Son zamanlar ərzaq məhsullarının içindən tez-tez təsərrüfat mallarının çıxmasının şahidi oluruq. Məsələn, bu yaxında çörəkdən əlcək barmağı və başqa bir bölgəmizdə şirniyyatın içindən məftil parçası aşkar edildi. Bu isə təbii ki, insan sağlamlığı üçün çox təhlükəlidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az -a açıqlamasında bildirib ki, iyirmi ildən çoxdur onlara insanlar ərzaq məhsulları ilə bağlı şikayət edir:
“İyirmi ildən çoxdur ki, bizim quruma bununla bağlı insanların şikayəti daxil olur. Bizə insanlar tərəfindən nümunələr də gətirilib. Bunların içərisində çörəyin içində bolt, qəndin içində sap, tortun içində dırnaq, çörəyin içərisində siçan quyruğu və s. nümunələr bizə təqdim olunub. Saxlanması mümkün olanları saxlamışıq, saxlanması mümkün olmayanları isə atmışıq”.
Qurum rəhbəri bununla bağlı muzey yaratmağı planlaşdırdıqlarını bildirib:
Bundan sonra Azad İstehlakçılar Birliyi qərar verib ki, bunları müəyyən yerdə saxlasın və yaxın zamanda muzeyin yaratsın. Necə ki, həkimlər böyrək daşlarının muzeyini yaradır, biz də Azərbaycanın əmtəə bazarında xaricdən gələn və antisanitar şəkildə istehsal olunan yerli malların içindən çıxan cismlərin muzeyini yaratmaq fikrindəyik. Burda həmin şirkətlərin adları da qeyd olunacaq”.
E.Hüseynov on il öncə keçirilən sərgidə birinci yeri tutduqlarını qeyd edib:
“On il öncə beş yüz qeyri-hökümət təşkilatlarının sərgisində biz də saxta və təhlükəli mallarla iştirak etdik. Sərgidə təşkilatlar arasında birinci yeri tutduq. ABŞ səfirliyinin pul mükafatına və sertifikatına layiq görüldük. İndi də məqsədimiz bu muzeyi yaratmaqla ərzaq məhsullarının içindən çıxan təsərrüfat mallarının qarşısını almaqdır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here