Yayın vazkeçilməzi: kondisionerin zərəri xeyrindən çoxdur

Havaların kəskin isti keçməsi ilə hər kəs sərinlənmək üçün istər iş yerində, istərsə də evində və ya avtomobilində kondisionerlərdən istifadə etməyə çalışır. Lakin ekspertlər hər zaman kondisionerlərin faydasından çox zərəri olduğunu vurğulayırlar. Belə ki, qeyd olunur ki, uzun müddət kondisionerdən istifadə müxtəlif bakterial xəstəliklərə, baş ağrısına, dəri problemlərinə, müxtəlif əzələ ağrılarına səbəb ola bilir.

Bu bir faktdır ki, olduğumuz mühitdə ani hava dəyişməsi ilk növbədə dəriyə təsir edir. İstidən soyuğa, soyuqdan istiyə hava dəyişməsi dəriyə olan zərəri artırır. Nəticədə dəri tez quruyur, qabıq verir və yaxud qızarır. Bu, həm də müxtəlif bakterial xəstəlikləri yarada bilir. Otaqda kondisionerdən çox istifadə etdikdə insanda həm də baş ağrıları yaradır. Ekspertlər qeyd edir ki, bu zaman ağrıkəsicilərdən istifadə etmək tövsiyə olunmur. Çünki mədə və digər orqanlara zərərlidir.

Kondisionerin insan sağlamlığı üçün zərərli olması haqda iddialardan biri də budur ki, kondisioner çöldə olan bakteriya və virusları içəri daşıyır. Havaya qarışan virus və bakteriyalar kondisioner vasitəsilə olduğumuz məkana dolur. Nəticədə insanlarda soyuqdəymə, qrip tipli xəstəliklər yarana bilir.

Klimanın zararları ile ilgili görsel sonucu

Bundan başqa, iddialara görə, kondisionerlə yoluxan arzuolunmaz xəstəliklərdən biri “legionella pnevmaniyası”dır. Bu mikrob insanı ağciyər, bronxit, rinit kimi infeksiyalara yoluxdurur, qulaq və diş iltihablarına gətirib çıxarır. Bu bakteriya kondisionerlərin filtr sistemlərində uyğun nəm və istilikdə törəyir və buradan da ətrafa yayılır. Xəstəlik insandan insana da yoluxur.

Xəstələrdə tipik sətəlcəmdən fərqli olaraq, ağciyərə və tənəffüs sisteminə aid olan şikayətlər ön planda olur. İlk 24-48 saat içində halsızlıq, əzələ ağrıları, şiddətli baş ağrısı və narahatlıq yaranır. Daha sonra yüksək hərarət və ilk iki gün quru öskürək müşahidə edilir. Ürək bulanması, qusma, qarın ağrısı görünə bilər. Xəstələrin 20 faizində sinir sistemi və hətta koma halı da müşahidə edilə bilər. Həkimlərin dediyinə görə, adıçəkilən xəstəlik müalicə olunandır və doğru müalicə aldıqda xəstə 21 günə sağa bilir.

Klimanın zararları ile ilgili görsel sonucu

Kondisionerlərin səbəb olduğu digər xəstəliklərdən biri də “humidifier fever”dir. Bu xəstəlik mikroblarla çirklənmiş cihazlardan istifadə etdikdən sonra yaranır. Bir neçə saat sonra bədəndə qızdırma başlayır. Fəsadların üzə çıxması 12 saat ərzində ola bilər. Xəstələrdə qızdırma, titrətmə, yorğunluq, halsızlıq kimi daha çox qripi xatırladan şikayətlər olur. Xəstələrin çoxu 24-28 saat içində tamamilə düzəlir.

Ekspertlər qeyd edirlər ki, xüsusən də avtomobildə olan kondisionerlər insan orqanizminə mənfi təsir göstərir. Bu baxımdan tövsiyə olunur ki, avtomobildəki kondisionerin filtrinə vaxtlı-vaxtında nəzarət etmək lazımdır.

Bütün bunları nəzərə alaraq həkimlər qeyd edir ki, azyaşlı, xüsusən də südəmər uşaqların olduğu otaqda kondisionerlərin istifadəsi tövsiyə edilmir. Çünki azyaşlı uşaqlar kondisionerin zərərlərindən daha tez təsirlənir.

İlgili resim

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışdı: “Bildiyiniz kimi, kondisionerlər sərinlətmək üçündür. Kondisionerlər temperaturu tənzimləyir. Əsasən temperatur 22-27 dərəcə arasında olmalıdır. Lakin əksəriyyət çöldə havanın temperaturu yüksək olduqda kondisioneri 16-18 dərəcəyə qoyur. Bu isə qətiyyən doğru deyil. Çünki bu zaman kondisioner çox enerji sərf edir. İkinci bir tərəfdən, əgər bayırda tutaq ki, havanın temperaturu 30 dərəcədirsə, otaqda temperatur 10 dərəcədən aşağı ola bilməz. Məsələn, bu zaman otaq temperaturu 25 dərəcə olsa kifayət edir. Çöldəki temperatur ilə otaqdakı temperatur arasında 10 dərəcədən artıq fərq olarsa, bu zaman müxtəlif xəstəliklər, o cümlədən soyuqdəymə, qrip əmələ gələ bilər. Buna görə də diqqətli olmaq lazımdır”.

Klimanın zararları ile ilgili görsel sonucu

Professor kondisionerin zərərindən qorunmaq üçün tövsiyələrini də dedi: “Kondisionerin su yollarına, filtrinə diqqət etmək lazımdır. Bildiyiniz kimi, kondisioner çöldəki mikrobları özünə cəzb edir və bu da ”legionella pnevmaniyası” xəstəliyini yarada bilir. Bu xəstəlik hətta insanı ağır vəziyyətə salır. Ona görə də yaxşı olar ki, kondisionerin su yolları vaxtaşırı təmizlənsin. Ən əsası isə kondisionerdən düzgün istifadə etməyin yolu ondan mümkün qədər az istifadə etməkdir”.

Ekspertlər tövsiyə edərək bildirirlər ki, xəstəxana, bank, sinif kimi uzun müddət oturulan məkanlarda tavana quraşdırılmış kondisionerlərin altında gözləmə kürsüləri və iş masaları qoyulmamalıdır. Kondisioner altında, yaxınında və qarşısında xüsusilə tərli halda qalmaq kondisioner vurmasına səbəb ola bilər. Kondisionerin hava vuran yeri insanın üstünə yönəlməməlidir. Həmin hissəni tavana tərəf yönəltmək lazımdır.

Kondisioner alarkən onu otağın ölçüsünə uyğunlaşdırmaq lazımdır. Yəni otağın kvadratı azdırsa, orada iri həcmli kondisioner quraşdırmaq məsləhət görülmür. Yataq otaqlarında kondisionerdən istifadə edilməməlidir. Həm pəncərəni açıq qoyub, həm də kondisioneri işlətmək ikiqat fəsad yarada bilər.

Xalidə GƏRAY

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir