Hər şey məntiqi nöqtəsinə yetişir. Koronavirus pandemiyası bəşəriyyətin daxilindəki coğrafi, milli, dini, mədəni, siyasi, hətta hərbi sərhədləri bir göz qırpımında aradan qaldırdı, bu cizgilərin nə qədər şərti olduğunu, insanın hər hansı kənar təhlükəyə, tutaq ki, müsəlman, yaxud buddist kimi deyil, lap ibtidai icma quruluşundakı kimi – insan olaraq reaksiya verdiyini və əslində bunun çox təbii olduğunu göstərdi.

O təşvişin miqyası indiyə xeyli kiçilib. Amma hamısı yox…

Hələ pandemiya başlayan vaxtlar insanların “bizə çip taxacaqlar” tipli təşvişi hamının yadındadı, yəqin. Bu mülahizəni lağa qoyub “sənin məlumatların Bill Qeytsin nəyinə lazımdı” deyənlər də vardı. İndi də var. Heyhat, zaman keçir, məlum olur ki, deyilənlərin heç də hamısı təsadüfi, əsassız deyilmiş.

“Mütəxəssislər yenilik təklif edir – vaksinasiya sertifikatı daşıyan implant. Onlar əmin edirlər ki, bu texnologiya insan sağlamlığı üçün tamamilə təhlükəsizdir, üstəlik, implantı istənilən vaxt çıxarmaq da mümkündür. Söhbət istənilən mühüm sənədi, hətta kredit kartı məlumatlarını özündə daşıya bilən mikroçipdən gedir.

Beləliklə, bütün zəruri məlumatlar hər zaman və istənilən şəraitdə əlçatan olur. Məsələn, kinoteatra və ya ticarət mərkəzinə getmisinizsə, peyvəndlənmə durumunuzu, üstünüzdə telefon olmasa belə, bir anda yoxlamaq mümkün olacaq”.

Bu, İsveçin DSruptive Subdermals şirkətinin direktoru, “biohaker” Hannes Şobladın açıqlamasıdır. Onun dediyinə görə, onilliklər ərzində istifadəoluna biləcək bu mikroçiplərin qiyməti bir neçə yüz avrodur. Təşəbbüskarlar hesab edir ki, sağlamlığa nəzarət edə bilən daşınan qacetlər cəmi 4 il istifadə oluna bilir, qiyməti isə bundan qat-qat bahadır.

Hələlik mikroçiplər geniş satışda yoxdur. İstehsalçılar bu texnologiyanı könüllülər üzərinə sınaqdan keçirirlər.

Bəli, cəmi 3 il əvvəl bu söhbətlər xeyli futuristik səslənirdi. Amma nüfuzlu Associated France Presse yazır ki, artıq SJ – İsveç milli dəmiryolu sistemi qatarda gediş haqqını toplamaq üçün sərnişinlərin əllərini biometrik çiplərlə skan etməyi təcrübədən keçirib.

Bax, belə. Məşhur çip söhbəti gerçəyə çevrilir. Kibernetika mütəxəssisləri deyir ki, sağlamlıq durumu haqda məlumatları daşıya bilən belə bir çipə digər dataları da asanlıqla yükləmək mümkündür. Pasportdan tutmuş, iş vəsiqəsinə, müxtəlif arayışlara, açarlara, nəqliyyat biletlərinə, pensiya durumuna, sürücülük hüququ və əmlak vəziyyətinə qədər…

Bir sözlə, “rəqəmsal vətəndaş” mərhələsi gəlir. Bu, artıq elmi populizm və komplo nəzəriyyəsi olmaqdan çıxıb, real resursa, hətta hərbi-texnoloji güc amilinə çevrilməkdədir.

Hə, o çiplərə yüklənən datalar kimin nəyinə lazımdır, ondan bizi və cəmiyyətləri yönəltmək üçün necə istifadə edə bilərlər, bu, böyük ehtimalla, artıq keçilmiş texnoloji mərhələdir. Olmasa belə, qısa zamanda o da həllini tapacaq.

Cəmi bir neçə il əvvəl “komplo nəzəriyyəsi” sayılan hər şey sürətlə gerçəyə çevrilməkdədir. Odur ki, “sənin məlumatların kimin nəyinə lazımdır” deməyə tələsməyin. İndi dünya başqadır. İnformasiya, həm də insan cəmiyyətləri haqqında informasiya ağıllı, dünya gücü olmağa iddialı, yaxud dünya güclərinə yem olmaq istəməyən bütün ölkələrə və cəmiyyətlərə lazımdır.

Press Klub

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here