Ev Cəmiyyət Xanım Qafarovanın qızı: “Elə istəyirəm, evimiz olsun, qarajdan köçək” – MÜSAHİBƏ

Xanım Qafarovanın qızı: “Elə istəyirəm, evimiz olsun, qarajdan köçək” – MÜSAHİBƏ

849

Bizimsesimiz.info // Ürəyimdəki düşüncələrlə Musiqili Teatrın aktrisası, mərhum Xanım Qafarovanın evinə gedirəm. Anasız bir uşağın dünyasına necə yol tapacam?! “Onunla həyatda olmayan anası haqqında necə danışacam?!”- deyə özüm-özümə suallar edirəm. Məni qapıda Xanım Qafarovanın anasını Gövhər Xəlilova qarşıladı. Təzə salamlaşmışdıq ki, balaca Gövhər də qapıda göründü. Görüşdük, baxışlarını yayındırmağa çalışsa da gözlərinin dərinliyində kök salan qəm-kədər anasız dünyasından xəbər verirdi.

Xanım Qafarovanın yadigarı Gövhər Gülmalıyevanın AzNews.az-a müsahibəsini təqdim edirəm.

-Gövhər neçə yaşın var?

-10 yaşım var, 44 saylı orta məktəbdə oxuyuram. Sinifimizdə 24 nəfər şagird var. Onların hər biri məni çox istəyir. Bilirlər ki, mənim anam aktrisa olub və ağır xəstəlikdən ölüb.

-Dərslərini necə oxuyursan?

-Əlaçıyam. Məktəblə bağlı heç bir problemim yoxdur. Sinif yoldaşlarım, valideynlər hamısı tanıyır, mənə qarşı müasibətləri yaxşıdır.

-Səni məktəbə kim aparır?

-Qonşu. Hərdən bir məktəbdən xalam uşaqları da götürür. Məktəb evimizə yaxındır. Nənəm də yaşlı və xəstədir. O, istəsə də məni gündəlik dərsə aparıb gətirə bilməz.

-Arzun nədir. Böyüyəndə hansı sahədə çalışmaq istəyirsən?

-Hələki qərar verməmişəm. Amma təsviri incəsənətə meylim var.

-Ananın davamçısı olmaq, teatrda tamaşalar oynamaq istəyərdin?

-İstəyərdim. Kim istəməz ki. Amma nənəm, xalam istəməz. Qoymazlar ki, mən aktrisa olam.

-Niyə?

-Əziyyətli bir yoldur. Anam çox əziyyət çəkdi. Gecəsi-gündüzü teatr idi. Amma sonu…Mən bir filmə çəkilmişəm. “Dəcəl balam” filmində yaratdığım rolu çox bəyəniblər. Artıq özüm də hiss edirəm ki, məndə bu sənətə qarşı meyillik yaranıb.

-Musiqili Teatra gedirsən?

-Əlbəttə. Orada tamaşalara baxıram. Hələ anamla işləyən aktyorlar da bizə gəlib-gedir. Gəlməyəndə zəng də edirlər. Teatrın direktoru hər bayramda mənə sovqat göndərir. Bundan əlavə, anamın vaxtı ilə oynadığı tamaşalara da baxıram. Həmi tamaşalarda anamı canlı görürəm. Həmin anda ürəyimdən nələr keçir. Elə istəyərəm, anam ekrandan evimizə gəlsin, yanımda olsun. Qucağında yatam. Hər axşam anamla yatıram. Onun şəklini qoyub başımın altına yatıram. Məktəbən gələndə gündəliyimi açıb qoyuram anamın şəklinin qarşısına. Deyirəm,ay ana, bax, mən “5” almışam. Bir də baxıram ki, nənəm ağlayır. Deyirəm, ay nənə, ağlama. İstəmirdim, onlar ağlasın. Amma anam üçün özüm ağlayıram.

-Ananı necə xatırlayırsan?

– Anam yardımsevər biri idi. Hamıya kömək edirdi, anam düyanın ən yaxşı insanı idi. Səhər çıxıb, axşam gəlirdi. Mən onu çox xoş qarşılayırdım. Gözləyirdim ki, anam gəlsin, sonra yatım. Anamla bu divanda yatırdıq. Nənəm də yanımızda yer salırdı. Bu uçuq evdə çox mehriban idik. Heç nəyimiz olmasa da, xoşbəxtliyim, anamla bir dünyam vardı. İsti ana qucağı…Hər şey də anamla getdi… Onu öldüyünü də görmədim.

-Hardaydın ki…?

-Evdə deyildim. Xalamgil məni qoymadılar, çıxardılar evdən. Onlar məni qoysaydı, anam məni görən kimi ayağa duracaqdı. Sonra yavaş-yavaş başa düşdüm ki, anam yoxdur, gəlməyəcək. Amma biz onun yanına gedəcəyik.

-Atan sənə baş çəkir?

-Hə, atam xəstədir.

-Atanla qalmaq, onunla yaşamaq necə istəmirsən?

-Yox, burda böyümüşəm. Atam bizə kömək edir. Məni gəzdirir. Məktəbdə hamını ardınca valideynləri gəlir, bir məndə başqa. Baxıram, gəlib, deyirəm ay nənə, parçalanıram, niyə mənim anam yoxdur? Ağlayıram, sonra sakitləşirəm. Düşünürəm ki, anam olsaydı, arxamca gələrdi. Yuxularıma gəlir. Hər gün mənimlə dərdləşir, saçımı darayır, məni yedizdirir, geyindirir, sonda da gedir. Ayılanda baxıram ki, yuxuymuş. Elə istəyirəm evimiz olsun, burdan, qarajdan köçək. Amma bir yandan da anamla bağlı xatirələrim bu uçub-dağılan, şəraitsiz divarlar arasındadır. Söz veriblər, deyiblər ki, bizə ev verəcəklər. Kaş ki, o evdə anam da yaşayaydı, heç olmasa bir gün görərdi.

-Sizə ev verilsə, orada kiminlə yaşayacaqsan?

-Nənəmlə… Ancaq xalamdan ayrılmaq istəmirəm. Mənə xalam baxır, o, olmasa, neynərəm? Xalam anamın bütün əzablarının şahidi olub. O, anamı tək buraxmadı. Anam çox dözümlü qadın olub. Neçə il xəstə yatdı, amma bir dəfə də o ağrılarını mənə hiss etdirmədi. Anam bir dəfə başını qoyub getdi, amma mən hər gün ölüb-ölüb dirilirəm.

Elə bu anda otağı hıçqırtı səsləri bürüdü. Xanım Qafarovanın bacısı Rübabə İbrahimova və anası Gövhər Xəlilova ağlaya-ağlaya, qırıq-qırıq mərhumu yad etdilər: “Xanım çox əzab çəkdi. Qənirə Paşayeva sağ olsun. Ölənə kimi xanımı tək qoymadı. Xanımın bir gözü arxada idi, övladına gün ağlamamışdı deyə canını tapşıra bilmirdi. Gövhərin paltarını atdıq sinəsinin üstünə, xeyri olmadı. Biz belə bir can verən ana görməmişdik. Axırda Qənirə dedi ki, “Xanım narahat olma, Heydər Əliyev Fondu balanı qoynuna çəkib”. Bu sözü eşidən kimi Qənirəyə baxıb gözünü yumdu. Deyirdi ki, “ana, mən öləcəm, Gövhər ortalarda qalacaq.” Sağ olsunlar, Xanıma həm sağlığında, həm də öləndə sahib durdular. Biz bu hörməti unuda bilmərik. Bu diqqətə görə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm.”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here