Vəhdətə Çağırış

Bizimsesimiz.info // İxtilaf və parçalanma bizim təməlimizə kök salan və bizi bədbəxt edən xroniki xəstəliklərdən biridir. Allah-Taala bizə birlik və həmrəylik içində olmağı əmr etmişdir. Bizə qardaşlıq və bir-birimizə qarşı məsuliyyət içində olmağı bildirmişdir. Unutmamaq lazımdır ki, biz sünni və ya şiə olmamışdan əvvəl müsəlmanıq… Müsəlmanlar qardaşdırlar. Görəsən, qardaş qardaşın düşməni ola bilərmi?

Bu yazı İslam aləminin ən böyük alimlərindən və vəhdət carçısı Ayətullah Kaşif əl-Ğitanın hicri-qəməri 1350-ci ildə sionistlər tərəfindən işğal edilməmişdən əvvəl Beytülmüqəddəsdə söylədiyi əhəmiyyətli və tarixi xütbənin bir hissəsidir. Bu çıxış İslam aləminin bugünkü mövqeyi üçün nə qədər etibarlı olduğunu göstərir. Hamımıza ibrət olmasını təmənna edirik.

“… Allah yolunda bir növ cihad sayılan belə bir konqresdə iştirak etmək üçün İraqdan hərəkət etdiyimi gündən bəri xüsusilə bu konqresdə olduğum son 6-7 gün içində davamlı düşünməkdəyəm. Bu əhəmiyyətli yığıncaqla həmsöhbət olduğum ilk gecədən indiyə qədər davamlı qorxu və ümid arasındayam. Bu konqresə qarşı həm optimistəm, həm də qəribə bir narahatlıq duyğusu içindəyəm …

Bu böyük konqres bir möcüzə kimidir və bu olduqca az baş verən bir hadisədir. Belə bir möcüzəni bizə bəxş edən, şübhəsiz, bizə güc də verəcək. Bu güc sayəsində müqəddəs hədəflərimizi reallaşdırmağa çalışacağıq

Məqsəd əldə etdiyimiz hədəfimizi reallaşdırmaq mövzusunda bizə zəmanət verən şey, bu məscidi (Beytülmüqəddəs) ziyarət etdiyimiz və buradakı qiymətli müqəddəs zənginliklərimizi, qiymətli tarixi əsərləri gördüyümüz zaman bizdə vəsf edilməyən xüsusi bir qüdrət peyda oldu ki, sanki yeni bir ruh bəxş edilir. Bu ruh səy ruhu, fədakarlıq ruhu və bizi öz dəyərlərimizi qorumağa sövq edən ruhdur.

Bu gün müsəlmanların əlində var olan üstün güc qəti olaraq Qərbin əlində yoxdur. Qərb dövlətləri bu gün hərçənd iqtisadi baxımdan müsəlmanlara nisbətən daha inkişaf etmiş mövqedədirlər, amma biz müsəlmanların içində öz müqəddəs dəyərlərimizi qoruma duyğusu çox güclüdür. Belə ki, bu güc bizi öz dəyərlərimizi bütün çətinliklərə baxmayaraq, qoruma iradəsinə qovuşdurur…

Konqresə qatılan nümayəndələr və ev sahibliyi edən şəxslərin bu sahədəki davamlı səyləri təqdirə layiqdir və bizə ümid verir, lakin bütün bu ümid bəxş edən həqiqətlərə baxmayaraq, mən yenə narahatam və qorxuram. Bu qorxumun səbəbi bir neçə şeyə əsaslanır:

1. … şərqliləri, xüsusilə, müsəlmanlar, öz məqsədləri barəsində çox dözümlü görünmürlər və bu arenada şüurlu müsəlmanların güclü fəaliyyətə başlamalarına baxmayaraq, bu fəaliyyət bir müddət sonra zəifləməyə başlayır.

Ey konfransa qoşulan İslam alimləri! Qeyri-sabitlik bizim ən ölümcül dərdimiz və çətin xəstəliyimizdir. Müqavimət səbrin növlərindən biridir ki, Quran-kərimdə də 70 dəfə zikr edilmişdir. Biz hələ qiymətli işlərimizdə səbir və müqavimət xüsusiyyətini özümüzə aşılaya bilməmişik… Belə ki, öhdəmizə götürdüyümüz işlərin bir gün içində nəticə verməsini istəyirik…

Bu konqresin müsəlmanların qarşı-qarşıya olduğu bütün problemlərə çarə olmasını, zülm və istismarın yox edilməsini özü ilə gətirməsini gözləməkdəyik. Bu konqres hələ başlanğıc (layihə) mərhələsindədir. Konqresin kürəyini, belini bükəcək qədər məsuliyyət yükləmyin.

2. … İxtilaf və parçalanma bizim təməlimizə kök salan və bizi bədbəxt edən xroniki xəstəliklərdən biridir. Allah-Taala bizə birlik və həmrəylik içində olmağı əmr etmişdir. Bizə qardaşlıq və bir-birimizə qarşı məsuliyyət içində olmağı bildirmişdir…

Görüş fərqliliyi və fikir azadlığı insanın xüsusiyyətlərindəndir, ancaq fikir fərqliliyinin düşmənçiliyə çevrilməsi müsibətdir.

Unutmaq lazım deyil ki, biz sünni və ya şiə olmamışdan əvvəl müsəlmanıq… Müsəlmanlar qardaşdırlar. Görəsən, qardaş qardaşın düşməni ola bilərmi?

Həzrət Rəsulullah (s)-in əshabəsi, xüsusilə, o Həzrətin vəfatından sonra İslamın bir çox fəri məsələlərdə ixtilafa düşdülər, amma vəhdətləri zədələnmədi. Hamısı tək bir imamın arxasında camaat namazı qıldılar və əsla başqa bir qrupu küfrlə ittiham etmədilər. Buna görə də İslam dini yarım əsr içində dünyanın şərqinə və qərbinə nüfuz etdi.

Bütün müsəlmanlara, xüsusilə, İslam aləmi liderləri və alimlərinə belə həssas və kritik bir dövrdə bütün səylərini müsəlmanların vəhdət və birliyi yolunda xərcləmələri lazımdır. Şiə ilə sünnilər arasında vəhdət demək onlardan hər hansı birindən öz məzhəb və əqidəsindən əl çəkmələrini istəmək demək deyil. Birliklərini istəmək onlardan bir-birinə qarşı düşmənçilik bəsləməmələrini istəməkdir …

… Müsəlmanların birlik və bütünlük içində olması üçün səy göstərin … İslam dini ilk başlanğıcda bütün dünyanı sarsıtdığı kimi sizin səy və işləriniz nəticəsində təkrar bütün İslam aləmini ayağa qaldırmağınızı xahiş edirəm … Müsəlmanlar dünyanı yenidən qurmalıdırlar. Günümüzün dünyası fəlakət və fəsada qərq olmuşdur və müsəlmanlar bütün dünyanı hər cür pislik və çirkinliklərdən qurtarmalı, təmizləməlidirlər…

Ey müvəhhidlər, tək bədən olun! Mən bundan əvvəl iki söz üzərində dayandım və bu sözümün qalıcı sözlərdən olmasını diləyirəm. O sözüm bu idi: İslam qübbəsi iki təməl üzərinə əsaslanır: Kəlimeyi-tövhid və Tövhidi-kəlimə (söz birliyi və birliyin sözü)

3. … mübtəla olduğumuz üçüncü xəstəlik. Çox təəssüf, biz şərqlilər əməldən daha çox həmişə söz çıxarmışıq. Öz nəzəriyyə və düşüncələrimizi həyata keçirməyimiz lazım olan yerlərdə işlərimizi, ümumiyyətlə, hesaba almadan edirik…

Hər bir xalq üç şeylə hərəkat yarada bilər: Güclü xalq, sağlam düşüncə və davamlı səy.

4. … Özlərini xalqın və İslam aləminin bir hissəsini xarakterizə edən bəzi qruplar çox təəssüf ki, bu qiymətli konqres üçün problemlər yaratmağa və konqresin gözlənilən nəticəyə çatmasına mane olmağa çalışırlar. Bu adam və qruplar gizli və açıq cəhdləri ilə konqresi təsirsiz hala gətirməyə çalışırlar …

Sözümün son hissəsində bunu ifadə etmək istəyirəm ki, sui-qəsdlərin ən böyüyü və xəstəliklərin ən ölümcülü nifaq və ikiüzlülükdür. Münafiqlər özlərini müsəlman və bizim bir hissəmizi xarakterizə edən kəslərdir və çox təəssüf ki, bizim içimizdə yaşayırlar, lakin gizlicə bizim cəhd və işlərimizi məhv edirlər … Bunlardan uzaqlaşmalısınız …” // sabiqun.az

Tərcümə: Miri Rəsulzadə

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir