Yay turizmi bitdi – daha çox ərəb və iranlılar gəldi

Bu il yerli turizm obyektlərində rəqabət niyə qiymətləri aşağı salmadı?

Bir neçə günə Azərbaycanda yay turizm mövsümü sona çatacaq. Ölkə əhalisinin böyük qismi məzuniyyət hüququndan istifadə edib. Yəni istirahət edən edib, etməyən isə bundan sonra qalan cüzi müddətdə şərtlərdən yararlanmağa çalışacaq. Bəs Azərbaycan 2018-ci il yay turizmini necə geridə qoydu? Ötən illərlə müqayisədə bu sektorda qiymət, xidmət, seçənək baxımdan nə kimi irəliləyişlər oldu? Oldumu ümumiyyətlə? Turizm obyektləri xarici turistlərlə müqayisədə yerli turistlərə ötən illərdə olduğu kimi, ögeylik nümayiş etdirdilərmi?

2018-ci ildə ölkəyə gələn turistlərdə 10 faiz artım…

“Yeni Müsavat” geridə qoymağa hazırlaşdığımız yay turizm mövsümünün dövlət qurumları, ekspertlər və yerli turistlərlə təhlil edir. Öncə rəsmi rəqəmlər barədə.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov mediaya açıqlamasında bildirib ki, 2018-ci ildə ümumilikdə ölkəyə turist axını 10 faiz artıb, amma bəzi ölkələr üzrə azalma müşahidə olunur: “Ötən il olduğu kimi, bu il də Azərbaycana əsas turist axını ərəb ölkələrindən olub. Bu, Azərbaycanla ərəb ölkələri arasında yeni birbaşa aviareyslərin açılması ilə izah olunur. Küveyt, Oman, Səudiyyə Ərəbistanı kimi ölkələrdən turist axını müşahidə olunub. Eyni zamanda Birləşmiş Ərəb Əmirliklərindən turistlərin sayında azalma qeydə alınıb”.

Ərəblər Azərbaycanda ile ilgili görsel sonucu

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) turist axınının azalmasını şərh edən assosiasiya sədri bildirib ki, bu, ərəb ölkələrində turist bazarı üçün böyük rəqabətin olması ilə bağlıdır: “Ərəb turistləri üçün rəqabət çox böyükdür və bir çox ölkələr – Qazaxıstan, Gürcüstan, Türkiyə, Rusiya və digərləri – ərəb ölkələrindən olan turistlər üçün ən yaxşı şərtləri yaratmağa çalışır. Bu yaxınlarda Azərbaycan BƏƏ vətəndaşları üçün viza rejimini sadələşdirib. Fikrimcə, bu, yenidən itirilmiş mövqeləri bərpa etməyə imkan verəcək”.

N.Bağırov əlavə edib ki, ərəb ölkələri ilə yanaşı, Azərbaycana Rusiya, digər MDB ölkələri, eləcə də İsraildən turist axınının artımı müşahidə olunub. Turistlərin səfərlərinin əsas istiqamətləri barədə danışan assosiasiya rəhbəri qeyd edib ki, Bakı ilə yanaşı, ölkənin regionları da populyardır: “Bakıdan sonra qonaqlar arasında ən populyar istiqamət Qəbələ və Quba-Qusar zonasıdır. Daha sonra Şamaxı və Şəki-Zaqatala zonası gəlir”.

Bizə hansı ölkələrdən, kimlər gəlib – ilginc rəqəmlər

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68,5 faizini kişilər, 31,5 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 14,1 faizi yanvar, 12,5 faizi fevral, 20,9 faizi mart, 16,5 faizi aprel, 15,7 faizi may, 20,3 faizi isə iyun ayında ölkəyə gəlib.

Yarım ildə Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 44,3 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8 faiz artıb. İrandan gələnlərin sayında 18,8 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9 faiz artaraq 276,6 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər 5 nəfərindən 1-i Körfəz ölkələrindən olub.

Yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,3 faiz artaraq 53,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,5 faiz artaraq 478,3 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat üçün açıqlamasında da göstərilir ki, 2017-ci ildə ölkəmizə 2 milyon yarımdan çox turist gəlib. Bu da əvvəlki illə nisbətdə xeyli artım deməkdir. Hazırda Azərbaycanda 570-dən çox hotel fəaliyyət göstərir.

Daha bir uğurlu göstərici isə odur ki, 2017-ci ildə xarici turistlər ölkəmizdə 2 milyon manatdan çox vəsait xərcləyib. Yerli turistlərimizdə isə bu göstərici 1 milyon 700 min olub.

Xaricilər dəniz üçün Bakını, sərinləmək üçün rayonları seçirlər

Azərbaycanda yay turizmi iyunda başlayır və sentyabrın 15-dək davam edir. Ümumi statistika göstərir ki, Bakı  Azərbaycana gələn turistlər üçün ən məşhur şəhər olaraq qalır. Bununla belə, xarici qonaqlar daha sıx ölkənin regionlarına da səfərə gedir. Burada əsrarəngiz təbiət mənzərələrini müşahidə etmək, kənd məişəti ilə tanış olmaq, Azərbaycan mətbəxinin regiondan regiona fərqlənən dadlı yeməklərindən dadmaq  mümkündür. Əgər yayda meşədə ağacların kölgəsində və ya Xəzərin sahilində istirahət etmək mümkündürsə, qışda aktiv istirahət tərəfdarları Azərbaycanın dağ-xizək kurortlarını seçirlər.

Ərəblər Azərbaycanda ile ilgili görsel sonucu

Azərbaycana Dubay, Səudiyyə Ərəbistanı, Küveytdən gələn turistlərin məqsədi sərinləmək olduğu üçün onlar Azərbaycanın sərin guşələrini seçirlər. Ən çox Şəki, Qəbələ, Quba və Qaxda qalırlar. Bakı şəhərində də turistlər çoxdur. Otellərin demək olar ki, əksəriyyəti doludur. Çünki MDB ölkələrindən gələn turistlər çoxdur. Onlar dəniz üçün Bakını seçirlər. Lakin dəniz kənarı otellərin sayı az olduğundan şəhərdəki otellərdə qalırlar.

Turizm üzrə ekspert Rasim Əliyev isə deyir ki, öncəki illərdə ərəb, MDB ölkələri, həmçinin İrandan gələnlər əsasən Bakıda gəzməyə üstünlük verirdisə, indi daha çox bölgələrə üz tuturlar. Onlar tur paket seçərkən onun bir neçə gününü Bakıya, qalanını isə bölgələrə sərf edirlər. Rayonlardan Şəki, Qax, Quba, Qəbələ, Lənkəran, Lerik daha çox tərcih ediləndir.

Qiymət baha olanda turist orda az qalmaq istəyir

Bəs daxili turizmdə xidmət, personalın səviyyəsi yetərli səviyyədədirmi? Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov mediaya açıqlamasında bildirib ki, regionlarda bu sahədə kadr məsələsi də zəifdir: “Ona görə də sahibkarlar buna diqqət yetirməlidir. Ofisiantların, barmenlərin yüksək səviyyədə xidmət göstərməsi üçün mütləq mütəmadi treninqlər keçirilməlidir. Çünki müştəri, adətən, ödədiyi pulun müqabilində istədiyi xidməti ala bilməməsindən şikayətlənir. Digər məsələ sanitar gigiyenik normalara diqqət yetirilməsidir. Çünki otaqlarda çarpayı dəstləri və camaşırlar təmiz və standartlara uyğun formada ağ rəngdə olmalıdır. Eyni zamanda, yeməklər keyfiyyətli və münasib qiymətə olmalıdır. Bununla da insanlar səyahət etdiyi yerdə üç gün yox, on gün qalmağa həvəsli olmalıdır. Turist bir yerdə nə qədər çox qalarsa, bir o qədər də çox gəlir gətirər. Lakin qiymətlər baha olarsa, yalnız iki-üç gün qalmaq istəyəcək. Bunları nəzərə almaq lazımdır”.

Mütəxəssis qeyd edib ki, daxili turizmin inkişafı ölkəyə daha çox pul gətirər: “Qiymət siyasəti düzgün qurulsa və xidmət yüksək səviyyədə olsa, əhali artıq Gürcüstana və digər ölkələrə getməyə ehtiyac görməz. Qiymətlərin də aşağı düşməsi üçün yeni hotellərin inşasına zərurət var. Bu zamana kimi Azərbaycanda, demək olar, hostellər yox idi. Lakin son illərdə, əsasən də Bakıda daha geniş yayılıb. Hostellər ucuz olduğundan turistlərin daha çox marağını çəkir. Çünki turist ən çox gəzməyə vaxt ayırır. Onun üçün gecə yatması üçün yer lazımdır. Adətən bahalı otellərdə beynəlxalq əhəmiyyətli tədbirlərə gələn biznes adamları qalır. Kütləvi turizmi inkişaf etdirmək üçün hostellərin və üç ulduzlu hotellərin fəaliyyətinə ehtiyac var. Şimal-qərb zonasında yerləşən hotellərin qiyməti şimal-şərq zonasında yerləşən hotellərə nisbətən bahadır. Bunun da səbəbləri var. Belə ki, şimal-qərb zonasında yerləşən hotellərin keyfiyyəti yüksəkdir. Həm də turizm məkanlarını düzgün şəkildə təqdim və təbliğ etməyin də əhəmiyyəti böyükdür. “Turizm haqqında” yeni qanun layihəsində bir çox məsələlər öz əksini tapıb. Turizm reyestrinin olması da vacib addımdır. Çünki lisenziyaların ləğv olunmasından sonra yeni açılan turizm şirkətlərinin siyahısı tutulmalıdır”.

Bölgələrdəki hotellərdə qiymətlər “uçdu”, camaat birgünlük turla başını aldatdı

Keçək yerli turistlərə. Kasıb təbəqə yayda “gözünün qurdunu” öldürmək üçün əsasən birgünlük turları tərcih etdi. Birgünlük turlar 15-20 manat məbləğində idi. Amma 1 gecə, 2 günlük turların qiymətləri 30-40 manatdan 280 manata qədər dəyişdi. Tur paketlərinin qiymətləri günorta və axşam yeməklərinin olub-olmamasına görə dəyişir. Ümumiyyətlə, xaricdən turist gələndə iki gün Bakıda qaldıqdan sonra regionlarımıza səfər edir.

Azərbaycanın Şəki, Qax, Quba, Qusar, Lerik, Şamaxı, Qəbələ kimi bölgələrində 4 nəfərlik ailənin 7-10 günlük istirahəti minimum 2 min AZN-ə başa gəlir. Sözügedən bölgələrdə yerləşən sıradan hotellərdən birində 1 həftə ərzində qalmaq yalnız səhər yeməyi daxil edilməklə, bir nəfər üçün 500-700 AZN məbləğindədir.

Adi bir misal. Qafqaz Qəbələ Resort otelində 15 İyun – 31 Avqust tarixlərində 5 gecə qalıb 4 gecə üçün 690 AZN ödəmək təklif olunur. Kampaniya 2 nəfərlik standard (Double və ya twin) otaqlar üçün nəzərdə tutulub.

Samaxi Palace otelində isə 1 həftə istirahət, 7 gecə, 6 gün üçün 499 AZN tələb olunur. Bura ancaq səhər yeməyi və SPA daxildir.

Nabran “Caspian sea” ile ilgili görsel sonucu

Nabranda “Caspian sea” istirahət mərkəzində adi nömrədə 1 nəfər üçün 1 günlük istirahət 280, lüks şəraitli VİP nömrələrdə isə 1000-1500 manatdır.

Xaçmazda yerləşən “Çoban bulaq” İstirahət Mərkəzindən öyrənirik ki, burada 1 günlük istirahət 60 və 80 manata təklif olunur. Mərkəzdən bildirdilər ki, qiymət fərqi otaqların genişliyinə görədir. Bu qiymətlərə yemək daxil deyil. Mərkəzin lüks otaqları 2 nəfər üçün 150 manat, 4 nəfər üçün 250 manatdır. Bu qiymətlərə səhər yeməyi daxildir.

Amma bu məqamda kənd turizmini də yaddan çıxarmaq olmaz. Çünki bölgələrdə bir sutkası 20-50-80 manat civarında olan kənd evləri də turistlərin dadına yetir. Bir həftəlik ailəvi istirahət üçün təkcə ev kirayəsinə 150-350-560 manat ödəyən ailələr yemək məsələlərini də öz hesablarına həll etdilər. Bu halda istirahət daha ucuz başa gəlir.

Yerli turistlər Azərbaycanda turizm obyektlərinin sayının ildən-ilə artdığı bir zamanda qiymətlərin də artmasından gileylidir. Çünki normalda rəqabət mühiti daha çox müştəri cəlb etmək üçün qiymətlərin azaldılmasını mütləq edir. Belədə isə obyekt çox, müştəri üçün əlçatmaz olduğu üçün bəzən böyük turizm obyektləri yayı boş keçirmək zorunda qalırlar.

Sevinc TELMANQIZI

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir