Xətainin gizli portreti və irfani sirləri – ARAŞDIRMA

Şah İsmayıl Xətai haqqında essevari araşdırmanı təqdim edirik:
Gənc yaşlarında Səfəvilər dövlətini yaradan və Azərbaycanın ərazi bütövlüyünü ilk dəfə bərpa edən Şah İsmayılın ehtimal olunan ilk portretləri avropalı rəssamlar tərəfindən çəkilib.
Bu gün hamımızın kitablarda, albomlarda, müxtəlif mənbələrdə gördüyümüz, sırf Qızılbaşlara xas olan papaqlı portretinin müəllifi isə naməlum florensiyalı rəssamdır.
XVI əsrin əvvəllərində venesiyalılar Səfəvilər dövləti ilə yaxın münasibətinə görə çox fərqlənirdilər. Oradan Səfəvilərin Təbrizdəki sarayına tacirlər, sənətkarlar və elçi qismində diplomatlar gələrdi. Avropada Şah İsmayılın şəxsiyyəti, onun vizual görkəmi haqqında ilk rəy yaradan şəxslər də elə Venesiya tacirləri olub.
Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün Şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır və onu bu cür xarakterizə edir:
“İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı, adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynayarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar.
O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq”.
Böyük ehtimala əsasən həmin tacir qrupu ilə eyni vaxtda Şah İsmayılın sarayına gələn və adı hələ də naməlum qalan rəssamlardan biri onun portretini çəkir. Bu gün Xətaini necə təsəvvür ediriksə və necə görürüksə burada həmin portretin çox böyük rolu var.
Həm də Xətaininin portretini Nizami və Füzulinin portretindən fərqləndirən əsas cəhət budur ki, o ehtimallar əsasında yox, konkret olaraq obyektin (Xətainin) real siması əsasında çəkilib.
XVI əsrin əvvəllərində çəkilən həmin portret hazırda Florensiyada yerləşən Uffitsi muzeyində saxlanılır. İtaliyanın nüfuzlu Mediçi ailəsi tərəfindən inşa edilən muzeyin ilk eksponatlarından biri də elə Şah İsmayıl portreti olub.
Toksana hersoqu I Kosimo Mediçi üçün 1560-cı illərdə ofis kimi tikilməyə başlanan sarayın memarı isə dünyada incəsənət tarixinin  əsasını qoyan Corco Vasari olub.
Onun ölümündən sonra onun işini digər memarlar – Alfonso Parici və Bernardo Buontalenti tərəfindən davam etdirildi və 1581-ci ildə I Kosimo Mediçinin oğlu, Florensiya hersoqu I Fransisko Mediçinin dövründə  sarayın inşası  tamamlandı. Sonradan II Fransisko Mediçinin həyat yoldaşı Vittoriya della Rovere tərəfindən Uffitsinin kolleksiyası zəngiləşdirildi və saray əsasən muzey kimi fəaliyyət göstərməyə başladı. Bu gün də dünyada ən çox ziyarət edilən 25 muzeydən biri olan Şah İsmayıl Xətaini avropalılara tanıdır.
Şah İsmayıl Xətainin sonrakı rəsmlərinə  isə  fransız səyyahı və coğrafiyaşünası Andre Tevenin kitabında rast gəlinir. Səyyahın dövrü Səfəvilərin zamanına düşsə də 1584-cü ilə aid olan həmin portret tarixçilər tərəfindən birmnənalı qarşılanmayıb.
Daha sonra miniatür rəssamlar Şah İsmayılın cizgilərini çəkməyə cəhd göstərib.
1510-cu il Səfəvilərlə-Şeybanilər arasında olan Mərv döyüşünə aid miniatür Şah İsmayılı ən yaxşı xarakterizə edən miniatür kimi göstərilir.
Qeyd edək ki, həmin döyüş sonradan Səfəvilərin möhkəmlənməsində böyük rol oynadı.  Xorasanı ələ keçirən Səfəvilər düz 5 dövlətin müəyyən hissələrinə nəzarət etməyə başladılar ki, bu da onlara çox yaxşı strateji mövqelər qazandırdı.
Həmin döyüşdə öldürülən Şeybani xanın başından Şah İsmayıl qızıl suyuna çəkilən qədəh düzəltdirir.Həmin miniatür əsər isə I Şah Abbasın saray tarixçisi olan İsgəndər bəy Münşinin  “Aləmi bəzəyən Abbasın tarixi” əsərində verilib.
Yazıya Şah İsmayılın portreti haqqındakı bəhslə başlamağımız heç də təsadüfi deyil. Belə ki, onun sufi sifətini əks etdirən məlumatların əsas təsdiq forması elə o fotodur. Klassik Azəerbaycan fəlsəfəsinin, dövlətçilik tarixinin və ədəbiyyatının yeganə siması Şah xətaidir ki, onun vizual simasını başqa mütəfəkkirlərdən fərqli olaraq real təsvirlər əsasında görürük. Onunla eyni dövrdə yaşayan Füzulinin məşhur portretini heykəltaraş Fuad Əbdürrəhmanovun yuxusu əsasında, Nizaminin portretini isə gəncəli bir axundun timsalında görürük və qəbul edirik. Amma Şah Xətai elə özüdür ki, var. Həm mürşidi-kamil olan Səfəviyyə şeyxi, həm şah olan Səfəvi dövlətinin başçısı uşaq yaşından ta ömrünün sonuna qədər mənəvi və dünyəvi rəhbərlikdən özünü “xilas” edə bilmədi. Burada xilas əslində Nəsimi, Mənsur, Şeyx Fəzlullaha aid olan xilasolmadır. Şah Xətai ömrünün sonuna qədər buna can atsa da dövlətçilik missiyası onu Nəsimi qədər azad edə bilmədi…
Sufi fəlsəfəsində insanın bəqa aləmindən fəna aləminə keçidi bahariyyə kimi təsvir olunur. Şah İsmayıl Xətaidə daha çox rast gəlinən bu rəmzi keçid əslində böyük   Nizamidə özünün ən gizli tərəflərini açıb göstərə bilmişdi. Füzulinin “Leyli və Məcnun” əsərində də qəzəllərin biri bahariyyəyə həsr olunub. Orada Məcnunun Leyliyə olan simvolik sevgisi  artıq onun üzərinə fəna aləminin qapılarını açır. O, öz baharına qovuşmağın həsrətini çəkir. Poemada əsas məntiq də bu həsrətdədir. Məcnun səhrada Leylidən məhz,  buna görə imtina etmişdi ki, illuziv olaraq ruhunda yaratdığı “Leyli baharına” qovuşa bilsin. Bu mərhələ sırf elmi-fəlsəfi mahiyyət kəsb edir. Belə ki , real həyatda mart ayının sonlarında bahar gəldikdən sonra təbiət  qış yuxusundan ayılır, ağaclar çiçək açır və s. İnsanın ruhi aləmində də bu hallar baş verir. Fəna məqamına çatandan sonra insanda qəflət yuxusundan ayılma,  bu ayılmadan sonra bədəninə yayılan enerji və bu enerjinin dövri hərəkəti nəticəsində ruhun cavanlaşması, bədənin gərginlikdən xilası halları baş verir. Bir sözlə İlahi aspektə doğru hərəkət edərək insan bioloji varlığı ilə ruhi varlığının inteqrasiyasını həyata keçirərək onları vahid nöqtədə birləşdirir. Məhz,  bu vahid İlahi nöqtədə birləşmə prosesi klassik ədəbiyyatda və Şərq fəlsəfəsində Bahariyyə adlanır.
Rəvayətə görə, Təbrizdə özünü yeni şah elan etmiş İsmayıl (Tarix-1501-ci il-red.) öz hücrəsinə qapanaraq uzun müddət kimsə ilə ünsiyyət qurmazmış. (Haşiyəyə çıxaraq onu da deyək ki, Şah İsmayılın şahlıq dönəmində Səfəvi sarayında sufilər, şeyxlər üçün hər zaman gizli hücrələr olub. Şah İsmayılın özünə aid olan gizli hücrələrin sayı isə bir  neçəyə çatırmış. Şah xüsusən də 1514-cü ildə qanlı Çaldıran döyüşündəki məğlubiyyətdən sonra ömrünün qalan 10 ilini daha çox həmin hücrələrdə keçirib). Gənc şahın hücrədən çıxandan sonra qeyri-adi fikirlər səsləndirməsi, şahdan çox bir hal əhlinə xas olan anlayışları təfəkkür etməsi hətta dövrün ən öncük şeyxlərini də təəccübləndirib. Xətainin Ələst məclisindən  bəhs edən və dünyaya Alim Qasımovun ifasında sevilən misraları həmin sirli görüşmələrdən sonra meydana gəlib:
“Yer yox ikən, göy yox ikən ta əzəldən var idim
Gövhərin yektanəsindən irəli pərgar idim.
Girdim Adəm cisminə bir kimsə bilməz sirrimi
Mən bu beytullah içində ta əzəldən var idim”.
Xətainin bir misraları səsləndirəndən sonra özündən getdiyini deyənlər də var. Yuxarıda ələst məclisinin adını çəkdik. Təsəvvüf aşiqlərinin sözlərinə görə, dünya var olunmamışdan əvvəl Allahla mələklərin böyük məclisi keçirilib. Fəna aləmində bu dünyanın bir növ eskizləri cızılıb, inkişaf tarixi planlaşdırılıb. İnsanın həmin məclisdə iştirakı onun kainatdan da əvvəl var olduğuna bir işarədir. Şah Xətai də yuxarıdakı misralarında buna işarə vurub. Onun ruh davamçısı olan Aşıq Ələsgərin “Ələstdən “bəli” dedim, nə xoş kamaldı yüküm” misraları da bu sirli məclisə işarədir.
Deyilənlərə görə,  Şah İsmayıl İraqı işğal etdikdən sonra Kərbəlaya ziyarətə gedər. Kərbəlada Hz.Hüseynlə bir yerdə şəhid olmuş Hürrün məzarını açır. Görər ki, Hüseynin Hürrün yarasına təpdiyi dəsmal yerindəcə durmaqdadır! Dəsmalı çıxardığında qan axmağa başlar! Sonra dəsmalı nə qədər yerinə qoysa da, qan durmaq bilməz! İsmayıl xəta etdiyini anlayıb təxəllüsünü “Xətai” qoyur.
Tarixçilərin danışdığı bu hekayəti irfan alimləri inkar edir. Onların fikrincə “xəta” sözü əslində heç bir məna daşımır. Yəni ərəb əlifbasında olan “ta” ilə yox nöqtəli “te” ilə yazıldığından konkret ifadə etdiyi anlam yoxdu. Bu sözü təşkil edən həriflərin əbcəd hesabı ilə cəmi “1001”-ə bərabərdir. Bu rəqəmin də islam fəlsəfəsində sonsuzluq ifadə etməsi hər kəsə məlumdur.
Moderator.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir