Yaylaq festivalındakı biabırçılıq – Jurnalistlər qurumları “TOPA TUTDULAR”

II Milli Yaylaq Festivalını işıqlandırmaq üçün Göygöl rayonuna səfər edən 40-dan çox jurnalist yağış səbəbindən Hacıkənddə köməksiz vəziyyətdə qalıb. Belə ki, yağış suyu torpaq yolu keçilməz etdiyindən, jurnalistlərin olduğu avtobusla yanaşı, festivaldan çıxan qonaqların əksəriyyəti çətin durumla üzləşib. Kilometrlərlə tıxac yaranıb, yolda hərəkət tamamilə dayanıb.

Yaranmış vəziyyətdən narazılığını dilə gətirən qələm əhli Mədəniyyət Nazirliyini və Gəncə Şəhər İcra Hakimiyyətini tənqid edərək, təşkilati işlərin bərbad olduğunu söyləyib.

Bizimsesimiz.info jurnalistlərin II Yaylaq Festivalı haqqında paylaşımlarını təqdim edir:

“Trend” İnformasiya Agentliyinin redaktoru Elgün Mənsimov:  

“”Baş verənlər barədə heç nə danışmasam, yaxşıdır!” 

Çox istərdim ki, 2-ci Milli Yaylaq Festivalı barədə ancaq belə başlıqla bu şəkli paylaşım. Lakin gün ərzində sosial şəbəkədə müşahidə etdiklərim, hər kəsin, xüsusən də bəzi həmkarlarımın bilib-bilmədən, nə gəldi yazması və ya danışması məni məsələyə bir qədər ətraflı yanaşmağa, əslində, reallığa və baş verənlərə bir daha işıq salmağa vadar elədi.

Öncə festival barədə!

Bir türkçü kimi, türk obalarının, türk ellərinin adət-ənənəsi, yaşayış tərzi və tarixi hər zaman mənə maraqlı olub. Festivalın da mahiyyəti elə bu olduğuna görə, hələ bir neçə il əvvəl Gədəbəydə keçirilən 1-ci Yaylaq Festivalında iştirak edə bilmədiyimə görə çox üzülmüşdüm. Odur ki, ikinci yaylaq festivalına getmək dəvətinə xeyli sevindim.

Səfəri Mədəniyyət Nazirliyi təşkil etmişdi. Proqrama görə səhər saat 10-da Hacıkənddə, festivalın keçirildiyi yaylaqda olmalı idik. Lakin biz yaylağa ayaq basanda günorta saat 3-ün yarısı idi. Çünki yaylağa qalxan torpaq yolda (yeni salındığı hiss edilirdi) kilometrlərlə tıxac vardı.

Əlqərəz, hamımız ac idik. Yolda demişdilər ki, çatan kimi yemək veriləcək. Çatdıq. Ərazidə böyük bir pərakəndəlik hökm sürürdü. Hər kəs nə istədiyini bilmədən o tərəf-bu tərəfə var-gəl edirdi. 1 saat keçdi, dedilər bir az da səbr edin, yemək yoldadır, bir saat da keçdi, dedilər ki, rəsmilər gəlir deyə yol bağlanıb, yemək gecikir. Hər kəs əlini üzdü və hərə bir tərəfə dağıldı. Öz parası ilə biri 3 manat olan kətə yeyən kim, biri 5 manat olan dönər yeyən kim, biri 2 manat olan adi litrlik su alıb içən kim…

Artıq 2 saat idi ki, ərazidə dolaşırdıq, festivala aid nəsə görə bilmirdik. Sanki festivalda deyil, alverçilərin, möhtəkirlərin, dəllaların hakim olduğu böyük bir bazarda idik. Onlar da kimi harada tutdu, mələdirdi. Heç ən bahalı London küçələrində belə insanları bu qədər tovlamırlar…

Bir-iki çobanaldadan tamaşanı çıxmaq şərtilə proqramda təqdim olunan konsertlərdən, çıxışlardan da heç birini görmədik. Olsaydı, hər halda görərdik. Camaat ancaq 3-5 dəfə baha qiymətə satılan nəyisə alıb yeməklə məşğul idi.

Gələk çörəkarası xiyar məsələsinə (bəzi həmkarların dili ilə desək)…

Bir də hay çıxdı ki, yemək gəlib, təcili hər kəs toplansın. Mən öz pulumla göy kətəsi yediyimdən tox idim. Ona görə, açığı, yeməyə getmədim. Əslində, hamı nə iləsə qarnını doyurmuşdu. Nazirlik nümayəndələrinin əzabla gətirib çıxardığı yeməkdən mənə də çatdırdılar. Təqdim olunduğu kimi heç də çörək və xiyardan ibarət deyildi, içərisində toyuq əti və pomidor-soğanı da vardı. Pendiri də olsaydı, əsl yaylaq yeməyi idi. Yəni burada qəbahətli bir şey görmürəm.

Əsl qəbahət isə “festival”dan sonra üzə çıxdı. Ona görə dırnaqda yazıram ki, o festival deyildi, sadəcə biabırçılıq idi. Arada həmkarlardan biri zarafat da olsa, çox sərt bir söz dedi – Yaxşı ki, Bilal Ərdoğan bu dəfə gəlməmişdi, yoxsa lap biabır olardıq.

Gələk tualet məsələsinə…

Bilib-bilmədən danışmaq bizim alın yazımızdır. “Festival” ərazisindəki tualetlər tam pulsuz idi. Şəraitinə gəlincə, tam müasir səyyar konteyner idi. Suyu da ki, daimi və sərin. Məndən olsa, hələ bu tualeti “yaylaq standartları”na görə qarğı-qamışdan qoydurardım.

İndi isə gələk “festival”ın ən həyəcanlı bölümünə. Bu bölümə “Palçıq Festivalı” da deyilir…

Təxminən saat 20:00 radələrində geri dönüş üçün ərazini tərk elədik. Bir qədər irəliləmişdik ki, yağış başladı. Torpaq palçığa döndü və maşınların hərəkəti mümkünsüz oldu. Sürüşərək insanların üstünə gedən, ən son anda dayanan avtobusumuzun “şoferi” ürəyini tutub şükür elədi, dedi, öldürün, bir addım da gedən deyiləm. Qarşımızda kilometrlərlə tıxac vardı, istəsək də, gedə bilməzdik, zatən. Bir qədər sonra polis nəfərləri gəldi və qəti surətdə tapşırdılar ki, avtobus bu gecə tərpənməməlidir. Sabah ola, gün çıxa, yol quruya, sonrası xeyir ola… Beləcə, panika başladı. İkitirəlik yarandı, bəziləri dedi gəlin düşüb piyada gedək, oradan taksi filan tapıb Gəncəyə gedərik, bəziləri isə dedi ki, yox, avtobusda yatıb qalaq. Təqribən 40 nəfər idik. Şəxsən, mən oturub gözləməyin tərəfdarı idim, elə də etdim. Digər tərəfdən isə macəraçı biri olduğumdan baş verənlərdən bir növ də əylənməyə çalışdım. Lakin həmkarların kiçik bir qrupu ilk versiyanı dəstəklədi və piyada yola düşdülər. Nəticədə gecənin bir aləmi min cür məhrumiyyətlə gedib çıxdılar Mədəniyyət Nazirliyinin biz jurnalistlərə rəva gördüyü o məşhur hostelə. Sonrasını yazmağa gərək yoxdur, məncə…

Gecə saat 2 idi. Avtobusumuz yavaş-yavaş qürub edirdi. Kondisioner və işıqlar söndürülmüşdü ki, akkumlyator ölməsin. Telefonlarımız sönmüş, “pover bank”larımız tükənmişdi. İnternet onsuz da yox idi, yerə düşüb dalğanı tutmaq zorunda idik. Bu arada, xəbər gəldi ki, 6-7 nəfərlik bir qrup piyada düşüb irəli gəlsin. Mədəniyyət Nazirliyinin təmsilçisi, tur rəhbərimiz dedi ki, qabaqda sizi maşınlar gözləyir. Nəyisə, 7 nəfərlik qrupla yola düzəldik. Birimiz əlimizdə ştativ-kamera, birimiz də qucağında uşaqla. 3 kilometrə yaxın yolu sürüşə-sürüşə birtəhər gəlib mənzil başına çatdıq. Gecə saat 3 radələri idi. Bizim qrupu Mədəniyyət Nazirliyinin regional idarəsinin nümayəndələri qarşıladı və təxliyə etdilər. Bizə xüsusi diqqət göstərdilər, rahat yatacaq və yeyəcəklə təmin etdilər.

Avtobusda qalan digər qrupları isə səhər saatlarınadək Gəncə Şəhər İcra Hakimiyyəti rəsmiləri təxliyə etdi. Eşitdiyimə görə, onlara səhər saatlarında yaxşı bir süfrə də təşkil ediblər və daha sonra onları “Sprinter”lə Bakıya yola salıblar.

Bizim qrup isə saat 11-ə kimi idman kompleksində qaldı, avtobusumuzun dağdan düşməsini və bizi Bakıya aparacağını gözləyirdik. Yol qurudu, avtobus gəldi və biz artıq Bakıdayıq…

Gələk mən deyənə…

Bu “festival”ı təşkil edən qurumlara və onlara nəzarət edən icra strukturlarına suallarım var:

– Niyə bu mötəbər tədbiri göydən yerə vurdunuz?

– Niyə üzərinizə götürdüyünüz öhdəlikləri, vəzifələri icra edə bilmədiniz?

– Nə əcəb, yüzlərlə yüksək maaş alan işçilərinizin arasında normal bir təşkilatçılıq qabiliyyəti olan biri belə yoxdur?

– “Festival”da 70 mindən artıq tamaşaçı iştirakının nəzərdə tutulduğunu bəh-bəhlə bəyan etdiyiniz və bildiyiniz halda, nə üçün o dar yollarda bunu təşkil etdiniz?

– Belə bir yol olduğu təqdirdə (torpaq) niyə hava şəraitini öncədən nəzərə almadınız?

– O mal bazarı alverçilərini, küçə dönərçilərini, xəmir yayan bazar arvadlarını, od qiymətinə olan attraksionları kim buraxıb, niyə buraxıb o yaylağa, onlar hansı meyarlarla müəyyənləşib, qiymətləri kim təyin edib?

– “Festival”a xərclənən pulun hesabatı kimdədir, varmı?

– Ən nəhayət, bu biabırçı vəziyyətə görə istefa verməyi düşünürsünüzmü?

P.S Mənə görə, Mədəniyyət Nazirliyi deyilən bir qurum yoxdur artıq. Onsuz da bu nazirliklə heç vaxt yollarım kəsişməyib. Bir dəfə kəsişdi, onu da yerlə bir etdilər. Duyduğum və eşitdiklərimə görə, bu qurum bütün tədbirlərini bu vəziyyətdə həyata keçirir. Ona görə mən bir etiraz əlaməti olaraq bu nazirliyin bundan sonrakı tədbirlərini boykot edirəm.

Deyə bilərsiniz ki, niyə məhz Mədəniyyət Nazirliyi? Axı, “festival” təşkilatçısı kimi daha 5-6 qurum var? Haqlısınız, lakin mən orada Mədəniyyət Nazirliyini tanıyırdım, onların qonağı idim…”

“Report” İnformasiya Agentliyinin əməkdaşı Şəfiqə Nazimqızı:

“II Yaylaq festivalını işıqlandırmaq üçün gedən media nümayəndələrindən biri də mən idim. Hadisələrin şokundan yavaş-yavaş ayılıram.

Yaşananlar o qədər çoxdu ki, hamısını yazmaq mümkün deyil.

Ölkədə 3 qurum, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gəncə Şəhər İcra hakimiyyətinin təşkil etdiyi ölkə səviyyəli festivalın “F”sı belə yox idi.

Hələ yaylağa çatmamış tıxac, oturmağa stol-stulun belə pullu olduğu yerdə bizi gözləyən komediyanın hələ qabaqda olduğun anlamamışdıq.

Dağın başında tədbir keçirirlər və rəsmi şəxslər saat 7-dən sonra çıxış edirlər. Elementar hava proqnozuna görə təşkilatlanmaq məsələsi belə yox idi.

Nazirliyin iki xanım əməkdaşı və 40- yaxın jurnalist palçığın keçilməz etdiyi yolda ac-susuz qaldı. Hələ minlərlə adamın olduğu tədbirdə susuz, iyrənc tualetlərdən danışmıram.

Gecə saat 1-də mən və bir neçə əməkdaş kilometrlərlə piyada yolu gəlib, marşrut tapıb, oradan da taksi ilə pişiklərlə bir yatacağımız hostelə çatmışıq.

18 saatdan çox davam edən (hələ bitməyib) səfər zamanı Mədəniyyət Nazirliyinin öz əməkdaşlarına və jurnalistlərə rəva bildiyi çörək arası xiyar və toyuğun üstündə dağlar aşıb, yollar gəldik.

Qalan qrup isə gecə saatların təxliyə olub və Bakıya gedib”.

APA İnformasiya Agentliyinin müxbiri Nihat Pir:

“Əsrə bərabər gün və ya festival donunu geyinmiş Milli Survivor” adlı yazısını təqdim edir.

“Bilsək, festivala gəlməzdik,

Nazirlik aldatdı bizi” (proloq əvəzi)

Mən bu yazını Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində yerləşən adsız və ucsuz-bucaqsız yüksəklikdən yazıram. Gecə saat ondur və biz – bir avtobus yazıçı-jurnalist dağda naçar bir durumda qalmışıq.

Əvvəlcədən onu qeyd eləməkdə fayda bilirəm ki, bizimlə bərabər avtobusda olan nazirlik nümayəndələrinin sözügedən situasiyada zərrə qədər də günahı yoxdur.

Onlar öz boyunlarına düşən vəzifəni edə biləcəkləri qədər etdilər. Bu məsələdə günahkar, birmənalı olaraq, festivalın təşkilati məsələsində öz adlarını bar-bar bağıran nazirlik və qurumlardır.

Söhbət Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətindən (Düzü, bu icra orqanının adını orada eşitmədim, amma festivalın Gəncədə olması yazıda onların da adlarının çəkilməsinə gətirib çıxarır) gedir. Əziz və hörmətli adlarını çəkdiyim 3 nəhəng qurum, siz bu məsuliyyətsiz və hörmətsiz davranışınız barədə nə düşünürsünüz?

İcazə verin, sizin üzrünüz əməlinizdən betər açıqlamalarınızdan öncə biz danışaq.

Biz – bir avtobus yazıçı-jurnalist sırf sizin bu məsuliyyətsizcəsinə yanaşdığınız tədbiri işıqlandırmaqdan ötrü orada idik. Və bizi oraya dəvət edən də sizsiniz, aparan da. Bəs sual yaranır? Biz – bir avtobus yazıçı-jurnalist niyə gecə saat on ikidə adını və koordinatlarını bilmədiyimiz adsız yüksəklikdə ac, susuz və son dərəcə əsəbi formada günahkar axtarmalıyıq?

Siz öz məsuliyyətsizliyinizi anlamaqda çətinlik çəkirsinizsə, onda yazının bundan sonrakı hissəsini, lütfən, diqqətlə oxuyun:

1. Dağın yaylaq adını verdiyiniz hissəsində qurulan məclisi-ünsünüz, birinci növbədə, sizə “Hava şəraitini nəzərə almaq” siqnalını verməlidir. Necə ki sözügedən situasiyaya səbəb məhz hava şəraiti oldu. Yəni siz – hörmətli yuxarıda adlarını çəkdiyim qurumlar, yağışın yağma ehtimalını nəzərə almalı idiniz. Amma almadınız, bu bir.

2. Festivalın keçirildiyi yaylağın ümumi görünüşündən aydın olur ki, orada festivala qədər təbii ot və torpaqdan başqa nəsə olmayıb. Yəni ən adi çadırdan tutmuş, yola qədər hər şey sırf festival üçün qurulub, tikilib, formalaşdırılıb. Deməli, əziz adlarını yuxarıda çəkdiyim qurumlar, festivalın təmtərağını və gurultu səviyyəsini, ora gələ biləcək nəqliyyat yükünü nəzərə alıb daha yaxşı yol çəkməli idiniz. Amma çəkmədiniz, bu iki.

Əfvinizə sığınaraq qeyd eləməkdə borc bilirəm ki, “daha yaxşı yol” dedikdə dörd zolaqlı asvalt yol nəzərdə tutmuram. Çınqılla kifayətlənmək olardı, ən azından.

3. Əslində, bu hissə ayrıca bir yazı mövzusudur. Amma telefonumun enerjisi və mənim aclıq və susuzluqdan doğan enerjisizliyim sadəcə bir abzasla kifayətlənməyimə səbəbiyyət verir. Festivalın proqramı, ümumiyyətlə, anormal formada hazırlanmışdı. Lap bütün bu anormallıqları qoyaq kənara, nazir və nazir müavini dağın təpəsində keçirilən və media tərəfindən işıqlandırılması nəzərdə tutulan tədbirdə niyə axşam saat 7-də, 8-də çıxış etməlidir? Aydın məsələdir ki, biz – bir avtobus yazıçı-jurnalist sırf sözügedən şəxslərin çıxışını gözləmək və müəyyən sitatlar götürmək üçün orada idik. Yaxşı, axşam saat 8-dən sonra dağın təpəsindən yarım metrə enində yolla və yağışlı havada jurnalist niyə simurq quşuna möhtac bir durumda qalmalıdır ki? Kəsəsi, tədbirdə önəmli çıxışlar maksimum saat 5-ə qədər yekunlaşmalı idi. Amma yekunlaşmadı, bu üç.

4. Yanlış xatırlamıramsa, biz – bir avtobus yazıçı-jurnalist nahar yeməyini saat 5-də yedik. Orada olan jurnalist həmkarlarımdan bizə verilən yarım çörək və döş ətini nahar adlandırdığım üçün dönə-dönə üzr istəyirəm. Və bu abzasda əlavə nəsə yazmağa əlim, dilim və üzüm gəlmir. Belə olmamalı idi. Amma oldu, bu dörd.

5. Öz həyatımızı risk altına alaraq gecə saat on ikidə avtobusdan düşüb tanımadığımız və ömrümüzdə ilk dəfə ayaq basdığımız yollarla sivilizasiya qoxan istiqamətə getməyimizdən, yolüstü maşınlardan biri ilə hostelə gəlib çıxmağımızdan sonra isə gecənin pikini yaşayırıq. Biz – bir avtobus yazıçı-jurnalist üçün hosteldə neçə yer ayrılsa, yaxşıdır? Cəmi-cümlətani 8. Onun 4-ü qadın, 4-ü kişi üçün. Təsəvvür edirsiniz? Sizi and verirəm, bizi ac, susuz və son dərəcə əsəbi formada buraxdığınız dağların yaradınına, bu nə deməkdir? Bu hansı səviyyədə məsuliyyətsizlikdir? Ümumiyyətlə, bunun adı nədir? Bir avtobus jurnalist üçün 8 yer ayrılmasının məntiqli və məntiqsiz izahı nədir? Və bütün bunların yekununda təşkilatçı bizik iddiası nə deməkdir?

Yekunda bir daha təkrar eləmək istəyirəm ki, mən mövcud vəziyyəti anbaan yaşayan biri kimi burada 3 qurumu günahkar bilirəm. Və qətiyyətlə sözügedən qurumların biz – bir avtobus yazıçı-jurnalistdən üzr istəməsini tələb edirəm.

Və ən əsası isə, bundan sonra daha məsuliyyətli olub, heç olmasa, bizi bu cür yerlərə çağırmaqdan çəkinəcəklərinə ümid edirəm. Çünki mənim ikinci belə bir yazı yazmağa həvəsim yoxdur”.

SPACE TV-nin əməkdaşı Könül Aypara:

“Festivalın bərbad təşkilatçılığı bir kənara, hazırda bu statusu qaranlıqda, istidə, yolun ortasında qalmış avtobusda yazıram. 30-dan çox media qurumun, kanalın nümayəndələri, bir qrup tanınmış media adamı əlacsız vəziyyətdə ac-susuz, yuxusuz, saatlardır ki, çöllükdə qalıb. Festivalın gedişatı, vaxtı düzgün planlanmadığından, yol və hava şəraiti nəzərə alınmadığından bizim kimi yüzlərlə insanın da yolda qalmasına səbəb olub. Mədəniyyət nazirliyinin festival təşkilatçılarının məsuliyyətsizliyi ucbatından hazırkı vəziyyət budur”.

Medianews.az-ın baş redaktoru Xəyalə Rəis:

“3 il idi ki, bu günü gözləyirdik. Gədəbəydə keçirilən Yaylaq festivalında hər şey qaydasında və yerli yerində idi. Yaxşı dincəlib, istirahət etmişdik də. Bu dəfə isə daha maraqlı və genişmiqyaslı olacağı gözlənilirdi. Amma və lakin… Olmadı. Məsələ araya qurumların qarışmasında idimi, yoxsa jurnalistlərə dırnaqarası baxdıqları üçünmüydü anlamadıq. İlkin olaraq festivala gecikdik, bizim üçün hazırlanmış proqrama çata bilmədik. Bizdən sonra fəxri qonaqlar gəldiyi üçün başları onlara qarışdı və media nümayəndələri unuduldu.

Hansı nöqteyi-nəzərdən baxsaq da yenə də bu festivalda media nümayəndələrinə qarşı hörmətsizlik edildi. Amma qınağa səbəb olundular və özlərini biabır etdilər.

Media nümayəndələri ekstrimal vəziyyətlərə hazırdılar, ona söz yox, amma burda ekstrimaldan əvvəl hörmətsizlik, sayğısızlıq, proqramsızlıq vardı. Yəni, əzizlərim medianın gücünü “hafife” almaq olmaz. Olmadı da…

Ortada böyük bir əmək var. Amma heyf ki, belə oldu. Mən də bu qədər əməyi 2 metrə qamışa, xiyar, toyuğa qurban verməyi doğru saymayanlardanam. Amma Aygün Muradxanlı demişkən, Qurban olsun, hər şey səmadan görünən Göytürk əlifbasının 4 hərfinə…” (modern.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.