Yeməyi yavaş-yavaş yemək sağlamlığın ən asan yoludur

Tələm-tələsik yemək artıq çəki və xəstəliklərə səbəb olur

“The Independent” yazır ki, yeməyi tələsmədən yavaş-yavaş yeyənlər piylənməyə daha az məruz qalır və metabolik sindroma tutulma riski ilə daha az üzləşirlər.

Yeni elmi-tədqiqatın nəticələrinə görə yeməyi tələm-tələsik yemək qandakı şəkərin miqdarında dəyişkənlik yaradır ki, bu da orqanizmdə insulinə müqavimətin yaranmasına səbəb ola bilər.

Metabolik sindrom – insanın ürək xəstəlikləri, diabet və beynə qan sızması kimi risklərini artıran pozuntuların məcmusu kimi başa düşülür.
Bu hal qarın piylənməsi, qanda şəkərin yüksəkliyi, yüksək qan təzyiqi, triqliseridlərin yüksəkliyi kimi pozuntularla müşayiət olunur.

2017-ci ildə Amerika Ürək Assosiasiyasının Elmi Sessiyasına təqdim olunmuş hesabatda deyilir ki, yeməyi tələsmədən, yavaş-yavaş yemək sağlamlıq və gümrahlığın aşarıdır. Yaponiyadakı Hiroşima Universitetinin tədqiqatçılar qrupu orta yaşları 51,2 olan 642 kişi və 441 qadını müayinə ediblər. Onlardan heç birinin 2008-ci ildə metabolik sindromu yox idi.
İştirakçıları qidalanmalarının sürətinə görə yavaş, normal, sürətlə yeyənlərdən ibarət üç qrupa bölmüşdülər.
Bundan beş il sonra iştirakçılar təkrar müayinə olunmuşdular.

Alimlər aşkar etmişdilər ki, yeməyi tələsik yeyənlər metabolik sindromla üzləşmək şansı (11, 6 faiz) ən çox olanlardır.
Normal sürətlə yeyənlərdə isə bu göstərici 6, 5 faiz idi. Lakin metabolik sindrom riski ən az olanlar yeməyi yavaş yeyənlər idi (2, 3 faiz).

Elmi araşdırmalar bunu da göstərib ki, yeməyi sürətlə yeyənlərdə artıq çəki, bel-qarın nahiyəsinin piylənməsi və qandakı şəkərin normadan artıqlığı kimi hallar daha tez-tez müşahidə olunur.

Məqalədə deyilir ki, yeməyi yavaş yemək və ağızdakı qidanı şüurlu şəkildə yavaş-yavaş çeynəmək beyinə toxluq siqnalının daha tez çatmasına səbəb olur. Bu zaman yeməyi erkən başa vurmaq kimi vərdiş yaranır.

Hiroşima Universitetinin professoru, tibb elmləri doktoru Takayuki Yamaji deyir ki, insan yeməyi yavaş-yavaş yeməklə özünün bütün həyat tərzini yaxşıya doğru dəyişə, ən mühümü isə metabolik sindromun qarşısını ala bilər.

“Adamlar sürətlə yeyəndə nə zaman doyduqlarını bilmirlər və buna görə də qədərindən artıq yeyirlər. Tələskən yemək qandakı qlükozanın dəyişkənliyini artırır və insulinə müqavimət kimi zərrərli bir hal yaradır” – deyib alim./BBC/

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.