Dükan-bazarda son qiymətlər; iqtisadçı rəqəm açıqladı: “Aylıq gəliri 700 manat olan, 4 nəfərdən ibarət ailə 150-200 manat xərcləməli olacaq…”

Yeni təqvim ilini qarşılamağa sayılı günlər qaldı. Əksəriyyət bayram süfrəsi hazırlıqlarına indidən başlayıb. Çünki adəti üzrə hər bayram öncəsi bazar və mağazalarda meyvə-tərəvəzin, ərzaq məhsullarının satışında süni bahalaşma olur.

Bu məqamda qeyd edək ki, bayram ərəfəsində süni bahalaşmanın qarşısının alınması, qiymətlərin tənzimlənməsi üçün paytaxtın müxtəlif ərazilərində, o cümlədən Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeron rayonlarında qış yarmarkaları təşkil edilib. Dekabrın 21-dən start götürən bu yarmarkalarda kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir.

Bəs hazırda bazarda qiymətlər necədir?

Rəsmi statistikaya görə, bu ilin noyabr ayında əvvəlki ayla müqayisədə düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, kolbasa məmulatlarının, südün, pendirin, yoqurtun, kəsmiyin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, bananın, almanın, armudun, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, qəhvənin, çayın, meyvə şirəsinin qiymətlərində bahalaşma, qatılaşdırılmış şəkərli südün, xamanın, portağalın, naringinin, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, balqabağın, yerkökünün, soğanın, kartofun qiymətlərində ucuzlaşma müşahidə olunub.

Hazırda bazardakı qiymətlərə gəldikdə isə öncə onu qeyd edək ki, son vaxtlar alıcılar bazarlardansa daha çox supermarketlərdən alış-veriş etməyi üstün tuturlar. Çünki supermarketlərdə təkcə ərzaq deyil, meyvə-tərəvəzin də qiyməti demək olar ki, bazar qiyməti ilə eynidir, həm də keyfiyyətlidir. Bu səbəbdən hazırda bazarlarda alıcı qıtlığı yaşanır.

Məsələni yaxından araşdırmaq üçün yaxınlıqdakı supermarketə üz tutduq. Məlum oldu ki, bayram süfrəsinin “olmazsa olmaz”ı plov üçün lazım olan düyünün qiyməti hazırda 1,30-5 manat, mal əti 10,50-12 manat, toyuq əti 2-6 manat, hinduşka ətinin 1 kilosu 15 manat, şabalıd 6,5-8 manat, qaysı 8-10 manat, kişmiş 7-13 manat, kərə yağı 15-18 manatdır.

Bayram süfrəsinin vazkeçilməzi olan salatların hazırlanması üçün tələb olunan ərzaqlardan yumurtanın qiyməti 15-25 qəpik, yaşıl noxud 1,8-2 manat, mayonez 0,8 – 2 manat, toyuğun döş əti 2,5 manatdır.  Həmçinin digər ərzaqların qiymətləri aşağıdakı kimidir – xiyar 2-3manat, pomidor 0,80 – 2 manat, kartof 0,7 – 1 manat, soğan 0,50-1,70 qəpik, yerkökü 0,60 – 1 manat, meyvələrdən alma 0,60-2,5 (qızıləhmədi), armud 1,5-3 manat, xurma 0,80-2 manat, üzüm 2-2,5 manat, nar 1,20-1,50 manat arasında dəyişir. Bir daha qeyd edək ki, supermarketlərdəki qiymətlərlə bazardakı qiymətin fərqi çox cüzi, bəzən 10-20 qəpik civarında olur.

Beləliklə, orta statistik ailələr üçün Yeni il süfrəsi neçəyə başa gələcək?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli ile ilgili görsel sonucu

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışdı: “Yeni il süfrəsi hazırlıqları ailələrin gəlir mənbəyinə görə dəyişir. Məsələn, insanlar var ki, buna daha ciddi yanaşır, gəlirləri imkan verir ki, bayram süfrəsinə daha çox pul xərcləsinlər. Hətta Yeni il gecəsi restoranlara üstünlük verir, heç evdə qeyd etmirlər. Amma orta statistik azərbaycanlı ailəsinin gəliri təxminən 700 manat civarındadır. Beləliklə, aylıq gəliri 700 manat olan, 4 nəfərdən ibarət olan ailə bayram bazarlığına təxminən 150-200 manat xərcləməli olacaq. Qeyd edim ki, ötən ilə nisbətən bu il xərclər 4-5% çox olacaq. Çünki rəsmi statistikaya görə, Azərbaycanda ərzaq inflyasiyası 4%-ə yaxın olub. Amma bu, rəsmi statistikadır. Gündəlik alış-verişimizdə bu rəqəmin daha çox olduğunu müşahidə edirik. Ona görə də bu il bayram süfrələrinin orta hesabla 150-200 manata başa gələcəyi ehtimal olunur. Əslində orta statistik ailə üçün bunun özü də böyük yükdür. Çünki gəliri aylıq 700 manat olduğu halda pulun az qala 30%-ni bir gecədə xərcləyən ailələr ay boyu çətinliklə dolanacaq”.

Xalidə GƏRAY

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here