Xoşbəxt olmaq üçün nə qədər pul lazımdır?
“Xoşbəxt olmaq üçün nə qədər pul lazımdır?” Bu günlərdə Rusiyada keçirilən bu sorğu nəticəsində maraqlı nəticələr alınıb.
Belə ki, məlum olub ki, rusiyalı vətəndaşlar xoşbəxt olmaq üçün ayda 188 min rubl (təxminən 5.640 manat) gəlirlərinin olmasını düşünür. Bu nəticə rusların iki il əvvəl qeyd etdikləri məbləğdən 5 faiz çoxdur. Belə ki, 2015-ci ildə bu rəqəm 175, 2014-cü ildə 173, 2010-cu ildə isə 188 min rubl idi. Sorğunu keçirən ekspertlər qeyd edib ki, rəqəmlərin dəyişməsi əsasən iqtisadi vəziyyətlə bağlıdır.
Belə ki, insanlar çox çətin durumda olarkən az pula da qane olursa, vəziyyəti yaxşılaşdıqdan sonra daha çox gəlilərinin olmasını arzu edirlər. Sorğu zamanı həm də məlum olub ki, sən demə rusiyalı kişilər qadınlara nisbətən 20 faiz daha çox pul əldə etmək arzusundadır. Həmçinin yaşlı insanlar da xoşbəxt olmaq üçün daha çox pul lazım olduğunu bildirib.
Bu arada bir faktı da qeyd edək ki, ötən illərdə Amerikada da bu cür sorğu keçirilən zaman məlum olmuşdu ki, amerikalılar aylıq gəliri 6 min dolları keçdikdən sonra həyatlarına xoşbəxtlik gəlməyə başlayır. Rusiyada isə bu rəqəm demək olar ki, tam yarsıdır. Bu isə onunla izah edilir ki, Rusiya əhalisinin aylıq gəliri 250 dollardan artıq deyil.
Azərbaycanda isə hazırda orta əmək haqqına gəldikdə, dövlət müəssisələrində çalışan işçilərin əmək haqqı 378, 4 manat, özəl müəssisələrində çalışan işçilərinki isə 683,6 manat olduğu bildirilir.
Maraqlıdır, bəs tanınmış azərbaycanlılar xoşbəxt olmaq üçün ayda nə qədər pul lazım olduğunu düşünür?
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev musavat.com-a açıqlamasında xoşbəxtliyi pulda görməsə də, amma bir ailə üçün ayda 3-5 min manat gəlirin lazım gəldiyini bildirdi: “Elə insanlar var ki, lüks həyat yaşayırlar, amma xoşbəxt deyillər. Mən özüm də xoşbəxtliyi pulda görmürəm. Pula marağım olsaydı, mənim də evim, villam, bağım, maşınlarım olardı. Çox təəssüf ki, bunların hamısından məhrumam. Əsas odur ki, millətin içərisində yaxşı tanınırıq. Amma normal yaşamaq üçün hər bir ailəyə ayda 3-5 min manat pul lazımdır. Lakin qeyd etdiyim ki, təəssüf ki, biz ona hələ nail ola bilməmişik”.
ADP sədri Sərdar Cəlaloğlu isə mövzuya bu cür şərh bildirdi: “Rəsmi məlumata görə, ölkəmizdə minimum əmək haqqı adambaşına 110 manatdır. Guya bu pulla normal yaşamaq olar. Amma bir ziyalı əgər ziyalı kimi geyinmək, evi, maşını olmasını istəyirsə, elmi inkişafını artırmaq üçün heç olmasa, ildə bir dəfə səyahətə çıxmağı arzulayırsa, evində incəsənət əşyalarının, şəxsi kitabxanasının olmasını istəyirsə ayda ən azı 3-5 min dollar, təxminən 10 min manata yaxın gəliri olmalıdır. Bu da əsasən orta səviyyədə yaşamaq üçün bəs edir”.
İqtisadiyyat yazarı Dünya Sakit isə qeyd etdi ki, suala cavab vermək üçün xırda bir hesablama aparmağa ehtiyac var: “Orta statistik Azərbaycan ailəsi – minimum 4 nəfərdən ibarət götürülür, adətən… Ata-ana və 2 övlad olmaqla… Bir çox ailələrdə nənə-baba, yaxud onlardan biri də var, bir qismində isə uşaqların sayı 1-dir və s. Orta rəqəm 4 nəfər götürülür. Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçünsə 136,6 manat məbləğində müəyyən edilib. Beləliklə, 4 nəfərlik bir ailəni 2 nəfər işləyən – ata-ana, 2 nəfər uşaq olaraq hesablasaq, bu ailənin fiziki mövcudluğu üçün aylıq gəliri minimum 602 manat olmalıdır. Əgər ailədə 1 pensiyaçı baba və ya nənə olarsa, bu məbləğ 732 manata qalxacaq. Nəzərə alsaq ki, yaşayış minimumu bir nəfərin mövcudluğunu saxlamaq üçün lazım olan minimum vəsaitdir, onda xoşbəxtlik üçün ailənin ən azı bundan bir neçə qat artıq gəlir əldə etməsinin gərəkdiyini görərik.
Yenə də dəqiq rəqəm söyləmək çətindir, çünki xoşbəxtlik anlayışı maddi baxımdan götürdükdə ayrı-ayrı insanlar üçün fərqli məbləğləri ifadə edir. Məsələn, elə ailələr var ki, yaşayış minimumundan daha aşağı gəlir əldə edirlər – belələri üçün aylıq 500-1000 manat gəlir xoşbəxtlik deməkdir. Ailənin mövcud gəlirlərinə uyğun olaraq, xoşbəxtlik meyarı da dəyişir – bu gün ayda 3-5 min manat qazananlar 10-15 min manat, 5-10 min manat qazananlar isə daha böyük məbləğdə gəlirlə özlərini xoşbəxt hesab edə bilərlər. Fikrimcə, xüsusilə son 2 ildə baş verən proseslərdən sonra Azərbaycan ailələrinin xeyli hissəsi üçün aylıq 1-2 min manat gəlir özlərini xoşbəxt hiss etmələrinə yetər də, artar da…”