“Uşaqların hamısı qızdırıb, həyat yoldaşımın da ürəyi xəstədir” – Rəsulzadənin şikayət məktubu

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirir.

Bu dəfə Cümhuriyyətin banisi olan Məhəmməd Əmin Rəsulzadə haqqında maraqlı tarixi faktı diqqətə çatdıracağıq.

Azərbaycan Cümhuriyyəti devriləndən sonra Rəsulzadə mühacirətə getməli olur. Yeni quruluş isə onun ailəsi və yaxın qohumlarını da təqib edir. 19 yaşlı oğlu Rəsul güllələnir, həyat yoldaşı, anası, qızları və körpə oğlu Qazaxıstana sürgün edilir.

M.Ə.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə – Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Ə.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində M.Ə.Rəsulzadənin ailəsinə müəyyən köməklik edib.

Rəsulzadə 1924-cü ilin yanvarında məslək yoldaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubların birində ailəsi barəsində də danışır:

Qeyd: Rəsulzadə bu mövzuda Ceyhun bəyə yolladığı birinci məktubu Modern.az saytı dünən işıqlandırıb. Buradan oxu: http://modern.az/az/news/152190#gsc.tab=0)

 

 

İndi isə C. Hacıbəyliyə ailəsindən bəhs etdiyi ikinci məktubu təqdim edirik:

 

“Əzizim Ceyhun!

Son dəfə olaraq yazdığınız məktubu aldım. Buraya gəlmək üçün qərar vermiş olduğunuzu öyrəndim. Bammatovdan məktub almadığınıza təəccübləndim. Sizdən məktubuna cavab gəlmədiyinə heyrət etmişdir. Mirzədən çocuqlarınızın xəstə olduğunu öyrənmişdim. Kağız yazmaq üzrə idim ki, məktubunuz gəldi. Şükürlər olsun Tanrıya ki, uşaqların xəstəliyi keçmişdir. Buraya köçməniz haqqındakı qərarınız, xüsusi ilə uşaqların tərbiyəsi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Mən də ailəmi buraya gətirtmək istəyirəm. Baxalım mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz ayında isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir. Sizinkilər əcnəbi də olsa bari mədəni bir tərbiyə görürlər. Bizimkilərə nə tərbiyəsi eləyirlər məlum….

 

“Yeni Kafkasya” haqqındakı mülahizələrinizə və qənaətinizə görə təşəkkür edirəm. Mücadiləmiz millidir və məcmuədə həlli bir ahənglə davam edir. Lakin bu “ahəngi” arzulayıb, eyni zamanda, “partizanlıq”  etmək və “intiriqa”lar qurmaq istəyənlər varsa, onlar səkkiz nüsxədən ibarət olub, dörd aydan bəri davam etdirdiyimiz bu milli mücahidəylə əlaqədar olduqlarını əməli işdə göstərsəydilər daha yaxşı olardı. Məncə müsbət işə yaramayan intiriqanların mənfi hərəkətlərindən qorxmağa dəyməz. Milli mücadilələrin faydası günəş kimi əhatəli və ümumidir. Bu mücadilə daima əməlpərvər bir zümrə tərəfindən davam edilə bilər. Yoxsa mənfi hərəkətlərdən başqa bir şeyə iqtidarı çatmayan araqarışdıranların “ağız suyu” heç bir zaman tükənməz. Meydanda səkkiz nüsxə var. Ahəng və məqsəd sizin də təqdir etdiyiniz vəchlə meydandadır. Bilməm bu səkkiz nüsxədə məmnuniyyətsizliyə səbəb olacaq bir qüsur varmıdır? Sizcə yoxdur. Başqalarına görə varsa, göstərsinlər. Məmnun olarıq. Ya izah və ya da islah edərik. Xülasə, özünüz dediyiniz kimi görüşərkən daha ətraflı anlaşarıq. Heyət üzvlərindən Sizdən başqa Əli Mərdan bəydən və Mir Yaqubdan ara-sıra məktublar alırdım. Mir Yaqub xəstələndikdən sonra xasiyyətini dəyişibmi? Nə isə artıq məktub yazmayır. Sizin ondan xəbəriniz varmı? Əli Mərdan bəydən də çoxdandır məktub almıram. Ankaraya göndərdikləri notanın surətini göndərəcəkdi, almadım. Onun özünə ayrıca məktub yazacağam. İndi yazmaq istəyirdim, işim çıxdı. Ona görə Sizə yazdığım bu məktubu burada bitirmək lazım gəldi. Uşaqların gözlərindən öpürəm. Zöhrə xanıma çox-çox salam. Vəli bəy  buraya gəlmişdir. Onunla daha görüşə bilmədim. Hələlik bu qədər, əziz qardaşım. Pəri xanıma, Sara xanıma, bütün Topçubaşovlara salam.

Abbasqulunun salamı var. Məmməd Əmin

P.S. Bu məktubla bərabər sizə “Əsrimizin Səyavuşu”ndan bir nüsxə göndərirəm”.

 

 

Mənbələr: М.Э. Расулзаде. Сборник произведений и писем /Сост., предисл. и примеч. С. Исхаков.

Məhəmməd Əmin Rəsulzadə “Məktublar. Şəfibəyçilik”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir