Bizimsesimiz.info // 15 iyun Yuri Andropovdun doğum günüdür. 

15 il SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən, cəmi 15 ay isə Mərkəzi Komitənin Baş katibi olmuş Yuri Andropovun Sovetlər Birliyinin birinci şəxsi olduğu dövrdəki siyasi fəaliyyətinə verilən qiymət birmənalı olmayıb. Leonid İliç Brejnevin fəaliyyəti nəticəsində yaranmış “durğunluq”dan sonra dövlətin baş kürsüsündə əyləşən Yuri Andropovu bəziləri hətta “yeni Stalin” də adlandırıb. Ancaq bu statusa tam sahib olmaq üçün Andropovun fəaliyyət müddəti imkan verməyib. Baş katib işlədiyi dövr qısa olsa da bu müddət ərzində diqqət çəkən məqamlar az deyil.

Yuri Andropovun uşaqlıq illəri olduqca ağır və çətinliklə keçib. Beş yaşında atasını, on üç yaşında anasını itirən Andropov on altı yaşından əmək fəaliyyətinə başlayıb. Onun ilk işi anbarda yük daşımaq olub.

1939-cu ildən başlayaraq Andropov partiya xətti ilə sürətlə irəliləyib.

Andropovun siyasi fəaliyyətində diqqət çəkən məqamlardan biri onun Macarıstanda səfir işlədiyi dövr olub. Məhz həmin dövrdə Macarıstanda kommunist rejiminə qarşı baş verən üsyanların yatırılmasında Andropov böyük fəallıq göstərib. Belə ki, üsyanların yatırılması üçün sovet qoşunlarının ölkəyə daxil olmasına birbaşa Andropov rəhbərlik edib. Hadisələr zamanı Andropov xidməti maşınında üsyançıların müqavimətinə də rast gəlib. Səfir məcburiyyət qarşısında qalıb avtomobildən düşürək üsyançılardan yaxa qurtara bilib. İki saat piyada getdikdən sonra səfirliyə çatıb. O yol boyu kommunistlərin necə ayaqlarından asıldıqlarının da şahidi olub. Yuri Andropov Macarıstan hadisələri zamanı infarkt keçirib.

Baş katibin birinci nikahından Vladimir adında oğlu olub. 23 yaşına qədər iki dəfə məhkumluq həyatı yaşayan Vladimir azadlığa çıxdıqdan sonra tüfeyli həyat sürüb, içkiyə qurşanıb və 35 yaşında qaraciyər sirrozu xəstəliyindən vəfat edib. Atası oğlunun xəstəliyi dövründə bir dəfə də olsun belə ona baş çəkməyib. Andropov Vladimirin dəfnində də iştirak etməyib. Əsas səbəb isə oğlunun məhkumluğunun Andropovun siyasi karyerasına xələl gətirəcəyi olub.

Yuri Andropovun SSRİ-yə rəhbərlik dövrü bir sıra qalmaqallı kadr dəyişikliyi və həbslərlə də yadda qalıb. SSRİ Daxili İşlər naziri Nikolay Şelokovu öz postundan uzaqlaşdırması, partiya sıralarından xaric edilməsi və sonda nazirin intihar etməsi dövrün ən səsli-küylü hadisələrindən biri idi. Andropov üçün Şelokov hələ onun “milis qiyam”ı etmək istədiyi vaxtdan hakimiyyətdə arzuolunmaz bir fiqur idi. İntihardan bir neçə müddət sonra Şelokovun həyat yoldaşı Baş katibin yaşadığı evin liftində silahdan bir neçə dəfə atəş açmış və sonda özünü güllə ilə öldürmüşdü. Siyasi rəqiblər Andropov və Şelokov Kutuzov küçəsində eyni binada yaşayıblar.

15 aylıq hakimiyyəti dövründə Yuri Andropov 18 naziri vəzifəsindən uzaqlaşdırıb.

Böyük əks-səda doğuran hadisələrdən biri də sabiq Baş katibin qızı Qalina Brejnevanın və həyat yoldaşı general Yuri Çurbanovun həbsləri idi.

Bütün həbslər və kadr islahatları korrupsiyaya qarşı mübarizənin nəticələri sayılırdı. Sovet vətəndaşları cinayətkarlıqla mübarizə baxımından bu hadisələri normal qitmətləndirsələr də, ancaq “Stalin rejimi”nin qayıtması kimi bir xof ciddi narahatçılıq yaradırdı.

Yuri Andropov islahatçı siyasətçi kimi tanınmayıb. O yalnız Brejnev dövründə buraxılmış səhvləri aradan qaldırmağa nail olmaq istəyib.

Brejnevin ölümündən bir neçə gün qabaq Andropov Baş katibi ziyarət edib. Leonid İliç Andropovdan soruşub:

– Yura, məndən sonra partiyanın taleyini kimə etibar etmək olar?

Andropov qətiyyətlə cavab verir:

– Leonid İliç əlbəttə ki, mənə

– Bəlkə xalq sənin arxanca getmədi?

– Onda xalq sizin arxanızca gedəcək.

Andropov ölkədə nizam-intizamın gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirib. Onun rəhbərliyi dövründə insanların getdiyi kütləvi yerlərdə, univermaqlarda, kino-teatrlarda, kafelərdə milislər tərəfindən qəfil yoxlamalar keçirilib. Əgər iş vaxtı kimsə belə yoxlamalar zamanı yaxalanıbsa həmin kəslər haqqında ciddi tədbirlər görülüb. Nizam-intizamın gücləndirilməsi ilə bağlı keçirilən tədbirlərdə alkoqolizmə qarşı mübarizə xüsusi yer tutub. Ancaq buna baxmayaraq yarım litr yerli istehsal olan arağın qiyməti Brejnev hakimiyyəti dövründə 5 rubl 30 qərik idisə, Andropovun dövründə bu qiymət 60 qərik ucuz, 4  rubl 70 qəpik idi.

1979-cu ildə sovet qoşunlarını Əfqanıstana yerləşdirilməsi də Yuri Andropovun təşəbbüsü olub. Bu təşəbbüsdə Ustinov və Qramıko Andropovu dəstəkləyib.

Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyət göstərən məşhur “Alfa” qrupu 1974-cü ildə Andropovun səyi ilə yaranıb.

Bir gün də olsa belə əsgər şineli geyinməyən Yuri Andropov ordu generalı rütbəsini daşıyıb. O, bu rütbəyə görə aldığı pulu uşaq evinə köçürüb.

Digər sovet rəhbərlərindən fərqli olaraq zəngin həyat tərzi keçirməyi sevməyən Baş katib ona verilən bütün hədiyyələri muzeyə bağışlayıb. Vəfat etdikdən sonra ailəsinə Moskvada Kutuzov küçəsindəki mənzilindən başqa heç nə qalmayıb.

Yuri Andropov poeziya həvəskarı olub. Özü də yazdığı bir sıra şerlərini başqa imzalarla dövri mətbuatda çap etdirib.

Öz mürəkkəb xarakteri ilə Kremlin tarixində izlər qoyan Andropov 9 fevral 1984-cü ildə 69 yaşında vəfat edib.

Andropovun matəm mitinqində çıxış etmək Çernenkoya həvalə edilib. Çıxışdan qabaq mikrafonların işləməsini nəzərə almayan Çernenko yanında durmuş Tixonovdan soruşub:

– Şapkalarımızı çıxardaq?

Tixonovun susduğunu görən gələcək Baş katib narazılığını bildirib:

– Yoldaş Tixonov, axı hava soyuqdur…

Beləliklə də Andropovun dəfnində Kreml məmurları şapkalarını çıxartmayıblar…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here