1.000 ədədinə görə 20,0 manatdan 31 manata qaldırılıb. Tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üçün aksizlər – 1.000 ədədinə 20 manatdan 31 manata qaldırılıb.

Azərbaycanda son illər siqaretlə bağlı çoxsaylı qərarlar qəbul edilib. Lakin buna baxmayaraq  “siqaret mafiyası” ilə mübarizə tam effekt vermir. Ekspertlər bildirirlər ki, azyaşlıların siqaret çəkməsinin qarşısını almaq üçün siqaretin ədədlə satılmasının qarşısını almaq lazımdır.

“Yeni Müsavat”ın əməkdaşı  Bakıda yerləşən bir neçə iri mağazalarda müşahidə aparıb. Öyrəndik ki, mağazalarda siqareti yalnız yaşı 18-dən yuxarı olan şəxslərə satırlar. Satıcılar söylədilər ki, bu barədə onlara təlimat verilib. Yaşı az görünən şəxslərdən sənəd tələb edilir. Əgər sənəd göstərməsə, siqaret satılmır. İri supermarketlərdə ədədlə də siqaretin satıldığını müşahidə etmədik. Lakin köşklərdə vəziyyət fərqlidir. Orada həm ədədlə, həm də istənilən adama siqaret satılır.

Bəs siqaretin qiyməti necədir?

Azərbaycanda son aylarda siqaretin qiymətində bir neçə dəfə müxtəlif məbləğlərdə artım edilib. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin sentyabr ayında avqust ayına nisbətən içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz bahalaşıb.

Dünyada da bu tendensiya gedir. Belə ki, Beynəlxalq Müstəqil Tədqiqat İnstitutu məlumat yayıb ki, ən bahalı siqaret brendləri Avstraliyada, ən ucuz siqaret markaları isə Pakistanda satılır. Sözügedən məhsulun müvafiq ölkədə ən yüksək  qiyməti  20,42 dollar təşkil edir. 2018-ci ilin hesabatına görə, Avstraliyanı 18,31 dollarla Yeni Zelandiya, 13,42 dollarla isə Norveç izləyir. Siyahıya əsasən Avropa ölkələri liderlik edir.

Dünyanın ən ucuz siqareti Asiya ölkələrində satışa buraxılır. Beləliklə, ən ucuz siqaret Pakistanda orta hesabla 1 dollara təklif olunur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, müxtəlif ölkələrdə siqaretlə bağlı tətbiq olunan məhdudiyyətlər fərqli nəticələr ortaya qoyur.  Adıçəkilən təşkilatın 15 yaşdan yuxarı siqaret çəkənlərin nisbəti ilə bağlı 2016-cı ilə məxsus hesabatına görə 103 min əhalisi olan Kiribati 47,4 faizlə mövcud sektora liderlik edir. Növbəti yerləri  46 və 43 faizlə müvafiq olaraq Monteneqro və Yunanıstan bölüşür.  Azərbaycanda isə siqaretlər  1.2 manatdan başlamaqla müxtəlif qiymətlərə satılır.

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda bir gözügörünməz “tütün mafiyası” var ki, onlar siqaretlə bağlı qadağaların qüvvəyə minməsinə bu və ya digər formada mane olurlar. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun parlamentdə xeyli müzakirələrdən sonra qəbul edilməsi də buna misaldır. 2017-ci ilin aprel ayında Azərbaycanda siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunması məsələsi  gündəmə gəldi. Müxtəlif ictimai şəxslər, deputatlar bildirdilər ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da iaşə obyektlərində, qapalı məkanlarda, eləcə də bu kimi başqa yerlərdə siqaret istifadəsinə qadağalar qoyulmalıdır.

Nəticə olaraq “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun parlamentə göndərildi. 2017-ci ilin dekabr ayında isə parlament bu qanunu qəbul etdi. Hazırda  İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.

Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “Siqaret çəkmək qadağandır!” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

Hazırkı vəziyyət budur ki, Bakının mərkəzində yerləşən kafe və restoranlarda bu qanuna əməl edilir. Lakin kənarda yerləşən kafelər yenə də siqaret dumanı içərisində qalıb.

Siqaretin qiymətinin qaldırılması insanların bu tütün məhsulundan imtina etməsi üçün səbəbdirmi?

“Yeni Müsavat”a danışan ekspert Eyyub Hüseynov hesab edir ki, qiymət yüksək olarsa, siqaret çəkənlərin sayı azalar: “20 ildən çoxdur ki, Azərbaycanda insanlar qara kürüyə həsrətdir. Səbəb də odur ki, bu məhsulun qiyməti çox bahadır. Biz çalışırıq ki, təhlükəli mallara istehlakçıların əlçatanlığı azaldılsın. Təsadüfi deyil ki, 4 ay öncə biz energetik içkilərə əlçatanlığı xeyli azaltdıq, qiymətlər qalxdı. Əlbəttə ki, siqaretlərə də qarşı eyni addım atılmalıdır. Lakin siqaretin qiyməti qaldırılan zaman da başqa bir problem ortaya çıxacaq. Belə ki, bu zaman da qaçaqmalçılıq yolu ilə siqaret gətiriləcək. Siqaretin Azərbaycandakı qiyməti Avropa ölkələrindəki qiymətlərə təxminən bərabər olmalıdır. Eyni zamanda dövlətin də effektli gömrük siyasəti həyata keçirilməlidir. Bakının bəzi rayonlarında illərdir ki,  qaçaqmal yolu ilə gətirilən siqaretlər satılır. 2015-2020-ci illərdə dövlətin qeyri-infeksion xəstəliklərin azaldılmasına dair strategiyası var. Bu strategiyada nəzərdə tutulur ki, 2020-ci ilə qədər Azərbaycanda siqaretin istehlakı 10 faiz azalsın. Ancaq bu strategiyaya uyğun Azərbaycan hərəkət edə bilmir. 2 il öncə Şəkidə fabrik açıldı. Orada ”Marxal”, “Karvan” kimi filtersiz siqaretlər istehsal edilir. Biz ekspertizadan keçirdik və məlum oldu ki, siqaretlərin tərkibindəki komponentlər normadan artıqdır. Fabrikə verilən sertifikat ləğv edilsə də, bu gün də Bakıda onların məhsulları satılır. Bundan əlavə, elektron siqaret, qəlyan da təhlükəlidir. Sağlamlıq, təhsil müəssisələrinin yaxınlığında bu gün siqaret satılır. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, mağazalara daxil olduqda ilk olaraq səni siqaret piştaxtası qarşılayır. Dünyanın heç bir yerində belə hal yoxdur. Bunu da aradan qaldırmaq lazımdır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here