Xəbər verdiyimiz kimi, 2021-ci ilin dövlət büdcəsində əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 207 manat məbləğində müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu məbləğ 2020-ci illə müqayisədə 6 manat və ya 3% çoxdur.
Məlumat üçün bildirək ki, yaşayış minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bu səbəbdən də istehlak məhsullarının (ərzaq və qeyri-ərzaq malları) və xidmətlərin qiymətindəki artımlar (inflyasiya) minimum istehlak səbətinin dəyərini də artırır.
Açıqlanan rəsmi məlumata görə, 2020-ci ilin ilk 11 ayında istehlak məhsullarının qiyməti 2,8% artıb. Belə görünür ki, 2021-ci il üçün nəzərdə tutulan yaşayış minimum məbləğinin 3% artması istehlak məhsullarının qiymətindəki artıma əsasən hesablanıb.
Lakin məlumdur ki, 2021-ci ilin yanvar ayından etibarən ölkədə icbari tibbi sığorta tətbiq olunacaq. İcbari tibbi sığorta işçinin əməkhaqqının 2% həddində müəyyən edilib. Ölkə üzrə orta aylıq əməkhaqqının 704 manat olduğu üçün işçilər hər ay orta hesabla 14 manat məbləğində icbari tibbi sığorta haqqı ödəyəcək. VÖEN sahibi olan fərdi sahibkarlar isə minimum əmək haqqının 4% həddində və ya 10 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu məbləğ yaşayış minimum məbləğinin ən azı 2% həddində olacaq.
Yaşayış minimum həm də icbari ödənişlərin cəmindən ibarət sosial norma olduğu üçün, yaşayış minimumu məbləği hesablanarkən icbari tibbi sığorta haqqı da nəzərə alınmalıydı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here