Zərərli qidalar satılır, rəsmilər isə müdaxilə edə bilmir

Bizimsesimiz.info // Son zamanlarda qida zəhərlənmələrinin sayı artıb. Bir müddət əvvəl də Tovuz rayonunda yerləşən şadlıq evlərindən birində kütləvi zəhərlənmə baş verib.

Məsələ ilə bağlı Axar.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin (AİB) sədri Eyyub Hüseynov bunu qanunlarımızdakı müəyyən boşluqlarla əlaqələndirib.

“İki ildir biznes qurumlarına yoxlamalar qadağan olunub. Şadlıq evlərində iş başlayanda dövlət məmurlarının iş vaxtı bitir. Dövlət məmurları iş vaxtından sonra haradasa yoxlama aparsalar, işdən qovula bilərlər. Burada qanun boşluğu var. Mağazalarda təhlükəli bir məhsul satıldığına görə hansısa dövlət orqanına zəng vurub şikayət etsən, deyəcək, şirkətə müdaxilədir. Mənim stolumun üstündə istifadə müddəti bitən “kinder” şokoladları var. Həmin məhsulun satışı və yeri barədə bütün dövlət orqanlarına məlumat vermişəm, lakin heç kəs gedib onu satışdan yığışdırmayıb. Hətta distribüterə dedim, o da tədbir görmədi. Baxmayaraq ki, vaxtı keçmiş məhsulların satışı qadağandır”.

E.Hüseynovun sözlərinə görə, “Qida Təhlükəsizliyi Haqqında” qanunun olmaması zəhərlənmə hallarının tez-tez baş verməsinə gətirib çıxarır:

“Bütün bu işlərdən qayğılanan ölkə prezidenti 13 fevral 2017-ci ildə ayrıca fərman imzalayıb. Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq və bu qurumun gələn ilin əvvəlindən fəaliyyətə başlaması nəzərdə tutulub. Biz həmin agentliyə çox böyük ümid bəsləyirik. Fikrimizcə, bu agentlik fəaliyyətə başlayandan sonra vəziyyət düzələcək.

AİB beynəlxalq qurumlarla fəal iş aparır ki, beynəlxalq təcrübəni tətbiq edək. Çalışacağıq ki, bu agentlik effektiv fəaliyyət göstərən bir quruma çevrilsin. Hazırda belə şikayətlərə Səhiyyə Nazirliyi baxmalıdır. Gedib yoxlasaq, görərik ki, Səhiyyə Nazirliyi həmin obyektlərə gigiyenik sertifikat verib. Guya hər şey yaxşıdır, qaydasındadır. Ancaq əslində elə deyil. Ümumiyyətlə, qanun olmayan yerdə cinayət baş verir. Qidanın təhlükəli olduğunu bilmək üçün apteklərdəki növbələrə baxmaq kifayətdir”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova isə məsələyə bu cür münasibət bildirib:

“Məhsullar ölkəyə daxil olanda yoxlanılır və onlara lisenziya verilir. Zəhərlənmə halları ilə bağlı bizə şikayət daxil olarsa, müvafiq tədbirlər görülür”.

Qeyd edək ki, ötən gün Tovuz rayonunda yerləşən “Turan” şadlıq sarayında zəhərlənmə hadisəsi baş verib. Toy mərasimində iştirak edən 51 nəfərin salatdan zəhərləndiyi bildirilib.

Bu gün isə Bərdədə restoranlardan birində kütləvi zəhərlənmə qeydə alınıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir