Dünyanın ayrı-ayrı ölkələrində mövcud olan abidələrin sayı yüz minlərlədir. Görkəmli şəxsiyyətlərin, tarixi hadisələrin, yaxud da hər hansı bir məkanın rəmzi şərəfinə ucaldılan abidələr həm də bir tanıtım məqsədi daşıyır.

Hər bir ölkə həm öz vətəndaşlarına, həm də qonaqlara abidələr vasitəsi ilə öz tarixini, tarixi şəxsiyyətlərini tanıdır.

Tarixə nəzər salsaq şahidi olarıq ki, əksər abidələrin qoyulması mövcud dövrün ictimai və siyasi tələbatından irəli gəlib. Sözsüz ki, bu məsələdə də böyük yanlışlıqlara yol verilib. Çünki elə dövrlər olub ki, abidə hansısa bir şəxsi, yaxud da tarixi bir hadisəni mifə çevirmək, əfsanələşdirmək üçün vasitəyə çevrilib. Bax elə bu səbəbdən də on minlərlə abidə bir anın içində sökülərək, təkrar istehsal üçün adicə bir xammala çevrilib.

Çox yaxın tariximizdə biz də bunun şahidi olmuşuq. Vladimir İliç Lenini sağlığında mifləşdirərək şərəfinə saysız-hesabsız abidələr ucaldıblar. Artıq oktyabr inqilabının birinci ildönümündə Voroneydə Leninin ilk heykəli görünüb. 1919-cu ildə dünya proletarları rəhbərinin abidələrinin sayı 20-yə çatıb. 1920-ci ildən isə büst və abidələrin qoyulması kütləvi şəkil alıb.

Keçmiş SSRİ-də və digər ölkələrdə Leninin abidələrinin sayını dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Təxmini hesablamalara görə, onların sayı 4 min yaşayış məntəqəsində olmaqla 8 mini ötüb. Milyonlara başa gələn bu abidələrin 90 faizdən çoxu 1990-cı illərdən sonra sökülüb.

İosif Stalinin də şərəfənə ucaldılmış abidələr eyni aqibəti yaşayıb. Fərq yalnız Stalinin şərəfinə ucaldılmış abidələrin daha tez və daha sürətlə sökülməsidir. Nikita Xruşşov öz hakimiyyəti illərində SSRİ-yə 30 il rəhbərlik edən Stalinin abidələrinin götürülməsini daha sürətlə həyata keçirib.
Abidələrdən həm də tarixi saxtalaşdırmaq üçün istifadə ediblər. Bu məsələdə ermənilər daha böyük peşəkarlıq nümayiş etdiriblər.

3.jpg (127 KB)

1967-ci ildə Xankəndi şəhərinin girişində “Biz və bizim dağlar” adlı abidə ucaldılıb. Abidə özündə erməni milli geyimində olan yaşlı kişi və qadını əks etdirib. Hər ikisinin bədəninin yarı hissəsinin torpağın altında olması kimi təqdim olunan abidə ilə sübuta yetirilmək istənilib ki, bu yaşlı ermənilər məhz bu torpaqdan yaranıblar. Yəni abidənin siyasi mənası Qarabağ torpaqlarının guya əzəldən ermənilərə məxsus olmasını, Qarabağda ilk yaşayanların da guya məhz ermənilər olmasını çatdırmaq məqsədi güdüb.

Hazırda ermənilər bu abidəni qondarma “Dağlıq Qarabağ respublikası”nın simvolu kimi təqdim edirlər. Həmçinin qondarma respublikanın gerbində də bu abidə öz əksini tapıb.

Abidənin hazırlanması və qoyulması ərəfəsində onun ilk adı “Nənə və baba” olub. Yəni, söhbət erməni nənələrindən və babalarından gedib. Həmin dövrdə Azərbaycan hökuməti bu ada etiraz bildirib. O cümlədən abidənin Xankəndi şəhərinin giriş hissəsinə qoyulmasına da Bakı razılıq verməyib. Amma bu narazılığa baxmayaraq, ermənilər həmişə olduğu kimi yenə də Moskvada özlərinə havadar tapa biliblər.
Abidənin adını əvvəlki kimi “Nənə və baba” saxlamaq mümkün olmayıb.

Moskvada niyə məhz belə adın qoyulması sualına ermənilər cavab verə bilməyiblər. Daha doğrusu əsl məqsədlərini çatdırmağa cürət etməyiblər. “Biz və bizim dağlar” adının qoyulmasını isə onlar belə əsaslandırıblar ki, Qarabağ uzunömürlülər məkanı olduğundan bu abidədə yaşlı insanlar təqdim olunur. Bu, ermənilərin Moskvaya cavabı olub. Əslində isə millətçi ermənilər “Biz və bizim dağlar” adında da Qarabağın onlara məxsus olmalarını tarixə sırımaq istəyiblər.

2.jpg (110 KB)

Abidənin müəllifi əslən Xocavənd rayonundan olan, sonralar isə Ermənistana köçən Sarkis Baqdasaryandır. Heykəltaraş sonralar bu abidə haqqında açıqlamalarında fikirlərini belə bildirib:
“Mən bu əsərimlə Artsaxın simvolunu yaratdım, tarixə bir qayıdış etdim, ermənilərin hansı bir tarixə malik olduğunu, hansı əzmə, dəyanətə sahib olduğunu göstərdim. Bu abidədə azadlıq və azadlıq uğrunda mübarizənin cizgiləri var…”

Sovet dövründə “Biz və bizim dağlar” abidəsi o qədər də baxımlı bir vəziyyətdə olmayıb. Abidənin böyür-başı erməni əyyaşlarının məskəni olub. Yalnız bəzi hallarda “Son zəng” tədbirindən sonra erməni məzunlar kol-kosun içərisində olan abidəni ziyarət ediblər.

Dağlıq Qarabağda qondarma respublika yaratdıqdan sonra dünyaya göstərməyə başqa heç nələri olmayan ermənilər bu abidəni Xankəndinin, qondarma “Dağlıq Qarabağ respublikası”nın rəmzinə çeviriblər və buna görə də zaman-zaman ifşa olunublar.

Qeyd edək ki, Azərbaycan ərazisindəki abidənin təsvirinin erməni ifaçılarının “Eurovision- 2009” mahnı müsabiqəsinin reklam çarxına daxil edilməsi ilə bağlı Azərbaycan XİN-in etirazından sonra “Eurovision”un təşkilat komitəsi ermənilərin bu hərəkətini həqiqətən siyasi addım hesab edib və həmin hissəni videogörüntüdən çıxardıblar.

Tarix sübut edir ki, gec-tez bütün saxtarkarlıqlara son qoyulur. Gec-tez bu abidə də hansısa bir zirzəmidə lazımsız əşya kimi qalacaq. Xankəndinin girişində isə onun gerçək tarixini əks etdirən abidə ucaldılacaq.

İlham Cəmiloğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here